Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-525/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2334,13 manat məbləğində əsas borc, 0,56 manat faiz borcu olmaqla, cəmi 2334,69 manat borcun və 43,35 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 21 iyun 2019-cu il tarixli, PFRK0184984A164 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 08 may 2023-cü il tarixə İddiaçı ASC-yə 21 iyun 2019-cu il tarixli, PFRK0184984A164 saylı kredit müqaviləsinə əsasən 2334,13 manat əsas və 0,56 manat faiz olmaqla, cəmi 2334,69 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də məhkəməyə müraciət edilmişdir. İşin məhkəmədə baxılması 22 iyun 2023-cü il tarixə təyin edilmiş, məhkəmə bildirişi, ərizənin surəti iş üzrə Cavabdeh göndərilmiş və cavabdeh tərəfindən 10 (on) iş günü ərzində iddiaya qarşı etiraz daxil olmuşdur. Neftçala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 2(053)-525/2023 saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.4-cü maddəsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti olduğundan iddia ərizəsinə tərəflərin iştirakı ilə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin məhkəmə iclasında iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, lakin Cavabdeh gəlməmiş, məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək işi ilə əlaqədar üzürlü səbəbdən məhkəmə baxışı iclasına gələ bilməyəcəyini, iddia tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2019-ci il tarixli, PFRK0184984A164 saylı güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən sonuncuya (60 ay müddətinə 1 (bir) il güzəşt müddəti ilə), illik 1 faiz dərəcəsi ilə 5725,11 manat qalıq əsas borcunun restrukturizasiyası məqsədilə verilmişdir. İş materiallarına əlavə edilmiş 10 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 08 may 2023-cü il tarixə 21 iyun 2019-cu il tarixli, PFRK0184984A164 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2334,13 manat əsas, 0,56 manat faiz borcu olmaqla, cəmi 2334,69 manat borcu yaranmışdır. Cavabdeh İddiaçı ASC tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etirazın məzmununda aşağıdakılar qeyd olunmuşdur. “İddiaçı “Kapital Bank ASC xx.xx.2023-cü il tarixində Neftçala Rayon Məhkəməsinə müraciət edǝrǝk xx.xx.2019-cu il tarixində mənimlə bağlanmış kredit müqaviləsinə əsasən 2334,13 manat kredit borcun ödənilməsi haqqında iddia qaldırmışdır. 11 iyul 2014-cü il tarixində Kapital Bank ASC ilə mənim aramda 164GKUM141920001 saylı “Kredit müqaviləsi” bağlanaraq 12500,00 (on iki min beş yüz) manat istehlak krediti almışam. 3200,00 manat ödəniş etdikdən sonra iş yerində ixtisara düşdüm ödəniş edə bilmədim. Banka dəfələrlə müraciət etdim ki, müqavilə müddətini uzatsınlar, aylıq ödənişi tam edə bilmirəm. Bank mənimlə razılaşmadı, 360 gündən çox ödəniş edə bilmədim. Həmin bu 360 gün ərzində bank mənə 2036,80 AZN əlavə faiz (dəbbə pulu) cərimə hesablayıb məhkəməyə müraciət etdi. 02 fevral 2016-cı il tarixində Neftçala Rayon Məhkəməsi tərəfindən Bankın xeyrinə 2(53)-143/2016 saylı qətnamə çıxarıldı. 10559,19 manat əsas məbləğ, 2036,80 AZN gecikməyə görə əlavə faiz məbləği, cəmi 12595,99 manat. Qətnamənin icrası olaraq banka olan borcum və 881,65 manat məhkəmə icraçılarının 7% ödənişi əmək haqqıma yönləndirildi. İlk əvvəl 881,65 manat icra ödənişi əmək haqqımdan tutuldu, sonra əsas məbləğdən tutulmağa başlanıldı. 28 fevral 2019-cu il tarixində fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Prezidentin Fərmanı imzalandı. Bankın hüquqşünası Tural müəllim məni banka çağırdı və bildirdi ki, sənin kreditin Prezidentin Fərmanına düşür. İş məhkəmədən geri çağırılacaq. üzərinə gələn faizlər silinərək 1%-lə 5 il müddətinə restrukturizasiya ediləcək. Silinəcək bütün faizlərin 3420,88 manat edir. Mən də razılıq edərək müqaviləni imzaladım. “Unibank” tərəfindən dollar kreditinə görə çağırıldıqdan sonra məlum oldu ki, 3420,88 manat mənim dollar kreditinə görə hesablanmış kompensasiyamdır. Onlar bildirdilər ki, İddiaçıın əməkdaşı səni aldadıb, sənin faizlərini (2036,80) manatı silməyiblər. İddiaçı tərəfindən restrukturizasiya edilən kreditin üzərindən silinən 3420,88 AZN dollar kreditinə görə hesablanan kompensasiyamdır. 02 fevral 2016-cı tarixli məhkəmə qərarına əsasən 360 gündən çox gecikməyə görə hesablanan 2036,80 AZN cərimə faizi isə kreditin üzərindən silinməyib. Bu barədə Bankın əməkdaşları mənim müraciətlərimə cavab olaraq bildirirlər ki, Prezidentin Fərmanı verilənədək sən o kreditin faizlərini ödəmisən. Ona görə də gecikməyə görə hesablanmış 2036,80 manat sənin kreditinin üzərindən silinməyəcək. Onu da qeyd edim ki, 02 fevral 2016-cı il tarixli məhkəmə qətnaməsində elə bir müddəa göstərilməyib ki, ilk əvvəl faizlər ödənilsin sonra əsas məbləğ bütün kredit borclarına nəzər salsaq ödəniş hər ay qrafiklə hər ay həm faizdən həm də əsas məbləğdən silinir. Prezidentin Fərmanının 8.6-cı bəndində bildirilir ki, vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Bankın əməkdaşının verdiyi yalan məlumatlara inanaraq gecikmə günlərinə görə hesablanmış 2036,80 azn əlavə faiz kreditimin üzərindən silinməyərək onun əvəzində dollar kreditinə görə hesablanan 3420.88 manat kompensasiya silinərək 1%-la restrukturizasiya edildi. Bu barədə İddiaçıın Baş ofisinə dəfələrlə şifahi rəsmi müraciət etmişəm, onlar isə bildirirlər ki, Mülki Məcəllənin 432.4-cü maddəsinə əsasən borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mən qanunvericilikdən kənara çıxmıram Prezidentin Fərmanının müddəalarının düzgün icra edilməsini İddiaçıdan xahiş edirəm. Əgər bu kredit Prezidentin Fərmanına əsasən güzəştli şərtlərlə restrukturizasiya edilirsə bəs Fərmanın digər bəndlərinə əsasən kreditin üzərinə gəlmiş əlavə faizlər (2036,80 AZN) niyə silinməsin? Bütün bu yuxarıda göstərdiklərimi nəzərə alaraq İddiaçı ASC xx.xx.2023-cü il tarixli iddia ərizəsinə öz etirazımı bildirirəm. 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanını və Azərbaycan Respublikasının müvafiq qanunlarını rəhbər tutaraq, xahiş edirəm 21 iyun 2019-cu il tarixində İddiaçıla mənim aramda bağlanmış kredit müqaviləsinə dəyişiklik edilsin, kreditin üzərinə gələn 2036,80 manat əlavə cərimə faizin silinməsi barədə mənim xeyrimə qərar çıxarasınız”. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə borclunun üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh verdiyi kredit üzrə borcu və ona hesablanmış faiz borcunu tələb etmək hüququna malikdir. İddiaçı ASC məhkəməyə müraciət edərkən 43,35 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia ərizəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2334,13 (iki min üç yüz otuz dörd manat on üç qəpik) manat məbləğində əsas borc, 0,56 (əlli altı qəpik) manat məbləğində faiz borcu, cəmi 2334,69 (iki min üç yüz otuz dörd manat altmış doqquz qəpik) manat məbləğində pul, habelə məhkəməyə müraciət olunarkən dövlət rüsumu kimi ödənilmiş 43,35 (qırx üç manat otuz beş qəpik) manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-525/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-525/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver