Məhkəmə qərarları › İş №2(053)-554/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-554/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-554/2024 11.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək 28 mart 2024-cü ildən hesablanmaqla Cavabdeh 28 sentyabr 2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə olan nikahı Neftçala Rayon Məhkəməsinin 2(053)-963/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə həmçinin cavabdehlə birgə nikahından doğulmuş 28 sentyabr 2016-cı il təvəllüdlü X2 boşanmadan sonra onun yanında qalmasının müəyyən edilməsi, habelə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin onun xeyrinə tutulması qət edilmişdir. Cavabdehin qazancından tutulan alimentin məbləği hər ay 126 manat təşkil edir. Bu isə uşağın normal təminatla saxlanılması üçün kifayət etmir. Üstəlik alimentin ödənilməsində müəyyən qədər gecikmələrdə baş verir. Həmçinin cavabdeh əlavə olaraq uşağa heç bir maddi yardım göstərmir. Ona görə də cavabdehdən sabit olaraq hər ay 235 manat məbləğində aliment ödəməsini tələb edir. Hesab edir ki, cavabdehin qeyd edilən məbləğdə aliment ödəməyə imkanı çatar. Həmçinin bu zaman nəzərə alır ki, ölkədə 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumunun həddi 235 manat müəyyən edilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş X6 iddianı qismən qəbul edərək bildirmişdir ki, hazırda Neftçala Rayon Polis Şöbəsində polis nəfəri işləyir. Aylıq əmək haqqı olaraq 583 manat maaş alır. Əlavə heç bir yerdən gəliri yoxdur. Bu səbəbdən iddiaçının tələb etdiyi məbləğ onun maddi imkanına uyğun deyil. Qeyd edir ki, uşağının saxlanılması üçün aliment ödəməkdən heç vaxt yayınmamış və bu günədək əmək haqqından alimentin tutulması davam etdirilir. İddiaçıya uşağının saxlanması üçün ödədiyi alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsinə də heç bir etirazı yoxdur. Hesab edir ki, iddiaçı aliment tələb edərkən onun maddi durumunu nəzərə almalıdır. Maddi imkanı isə hər ay sabit olaraq 170 manat məbləğində aliment ödəməyə yol verir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 28 sentyabr 2016-cı ildə X7 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə X4r. Neftçala Rayon Məhkəməsinin 2(053)-963/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulması tələbinə dair iddiası təmin edilərək, iddiaçı X8 ilə Cavabdeh arasında 13 sentyabr 2015-ci ildə bağlanmış və həmin tarixdə Neftçala rayonu, Xolqarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akt qeydləri kitabında 13 nömrəsi ilə qeydə alınmış nikahın pozulmuş hesab edilməsi, 28 sentyabr 2016-cı il təvəllüdlü X2 boşanmadan sonra iddiaçı X3 yanında qalmasının müəyyən edilməsi, habelə 28 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikah pozulmuşdur. Bu barədə 14 fevral 2023-cü ildə 08 nömrəsi ilə qeydiyyat aparılıb. Nikah pozulduqdan sonra iddiaçı «Bayramova» soyadını qəbul edib. «İlkin mediasiya sessiyasından (İMS)sonra prosesin davam etdirilə bilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2022-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2022-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 963/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 28 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. İddiaçı alimentin 28 mart 2024-cü il tarixindən hesablanmasını xahiş edir. Məhkəmə həmin məsələyə münasibət bildirərək qeyd edir ki, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.040 manat miqdarında müəyyən edir (170 x 12 = 2.040). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 40,40 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 40,40 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-963/2022 nömrəli iş üzrə 13 dekabr 2022-ci il tarixli qətnaməsinə əsasən 28 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 28 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (yüz yetmiş) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 40 (qırx) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar