Məhkəmə qərarları › İş №2(053)-542/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-542/2024

27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-542/2024 27.05.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140 manat məbləğində əsas borc və 126 manat məbləğində gecikdirilmiş borca görə hesablanmış cərimə borcu olmaqla, cəmi 266 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala rayonu, şəhəri, M. Qorki küçəsində yerləşən «Loqofon» satış mağazasının sahibidir. ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə «Loqofon» satış mağazası arasında 03 dekabr 2018-ci ildə bağlanmış müqavilə əsasında sonuncuya «XİAOMİ REDMİ 6A» markalı mobil telefon 305 manata satılmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh aldığı malın ümumi dəyəri olan 305 manatı qrafik əsasında 7 (yeddi) ay ərzində - birinci ay 50 manat, ikinci aydan 6-cı ayadək hər ay 45 manat və sonuncu ay 30 manat olmaqla hissə-hissə ödəməsi barədə öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh 03 dekabr 2018-ci ildə 50 manat, 03 yanvar 2019-cu ildə 45 manat, 01 fevral 2019-cu ildə 45 manat və 29 sentyabr 2019-cu ildə 25 manat ödəniş etmiş, 140 manat borclu qalmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı malın borclu qaldığı hissəsini müqavilə şərtlərinə əsasən müntəzəm olaraq ödəməyi, həmçinin ödəmədiyi halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət verilməsini xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə qədər mağazaya olan borcu ödəməmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırılmasına etiraz etmir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə edilmiş telefon zənglərinə və xəbərdarlıqlara baxmayaraq, borcu ödəməkdən yayınmış, ümumiyyətlə mağazaya heç bir məlumat verməmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh mağazanın tələbləri ilə tam razı olduğu, xəbərdarlıq etmədən borcunu gecikdirdiyi təqdirdə hər ay qalıq borcunun 10 faizi miqdarında cərimə ödəməlidir. Cavabdehin aldığı malın pulunu ödəmədiyini görüb onunla dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, ondan borcun ödənilməsi tələb edilmişdir. Lakin o, borcunu qısa bir vaxtda ödəyəcəyini bildirsə də buna əməl etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirməklə borcunu ödəməkdən yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurulmuşdur. 21 dekabr 2023-cü il tarixdə cavabdehə rəsmi xəbərdarlıq göndərilmişdir. Müqavilənin şərtinə əsasən «Alıcı» satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğin hər ay 10 faizi miqdarında cərimə hesablanması nəzərdə tutulsa da, cavabdehin maddi vəziyyəti nəzərə alınaraq ondan cəmi 9 ayın cərimə borcu, yəni 126 manat tələb edilir. Qalan aylar üzrə cərimə borcundan isə imtina edilir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı – «Loqofon» mağazası (İddiaçı) ilə alıcı – Cavabdeh arasında bağlanmış 03 dekabr 2018-ci il tarixli müqavilədən görünür ki, satıcı - «Loqofon» mağazası (İddiaçı) alıcı – Cavabdeh qiyməti 305 manat olan 1 ədəd «XİAOMİ REDMİ 6A» markalı mobil telefonu hər ay hissə-hissə ödəmək şərtilə 7 ay müddətinə satmışdır. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdeh 03 dekabr 2018-ci il tarixli müqavilə üzrə 140 manat ödənilməmiş əsas məbləğ və 126 manat cərimə olmaqla – cəmi 266 manat məbləğində borcu vardır. İş materiallarında olan 21 dekabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı («Loqofon» mağazasına) olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 18 aprel 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 03 dekabr 2018-ci il tarixli müqavilə üzrə 140 manat ödənilməmiş əsas məbləğ və 126 manat cərimə olmaqla – cəmi 266 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 03 dekabr 2018-ci il tarixli müqavilə üzrə 140 (yüz qırx) manat məbləğində əsas borc və 126 (yüz iyirmi altı) manat cərimə olmaqla, cəmi 266 (iki yüz altmış altı) manat, habelə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 296 (iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar