Məhkəmə qərarları › İş №2(053)-50/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-50/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-50/2024 15.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, X1 və Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 (on min) manat məbləğində pulun və 120 manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək iddia ərizəsində göstərmişdir ki, Cavabdeh çoxdandır ki, tanıyır. Cavabdeh borc pul üçün ona dəfələrlə müraciət etmiş, lakin onunla razılaşmamışdır. İddiaçı həmçinin qeyd edir ki, ev alğı-satqısı ilə məşğuldur. Cavabdeh axırıncı dəfə ona müraciət edərək bildirdi ki, sən ev alğı-satqısı ilə məşğulsan, satdığın evdən nə qədər qazanc əldə edirsənsə, həmin qazancın üstünə sənə əlavə pul verərəm. Cavabdehə bildirmişdir ki, öz halal zəhmətinə haram qatmaq istəmir. Cavabdeh isə bildirmişdir ki, polis əməkdaşıdır və işinə görə heç kəsi aldatmaz. Beləliklə, cavabdeh ondan 12.000 manat borc pul istəyərək, həmin pulun 5.000 manatını 15 gün müddətində, qalan 7.000 manatını isə tez bir zamanda qaytaracağını vəd etmişdir. Cavabdehlə razılaşaraq birlikdə Neftçala şəhərində yerləşən notariat ofisinə gəlmişlər. 30 aprel 2021-ci ildə orada aralarında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə borc verən borc alana 12.000 manat pul verməyi öhdəsinə götürür. Borc alan isə krediti 30 oktyabr 2021-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin müqavilədə nəzərdə tutulan müddət başa çatdığına baxmayaraq, cavabdeh aldığı 12.000 manatı qaytarmamışdır. Cavabdehin atası və anası dəfələrlə onun (iddiaçının) evinə gələrək and-aman edib xahiş etmişlər ki, onlara möhlət versin, 12.000 manatı qısa zamanda qaytaracaqlar. Lakin borc verilmiş pul məbləği yenə də qaytarılmamışdır. Cavabdehə təklif etmişdir ki, müqavilənin müddəti bitdiyindən ona dəyişiklik etməklə müddətini uzatsınlar. Cavabdeh bununla razılaşmış və yenidən birlikdə notariat ofisinə gedib, 25 oktyabr 2021-ci ildə əvvəlki kredit müqaviləsinə dəyişiklik edərək müqavilənin müddətini 28 fevral 2022-ci il tarixinədək uzatmışlar. Lakin bu müddətin də bitməsinə baxmayaraq, cavabdeh pulu ödəməmişdir. Kredit müqaviləsinin şərtinə görə ödəniş müddətinin keçməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Müqavilənin qeyd olunan şərtinə əməl edərək cavabdehə 12 avqust 2022-ci il tarixdə yazılı bildiriş göndərilmişdir. Bundan sonra cavabdeh ona "xxxx" ASC-nin Neftçala filialı vasitəsilə depozit şəklində hissə-hissə 2.000 manat pul ödəyib. Cavabdehə 15 və 18 avqust 2023-cü il tarixli yazılı bildirişlər göndərilsə də, o, heç bir ödəniş etməyib. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı işin məhkəmə baxışı dövründə iddia ərizəsində göstərdiklərindən fərqli məzmunlu izahatlar vermişdir (məhkəmə iclası zalında quraşdırılmış xüsusi texniki vasitələrlə məhkəmə iclası zalında baş verənlərin hamısının, o cümlədən iddiaçının izahatlarının video-audio yazısı aparılıb). Belə ki, İddiaçı Cavabdeh 12.000 manat miqdarında borc verdiyini şifahi izahatında da bildirdiyinə baxmayaraq, eyni zamanda qeyd etmişdir ki, cavabdehə verdiyi pul məbləğinin 2.100 manatlıq hissəsi ona hər dəfə 700 manat olmaqla 3 dəfəyə “Elmira xala” adlı şəxs vasitəsilə hissə-hissə qaytarılıb. Bununla yanaşı, cavabdeh ona notarius və bank vasitəsilə 13 may 2022-ci ildə 900 manat və 08 iyun 2022-ci ildə 600 manat miqdarında pul ödəmişdir. Eyni zamanda cavabdehin qardaşı Şahid Balaəhməd oğlu ona borc hesabına ümumilikdə 2.550 manat ödəyib. Beləliklə, cavabdeh ona olan borcunun 6.150 manatlıq hissəsini artıq qaytarmış, 5.850 manat borclu qalmışdır. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsinin polis əməkdaşıdır. İddiaçı isə sələmə (faizə) pul verməklə məşğul olur. Təcili pul lazım olduğuna görə əlacsız qalıb iddiaçıdan sələmə (faizə) 12.000 manat miqdarında pul götürmüşdür. Beləliklə, aralarında 30 aprel 2021-ci ildə notariat qaydasında kredit müqaviləsi bağlanmış və iddiaçı ona bank vasitəsilə 12.000 manat köçürmüşdür. Əvvəlcədən aralarında mövcud olmuş razılığa əsasən bankdan götürdüyü 12.000 manatın 2.000 manatını faiz olaraq dərhal iddiaçının özünə qaytarıb. Beləliklə, iddiaçı ona faktik olaraq müqavilədə göstərilən 12.000 manat deyil, 10.000 manat məbləğində borc verib. Borc kimi götürdüyü pulun qarşılığında isə cavabdehə ötən dövrdə ümumilikdə 20.000 manatdan çox pul ödəyib (yuxarıda qeyd olunduğu kimi, 12.000 manat məbləğində pulu bankdan götürdükdən dərhal sonra iddiaçıya 2.000 manat ödəyib). Lakin götürdüyü borcu və iddiaçının ona hesabladığı faizləri razılaşdıqları müddət ərzində ödəyə bilməmişdir. Bu səbəbdən onlar ikinci dəfə 25 oktyabr 2021-ci ildə notariat qaydasında müqavilə bağlamış və kreditin ödənilməsi müddətini 28 fevral 2022-ci il tarixinədək uzatmışlar. Müqavilə bağlanarkən iddiaçı həmin vaxtadək ödənilmiş pul məbləğlərini nəzərə almamış, o, isə məcburiyyət qarşısında qalıb iddiaçı ilə razılaşmışdır. Cavabdeh qeyd edir ki, ötən dövrdə qardaşı Şahid Balaəhməd oğlu bankdan kredit götürərək 10.000 manat borcun qarşılığında iddiaçıya əvvəl 2.550 manat, daha sonra isə 5.000 manat ödəyib. Qeyd olunan 5.000 manatın ödənilməsi həm videoyazı vasitəsilə qeydə alınmış, həm də iddiaçı bununla bağlı yazılı iltizam vermişdir. Daha sonra qardaşı Şahid bank kartı vasitəsilə bankomatdan 1.000 manat çıxararaq iddiaçıya ödəyib. Bununla yanaşı, o, özü qardaşı ilə birlikdə 5.000 manat məbləğində pul düzəldərək iddiaçıya ödəmişdir. Cavabdeh həmçinin qeyd edir ki, ötən dövrdə bir neçə nəfər toplaşıb öz aralarında lotereya oynamışlar. Lotereya pulunu isə “Elmira xala” adlı şəxs toplayırdı. Oynadıqları lotereya pulundan “Elmira xala” onun (cavabdehin) xahişinə əsasən iddiaçıya hər dəfə 700 manat olmaqla 3 dəfəyə ümumilikdə 2.100 manat miqdarında pul verib. Eyni zamanda o, özü iddiaçıya başqa bir vaxtda 1.500 manat miqdarında pul vermişdir. İki dəfə isə iddiaçıya pulu bank vasitəsilə bir dəfə 900 manat, bir dəfə isə 600 manat olmaqla ödəyib. Beləliklə iddiaçıya heç bir pul borcu yoxdur. İddiaçının tələbi isə faktik olaraq onun üzərinə yüklədiyi faiz məbləğidir. Borcu ödədiyi halda iddiaçıya hansı səbəbdən daha yüksək məbləğdə pul verməsinin səbəbinə dair sualı cavablandıraraq cavabdeh işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçı onu həm Neftçala Rayon Polis Şöbəsinin rəhbərliyinə, həm də yuxarı orqanlara şikayət edəcəyi ilə hədələyirdi. İş yerini itirməsin deyə iddiaçının tələbləri ilə razılaşırdı. İndi isə iddiaçının daha yüksək tələblərlə çıxış etdiyini görüb bundan bezikərək onun tələblərini yerinə yetirməkdən imtina edir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid Balaəhməd oğlu cavabdehin onun qardaşı olduğunu bildirmişdir. Qeyd edir ki, qardaşı Cavabdeh pula ehtiyacı olduğuna görə İddiaçı sələmə (faizə) pul istəmişdir. İddiaçı isə sələmə (faizə) pul verməklə məşğul olduğundan bununla razılaşmış və iddiaçı ilə cavabdeh arasında notariat qaydasında müqavilə bağlanmışdır. Bildiyinə görə iddiaçı borc verdiyi və bank vasitəsilə köçürdüyü 12.000 manatın 2.000 manatını qardaşı (cavabdeh) pulu bankdan götürdükdən dərhal sonra faiz hesabına alıb. Beləliklə, iddiaçı cavabdehə 12.000 manat deyil, faktik olaraq 10.000 manat verib. Şahid bildirir ki, qardaşının ağır vəziyyətə düşdüyünü görüb onun faizə götürdüyü pulun bir hissəsini iddiaçıya o (şahid), özü şəxsən və öz vəsaiti hesabına ödəmişdir. Belə ki, "xxxx" QSC-dən kredit götürmüş və götürdüyü kreditinin bir hissəsini təşkil edən 2.550 manatı yaşadıqları evdə, ailə üzvlərinin bilavasitə iştirakı ilə iddiaçıya vermişdir. Bununla yanaşı, "xxxx" ASCdən 5.000 manat məbləğində kredit götürmüş və bu məbləği videoçəkilişlə və iddiaçıdan iltizam almaqla sonuncuya şəxsən vermişdir. Bunlarla yanaşı, iddiaçı ilə Neftçala şəhərindəki «Sarıoğulları» marketin qarşısında görüşmüş və həmin marketin qarşısında yerləşən bankomatdan 1.000 manat məbləğində pul çıxararaq nağd şəkildə bilavasitə iddiaçının özünə vermişdir. Yuxarıda qeyd olunan məbləğlər qardaşının götürdüyü borc hesabına iddiaçıya şəxsən verdiyi məbləğlərdir. Eyni zamanda bilir ki, qardaşı Taleh də iddiaçıya həm bilavasitə, həm “Elmira xala”, həm də bank vasitəsilə dəfələrlə pul vermiş və faktik verilmiş məbləğlər 20.000 manatdan çoxdur. Bir-iki dəfə özü də borcu bağlaması üçün cavabdehə pul vermiş, lakin həmin məbləğlərin iddiaçıya verilməsində şəxsən iştirak etməmişdir. Notariat qaydasında təsdiqlənmiş 30 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi”ndən görünür ki, ««Borc verən» «Borca alana» 12000 manat 00 qəpik (on iki min manat sıfır qəpik) məbləğində borc pul verir. «Borc alan» krediti xx.xx.2021 tarixinədək «Borc verənə» qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. «Borc alan» kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. Bu müqavilə üzrə borc verilən 12000 (on iki min) manat pul vəsaitinin tərəflərdən biri digərinə verilməsi və qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilir. Ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərilməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. «Borc alan» müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir...». İddiaçının cavabdehə yuxarıda qeyd olunan 12.000 manatı bank vasitəsilə ödəməsi iş materiallarına əlavə olunmuş qəbzlə təsdiqlənir. Notariat qaydasında təsdiqlənmiş 25 oktyabr 2021-ci il tarixli «Kredit müqaviləsinə əlavə dəyişiklik»dən görünür ki, 30 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi” üzrə kreditin müddəti 28 fevral 2022-ci il tarixədək müəyyən edilmişdir. İş materiallarına İddiaçı tərəfindən yazılmış və imzalanmış 07 sentyabr 2022-ci il tarixli qəbz əlavə olunub (iddiaçı qeyd olunan qəbzin onun tərəfindən yazılaraq imzalandığını etiraf edir). Həmin qəbzdə İddiaçı Cavabdeh 5.000 manat pulu aldığını qeyd etmişdir. Bununla yanaşı, cavabdeh məhkəməyə kompakt disk təqdim edib. Diskdəki videoyazıdan cavabdehin qardaşı Şahid Balaəhməd oğlunun İddiaçı 5.000 manat miqdarında pul verdiyi, habelə iddiaçının həmin pulu sayaraq qəbul etdiyi görünür. Tərəflər yuxarıda göstərilən qəbzin və videoyazının eyni bir hadisə ilə, yəni cavabdehin qardaşının iddiaçıya borc hesabına 5.000 manat ödəməsi ilə bağlı olduğunu bildirirlər. 13 may 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə iddiaçıya notarius və bank vasitəsilə 900 manat ödəyib. 08 iyun 2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə iddiaçıya notarius və bank vasitəsilə 600 manat ödəyib. İddiaçı tərəfindən məhkəməyə iddiaçının özü ilə cavabdeh arasında müxtəlif vaxtlarda aparılmış telefon danışıqlarının, həmçinin iddiaçının özünün məhkəməyə müraciətinin səs yazısının qeydə alındığı disk təqdim edilib. Diskdəki qeydlər 21 ədəd fayldan ibarətdir. Həmin fayllarda qeydə alınmış danışıqların məzmununda borcun məbləği hallandırılmır, lakin orada iddiaçının cavabdehdən borcu tələb etməsi, cavabdehin isə borcun qaytarılması məqsədilə banka ("xxxx" QSC-yə) kredit götürməsi üçün müraciət etməsini, müraciətinin sənədləşmə mərhələsində olduğunu, yaxın vaxtlarda ona kredit ayrılacağını və tezliklə borcunu qaytaracağını, daha sonra qardaşı Şahid onunla görüşüb hesablaşacaqlarını bildirməsi müəyyən olunur. Qeydə alınmış iddiaçının məhkəməyə müraciəti isə cavabdehlə danışıqlarının 33 ayı əhatə etməsini, borcu cavabdehə qanunauyğun formada dövlət orqanında müvafiq sənədləşmə aparılmaqla verdiyini bildirməsindən ibarətdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Toplanmış sübutlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş müqavilələr və bank qəbzi ilə iddiaçının cavabdehə 12.000 manat miqdarında borc verməsi halı təsdiq olunur. Cavabdeh iddiaçının ona əslində 12.000 manat deyil, 10.000 manat verdiyini bildirdiyinə baxmayaraq, bu halı məhkəmə araşdırması dövründə sübuta yetirə bilməmişdir (şahidin cavabdehlə yaxın qohum olduğunu və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid Balaəhməd oğlunun məhkəməyə bildirdikləri müvafiq halın sübuta yetirilməsi üçün yetərli və mötəbər sayıla bilməz). Beləliklə, iddiaçının cavabdehə notariat qaydasında təsdiqlənmiş müqaviləyə əsasən 12.000 manat miqdarında pul verməsi halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən “Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir”. İddiaçı etiraf edir ki, yuxarıda qeyd olunan 12.000 manatın 2.100 manatlıq hissəsi ona “Elmira xala” adlı şəxs vasitəsilə 3 dəfəyə (hər dəfə 700 manat olmaqla), borcun 2.550 manatlıq hissəsi isə cavabdehin qardaşı Şahid Balaəhməd oğlu vasitəsilə ödənilmişdir (iddiaçının həmin etirafları məhkəmə iclası zalında quraşdırılmış xüsusi texniki vasitələrlə video-audio yazı şəklində qeydə alınıb). Cavabdeh və şahid də yuxarıda göstərilən məbləğlərin iddiaçıya verildiyini bildirirlər. Göstərilənlərə əsasən cavabdehin iddiaçıya “Elmira xala” adlı şəxs vasitəsilə 2.100 manat, habelə Şahid Balaəhməd oğlu vasitəsilə 2.550 manat miqdarında pul verməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bununla yanaşı, iş materiallarına əlavə olunmuş bank qəbzləri, həmçinin iddiaçı ilə cavabdehin bildirdikləri ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan aldığı borc hesabına sonuncuya notarius və bank vasitəsilə 13 may 2022-ci ildə 900 manat, 08 iyun 2022-ci ildə 600 manat ödəyib. Həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi videoyazı ilə sonuncunun qardaşı Şahid Balaəhməd oğlunun İddiaçı 5.000 manat ödədiyi görünür. Qeyd olunmalıdır ki, iddiaçı işin məhkəmə baxışı dövründə yuxarıda göstərilən 2.550 manat və 5.000 manat məbləğləri ilə bağlı ziddiyyətli ifadələr verib. Belə ki, o, əvvəlki məhkəmə iclaslarında cavabdehin ona “Elmira xala” adlı şəxs vasitəsilə 2.100 manat, notarius və bank vasitəsilə ayrı-ayrı vaxtlarda 900 manat və 600 manat, habelə qardaşı Şahid Balaəhməd oğlu vasitəsilə 2.550 manat məbləğində pul ödədiyini bildirdiyinə baxmayaraq, Şahid Balaəhməd oğlunun ona daha 5.000 manat ödədiyini bildirməmişdir. Cavabdehin təqdim etdiyi kompakt diskə məhkəmə iclasında baxış keçirildikdən sonra verilmiş sualları cavablandırmaqdan isə iddiaçı əvvəl müxtəlif üsullarla yayınmış sonra isə həmin suallara məntiqli və inandırıcı cavablar verməmişdir. Məsələn, cavabdehin qardaşı tərəfindən ona 5.000 manat miqdarında pul verildiyi halda, iddiaçının hansı səbəbdən bunu məhkəməyə bildirmədiyinə dair sualı iddiaçı əvvəl cavablandırmaqdan yayınmış, sonra isə bildirmişdir ki, 2.550 manat miqdarı 5.000 manat miqdarına daxildir. Belə olan halda başqa bir sual yaranır. Əgər 2.550 manat ayrıca deyil, 5.000 manatın daxilində verilibsə, hansı səbəbdən iddiaçı öz izahatında 5.000 manatın deyil, 2.550 manatın qaytarıldığını bildirir? Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, iddiaçının məhkəmədə bildirdikləri ilə iddia ərizəsində yazılanlar arasında, habelə iddia ərizəsinin özündə belə mühüm ziddiyyətlər var. Məsələn, iddia ərizəsində verilmiş 12.000 manat borcdan hər hansı məbləğin qaytarıldığı göstərilməyib. Lakin iddiaçı cavabdehdən 12.000 manat deyil, 10.000 manat tələb edir. Eyni zamanda, iddiaçı işin məhkəmə baxışı dövründə müəyyən məbləğlərin ona cavabdeh tərəfindən qaytarıldığını etiraf etdiyinə baxmayaraq, iddia ərizəsində bununla bağlı heç nə göstərməmişdir. Göstərilən məsələlərlə bağlı verilmiş sualları da iddiaçı ağlabatan dəlillərlə izah edə bilməyib. İddiaçının mövqeyində digər əhəmiyyətli ziddiyyətlər də mövcuddur. Cavabdehin və şahidin bildirdiklərini, iddiaçının müvafiq etiraflarını, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş kompakt diskdəki videoyazını, bank qəbzlərini habelə işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya aldığı borc hesabına ayrı-ayrı vaxtlarda ümumilikdə 11.150 manat ödəməsi halı sübuta yetirilmiş sayılmalıdır (2.100 + 900 +600 +2.550 + 5.000 = 11.150). Cavabdeh iddiaçıya digər vaxtlarda 2.000 manat, 1.000 manat, 5.000 manat və 1.500 manat miqdarında pul verildiyini bildirdiyinə baxmayaraq bu halı sübuta yetirməmişdir (yuxarıda qeyd olunduğu kimi, şahidin cavabdehin qardaşı olduğunu və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şahid Balaəhməd oğlunun məhkəməyə bildirdikləri müvafiq halların sübuta yetirilməsi üçün mötəbər sayıla bilməzlər). Beləliklə, iddiaçının cavabdehə 30 aprel 2021-ci ildə 12.000 manat miqdarında borc verməsi, cavabdehin isə həmin borcun 11.150 manatlıq hissəsini iddiaçıya qaytarması halları sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən “Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. İşin faktik hallarından görünür ki, iddiaçı ilə cavabdeh “Kredit müqaviləsi”ni habelə “Kredit müqaviləsinə əlavə və dəyişik”liyi 2021-ci ildə imzalamışlar. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibəti 2021-ci ildə yaranıb. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MMnin müvafiq münasibətlərin hüquqi əsasını təşkil edən 37-ci fəsli 31 mart 2023-cü ildə qüvvəyə minmiş 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verildiyinə baxmayaraq, hazırkı mübahisəyə Azərbaycan Respublikası MM-nin 37-ci fəslinin 2021-ci ildə qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MM-nin 739 və 740-cı maddələrinin 2021-ci ildə qüvvədə olmuş redaksiyasına əsasən: “739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”, “740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır”. İşin faktik hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında 30 aprel və 25 oktyabr 2021-ci ildə bağlanmış müqavilələr həmin dövrün qanunvericiliyinə uyğun forma və məzmunda olub. Məhkəmə yuxarıda qeyd olunan müqavilələrdə borca görə faiz nəzərdə tutulmadığını qeyd etməklə yanaşı, 30 aprel 2021-ci il tarixli müqavilənin aşağıdakı məzmunlu müddəasına da diqqət yetirməyi zəruri sayır. Həmin müddəaya əsasən: “Bu müqavilə üzrə borc verilən 12000 (on iki min) manat pul vəsaitinin tərəflərdən biri digərinə verilməsi və qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilir”. İşin məhkəmə baxışı dövründə iddiaçı müqavilənin yuxarıda göstərilən müddəasını əsas gətirərək borcun cavabdeh tərəfindən notarius və bank vasitəsilə qaytarılmalı olduğunu bildirmişdir. O, eyni zamanda cavabdeh tərəfindən ödənilmiş məbləğlərin əksəriyyətinin notarius və bank vasitəsilə deyil (işdən göründüyü kimi, cavabdeh yalnız 900 və 600 manatı (ümumilikdə 1.500 manat) notarius və bank vasitəsilə qaytarıb), nağd qaydada verildiyini nəzərə alaraq hesab edir ki, müqavilədə nəzərdə tutulan qaydaya riayət olunmadan ödənilmiş həmin pul vəsaitləri borc ödənişinə sayıla bilməzlər. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır və məsələ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin hazırda qüvvədə olan redaksiyasında borcalanın borcu borc müqaviləsində nəzərdə tutulan qaydada borcverənə ödəməli olduğuna dair müddəanın mövcud olmasına baxmayaraq (MM-nin 742.1-ci maddəsi), mübahisəli hüquq münasibətinin yarandığı 2021-ci ildə MM-nin 742-ci maddəsində belə bir tələb olmayıb. Bununla yanaşı, Azərbaycan Respublikası MM-nin 1091-ci maddəsinə əsasən “1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 30 aprel və 25 oktyabr 2021-ci il tarixli müqavilələrdən irəli gələn öhdəliklərin icrası məqsədilə iddiaçıya ümumilikdə 11.150 manat pul ödəyib. Bu məbləğin 1.500 manatlıq hissəsi notarius və bank vasitəsilə, qalan 9.650 manatlıq hissəsi isə nağd şəkildə ödənilmişdir. Ödəniş üsulundan asılı olmayaraq cavabdeh 9.650 manatı da müqavilə öhdəliklərinin icrası məqsədilə ödəmiş, iddiaçı da bu məbləği nağd qaydada qəbul etməklə cavabdehin həyata keçirdiyi ödəniş üsulu ilə faktik razılaşmışdır. Yəni iddiaçı cavabdehin həyata keçirdiyi ödəniş üsuluna etiraz etməməklə bu üsulu faktik olaraq qəbul edib. Belə olan halda iddiaçının dəlili Azərbaycan Respublikası MM-nin yuxarıda istinad edilən 425-ci maddəsində təsbit olunmuş vicdanlılıq prinsipinə mahiyyət etibarilə ziddir və bu dəlilin məhkəmə tərəfindən qəbul edilərək qətnamə çıxarılması iddiaçının əsassız varlanması ilə nəticələnər. Beləliklə, məhkəmə işin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddia qismən, yəni cavabdehin iddiaçıya borclu qaldığı 850 manat hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia qiyməti 10.000 manat, iddianın təmin olunan hissəsi isə 850 manat təşkil edir ki, bu da iddia qiymətinin 8,5 faizidir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən 120 manat dövlət rüsumu ödəyib. Qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 91,5 faizi (109,80 manat) iddiaçının özünə, 8,5 faizi (10,20 manat) isə cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manat 20 (iyirmi) qəpik tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar