Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-55/2023 21.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 33.090 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 04 iyun 2021-ci il tarixli əmək müqaviləsinə əsasən, o, cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə cəmiyyət arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin tələblərinə uyğun olaraq tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2, 1.5 və 2.1-ci bəndlərinə əsasən «Satıcı»nın günahı üzündən müəssisəyə dəyən zərərin miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. «Satıcı» ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalıdır. Tərəflər arasında ziyanın ödənilməsi ilə əlaqədar münasibətlər (əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll olunur. Qarşılıqlı razılıqla həll edilməyən məsələlər qanuna müvafiq qaydada həll edilir. Nümayəndə qeyd edir ki, 09 iyun 2021-ci il tarixində, işçi – Cavabdeh eyni tarixli təhvil-təslim aktına əsasən, satmaq məqsədilə İddiaçı MMCdən 144 kisə ammofos, 366 kisə gürcü azotu təhvil almışdır. Lakin, təhvil aldığı məhsulların o gün üçün satılaraq əldə olunacaq 16.500 AZN məbləği və yaxud satılmadığı halda götürdüyü cəmi 510 kisə miqdarında məhsulu geri qaytarmamışdır. 03 noyabr 2021ci il tarixində cavabdeh öz izahatında təhvil aldığı məhsulun dəyərini qısa zamanda ödəyəcəyini bildirsə də, geridə qalan 1 ilə yaxın müddət ərzində 09 iyun 2021-ci il tarixində təhvil aldığı məhsulun dəyərini ödəməmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, onunla İddiaçı MMC arasında 04 iyun 2021-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, o, cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Bununla yanaşı İddiaçı MMC ilə arasında tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Qeyd edir ki, 09 iyun 2021-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktına əsasən iddiaçı tərəfindən ona satılması üçün həqiqətən 144 kisə ammofos, 366 kisə gürcü azotu təhvil verilmişdir. Həmin məhsullar müxtəlif vaxtlarda və müxtəlif şəxslərə satılmışdır. Lakin bəzi maddi problemləri səbəbindən həmin məhsulların pulunu özünün şəxsi ehtiyaclarına sərf etmişdir. Qeyd edilən səbəbdən məhsulların pulunu iddiaçı təşkilata ödəyə bilməmişdir. İddiaçının tələb etdiyi məbləğdə deyil, satdığı məhsulların dəyəri olan 16.500 manat məbləğində pulu iddiaçıya ödəməyə razıdır. Çünki məhsulların cəmi dəyəri qeyd etdiyi məbləği təşkil etmişdir. İddiaçının həmin məhsulların pulunu hazırkı bazar qiymətləri ilə hesablanmaqla ondan tələb etməsini əsassız hesab edir. 16.500 manat pulu isə təxminən 2 ay müddətinə ödəyə bilər. İddia tələbini bu həcmdə qəbul etdiyini qeyd edərək həmin hissədə təmin edilməsini, qalan hissədə isə rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. 04 iyun 2021-ci ildə İddiaçı MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2021-ci il tarixli «tam maddi məsuliyyət haqqında» müqavilənin 2.4-cü bəndinə əsasən «Bu müqavilə üzrə «Satıcı» vurduğu ziyana görə təyinat məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə borcludur». 09 iyun 2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-nin Neftçala rayonu üzrə gübrə satıcısı Fərid Rəhimlinin işdən çıxması ilə əlaqədar, sonuncu tərəfindən 09 iyun 2021-ci il tarixinə məsuliyyətində olan 16.500 manat dəyərində 144 kisə ammofos və 366 kisə gürcü azotundan ibarət gübrə qalıqları yeni təyin olunmuş satıcı X1 təhvil verilmişdir. 03 noyabr 2021-ci il tarixli aktın məzmunundan görünür ki, aktın tərtib edildiyi tarixdə İddiaçı MMC-nin nümayəndələri Namiq Abdullayev, Fuad Həsənov və Neftçala rayonunda satıcı Cavabdeh tərəfindən sonuncunun anbarına baxış keçirilmiş, baxış zamanı 144 ədəd ammofos və 366 ədəd gürcü azotu anbarda aşkar edilməmişdir. Akt İddiaçı MMC-nin nümayəndələri Namiq Abdullayev və Fuad Həsənov tərəfindən təsdiq edilməklə, Cavabdeh tərəfindən təsdiq və qəbul edilməklə imzalanmışdır. 03 noyabr 2021-ci il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı MMC-nin satıcısı Cavabdeh həmin izahatla 144 ədəd ammofosun və 366 ədəd gürcü azotunun dəyərini qısa zamanda ödəyəcəyini bildirmişdir. «Mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Beləliklə, işin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 04 iyun 2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və cavabdeh həmin müqaviləyə əsasən cəmiyyətdə satıcı vəzifəsinə işə qəbul olunmuşdur. Bununla yanaşı, 05 iyun 2021-ci il tarixində İddiaçı MMC ilə Cavabdeh arasında «tam maddi məsuliyyət haqqında» müqavilə bağlanıb. 09 iyun 2021-ci il tarixində işçi Cavabdeh eyni tarixli təhvil-təslim aktına əsasən, satmaq məqsədilə İddiaçı MMC-dən ümumi dəyəri 16.500 manat olan 144 kisə ammofos və 366 kisə gürcü azotunu təhvil almışdır. Həmin məhsullar cavabdeh tərəfindən satılsa da, məhsulların dəyəri cəmiyyətə ödənilməmişdir. Bununla da cavabdeh tərəfindən İddiaçı MMC-yə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən “İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər”. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən “saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda” işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Eyni Məcəllənin 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən “İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir”, “İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən “İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir”, “Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vurduğu zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, vurulmuş zərərin miqdarı müəyyənləşdirilərkən 09 iyun 2021-ci il tarixli təhvil-təslim aktı və iş materiallarına əlavə edilmiş üzləşdirmə cədvəlləri əsas götürülməli, müvafiq məbləğ ziyanın vurulduğu vaxt mövcud olmuş bazar qiymətləri, yəni yuxarıda qeyd edilən sənədlərdə göstərilən 16.500 manat miqdarında müəyyən edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi 189,67 manat ödənilib. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia tələbinin təxminən yarı məbləğdə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş bank xidmət haqqı və dövlət rüsumunun təxminən yarısı iddiaçının özünə aid edilməli, qalan hissəsi isə cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 16.500 (on altı min beş yüz) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 189 (yüz səksən doqquz) manat 67 (altmış yeddi) qəpiyin 94 (doxsan dörd) manatlıq hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş məbləğin qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-55/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-55/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver