Məhkəmə qərarları › İş №2(053)-508/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-508/2023

21.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-508/2023 21.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Neftçala şəhərində, məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(053)-275/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, Cavabdeh himayəsində qalan 20 oktyabr 2007-ci il təvəllüdlü X7 və 16 yanvar 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ərizəsində göstərmişdir ki, Nefçala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(053)-275/2021 saylı qətnaməsi ilə Cavabdeh 20 oktyabr 2007-ci il tarixdə anadan olmuş X7 və 16 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər bir uşaq üçün 110 manat, ümumilikdə isə 220 manat miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində uşaqlar bir az da böyümüş, təbii ki, onların tələbatı da artmışdır. Minimum yaşayış həddi artığı üçün, hazırda 220 manat pul məbləğində ödənilən aliment iki uşağın saxlanmasına, təhsilinə, dünya görüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Uşaqların geyimi və yeməyi, istirahəti və tərbiyəsi tamamilə onun üzərinə düşür. Cavabdeh Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(053)-275/2021 saylı qətnaməsi ilə tutulmuş 220 manat məbləğində alimenti, icra məmurlarına etdiyi şikayətlərdən sonra gecikmələrlə ödəyir. Son zamanlar ümumiyyətlə ödəmir. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin məzmununa uyğun izahat vermişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini, iddiaçının isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, habelə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşdə olan Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(053)- 275/2021 saylı qətnaməsindən görünür ki, X2 Cavabdeh qarşı nikahın pozulması, azyaşlı uşağların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair ərizəsi qismən təmin edilərək, 12 mart 2021-ci il tarixdən başlayaraq 20 oktyabr 2007-ci il tarixdə anadan olmuş X7 və 16 yanvar 2009-cu il tarixdə anadan olmuş X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü Cavabdeh hər ay, hər bir uşaq üçün 110 manat, ümumilikdə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 20 oktyabr 2007-ci il tarixdə anadan olmuşdur. “Doğum haqqında” şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 16 yanvar 2009-cu il tarixdə anadan olmuşdur. “Nikahın pozulması” haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X5 ilə olan nikahı ləğv edilmiş, nikahdan sonra qadına (Ağayeva) soyadı verilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 08 may 2023-cü il tarixli arayışın məzmunundan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 20 oktyabr 2007-ci il təvəllüdlü X7 və 16 yanvar 2009-cu il təvəllüdlü X1 üçün hər ay İddiaçı 220 manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 20 oktyabr 2007-ci il təvəllüdlü X7 və 16 yanvar 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanmalarından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay, hər bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(053)-275/2021 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 20 oktyabr 2007-ci təvəllüdülü X7 və 16 yanvar 2009-cu il təvəllüdlü və X4 yetkinlik yaşlarına çatana kimi saxlanmalarından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay, hər bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumikdə 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar