Məhkəmə qərarları › İş №2(053)-522/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-522/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-522/2023 22.06.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 15 dekabr 2021-ci il tarixli, GTKR4536053A143 nömrəli kredit müqaviləsinə əsasən 2488,19 manat əsas məbləğ üzrə, 243,54 manat faiz üzrə, cəmi 2731,73 manat borc, 12 fevral 2022-ci il tarixli, BRED4798935A143 nömrəli kredit müqaviləsinə əsasən 193,38 manat əsas məbləğ üzrə, 31,28 manat faiz üzrə, cəmi 224,66 manat borc, ümumilikdə 2956,39 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 49,56 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 nömrəli və 12 fevral 2022-ci il tarixli BRED4798935A143 nömrəli kredit müqavilələrinə əsasən cavabdehə kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh 08 may 2023-cü il tarixə İddiaçı ASCyə 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 nömrəli kredit müqaviləsinə əsasən 2488,19 manat əsas məbləğ üzrə, 243,54 manat faiz üzrə, cəmi 2731,73 manat borc və 12 fevral 2022-ci il tarixli BRED4798935A143 nömrəli kredit müqaviləsinə əsasən 193,38 manat əsas məbləğ üzrə, 31,28 manat faiz üzrə, cəmi 224,66 manat, ümumilikdə 2956,39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbardarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmiş və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15 dekabr 2021-ci il tarixli, GTKR4536053A143 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 36 ay müddətinə illik 17% ödəmək şərtilə 3450 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 12 fevral 2022-ci il tarixli, BRED4798935A143 nömrəli nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh – “Borcalan” olmaqla, Cavabdeh 60 ay müddətinə illik 25% ödəmək şərtilə 200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 may 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 nömrəli kredit müqaviləsinə əsasən 2488,19 manat əsas məbləğ üzrə, 243,54 manat faiz üzrə, cəmi 2731,73 manat məbləğində borcu və 12 fevral 2022-ci il tarixli, BRED4798935A143 nömrəli kredit müqaviləsinə əsasən 193,38 manat əsas məbləğ üzrə, 31,28 manat faiz üzrə, cəmi 224,66 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 №-li kredit müqaviləsi və 12 fevral 2022-ci il tarixli BRED4798935A143 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və cərimə məbləğini ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 nömrəli kredit müqaviləsinə əsasən 2488,19 manat əsas məbləğ üzrə, 243,54 manat faiz üzrə, cəmi 2731,73 manat borc və 12 fevral 2022-ci il tarixli BRED4798935A143 nömrəli kredit müqaviləsinə əsasən 193,38 manat əsas məbləğ üzrə, 31,28 manat faiz üzrə, cəmi 224,66 manat borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, “məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 49,56 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15 dekabr 2021-ci il tarixli GTKR4536053A143 nömrəli kredit müqaviləsinə əsasən 2488,19 (iki min dörd yüz səksən səkkiz manat on doqquz qəpik) manat əsas məbləğ üzrə, 243,54 (iki yüz qırx üç manat əlli dörd qəpik) manat faiz üzrə, cəmi 2731,73 (iki min yeddi yüz otuz bir manat yetmiş üç qəpik) manat borc və 12 fevral 2022-ci il tarixli BRED4798935A143 nömrəli kredit müqaviləsinə əsasən 193,38 (yüz doxsan üç manat otuz səkkiz qəpik) manat əsas məbləğ üzrə, 31,28 (otuz bir manat iyirmi səkkiz qəpik) manat faiz üzrə, cəmi 224,66 (iki yüz iyirmi dörd manat altmış altı qəpik) manat borc, ümumilkdə 2956,39 (iki min doqquz yüz əlli altı manat otuz doqquz qəpik) manat borc dövlət rüsumu olaraq ödənilmiş 49,56 (qırx doqquz manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar