Məhkəmə qərarları › İş №2(053)-548/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-548/2024

13.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-548/2024 13.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh qızının iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 2(053)-1413/2017 nömrəli, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 25 may 2017-ci il təvəllüdlü uşağı X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay tutulan 90 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 21 iyul 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan doğulmuş X5 adlı uşağı var. Ailə münasibətlərinin pozulması səbəbindən cavabdehin iddiası əsasında Neftçala Rayon Məhkəməsinin 2(053)-74/2018 nömrəli, 22 yanvar 2018ci il tarixli qətnaməsi ilə nikahları pozulub. Nikahları pozulmamışdan əvvəl cavabdeh uşağına lazımi qayğı göstərmədiyi üçün ona qarşı alimenet tələbi ilə məhkəməyə müraciət etmiş və Neftçala Rayon Məhkəməsinin 2(053)-1413/2017 nömrəli, 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə oğlu Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 90 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Qeyd edir ki, həmin tarixdən xeyli müddət keçmiş, bu müddət ərzində uşaq böyümüş və təbii ki, onun tələbatları da çoxalmışdır. Cavabdeh tərəfindən ödənilən aylıq 90 manat aliment isə maddi baxımdan uşağın zəruri tələbatlarını belə ödəmir. Uşağı normal geyimlə, zəruri qida və digər vasitələrlə təmin etmək xeyli xərc tələb edir. İşləməməsi, yalnız valideynlərinin maddi dəstəyi ilə yaşamaları, cavabdehin isə əlavə maddi yardım etməməsi səbəbindən uşağı normal saxlamaqda çətinlik çəkir. Ona görə də hazırkı iddia ilə məhkəməyə mürəciət edərək cavabdehdən tutulan alimentin miqdarının artırılıb qanunvericiliyin və dövrün tələblərinə uyğun məbləğdə müəyyən edilməsini istəmişdir. Hazırda isə cavabdehin işləmədiyini və maddi vəziyyətini nəzərə alaraq alimentin miqdarının artırılaraq 160 manat miqdarında müəyyən edilməsinə də razıdır. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda faktiki olaraq işsizdir. Buna baxmayaraq uşağının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment hər ay vaxtlıvaxtında validyenlərinin maddi köməkliyi ilə iddiaçıya ödənilir. Alimentin müəyyən olunmuş məbləğinin artırılacağı təqdirdə həmin məbləğin 160 manat miqdarında müəyyən edilməsini xahiş edir. Qeyd etdiyi məbləğdən artıq miqdarda aliment ödəməsi mümkün olmayacaqdır. Ona görə də maddi imkanı nəzərə alınmaqla iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 25 may 2017-ci ildə X5 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə X3r. Neftçala Rayon Məhkəməsinin 2(053)-1413/2017 nömrəli iş üzrə 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 30 oktyabr 2017-ci il tarixdən başlayaraq 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah pozulmuşdur. Bu barədə 05 mart 2018-ci ildə 11 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Nuriyeva» soyadını qəbul edib. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 1413/2017 nömrəli iş üzrə 04 dekabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 1.920 manat miqdarında müəyyən edir (160 x 12 = 1.920). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 39,20 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 39,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-1413/2017 nömrəli iş üzrə 04 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 25 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar