Məhkəmə qərarları › İş №2(053)-555/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-555/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-555/2024 20.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından doğulmuş 11 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin 235 (iki yüz otuz beş) manat məbləğinə qədər artırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, cavabdehlə 2010-cu ilin əvvəllərində adəti üzrə ailə qurmuşlar. Nikahları rəsmi olaraq 01 aprel 2010-cu ildə dövlət qeydiyyatına alınmışdır. Cavabdehlə birgə nikahından 11 oktyabr 2010-cu il təvəllüdlü X3 adlı uşağı var. Ailə münasibətləri pozulduğundan nikahları Neftçala Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli qətnaməsi ilə pozulub. Nikah pozulduqdan sonra uşağı onunla qalmışdır. Cavabdehə qarşı aliment tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Neftçala Rayon Məhkəməsinin 01 avqust 2013-cü il tarixli, 2(53)-310/2013 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 11 oktyabr 2010cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün cavabdehdən hər ay 60 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir, Bildirir ki, artıq qızı məktəblidir və onun 13 yaşı var. 2013-cü ildə məhkəmə qətnaməsi ilə təyin edilmiş 60 manat məbləğində aliment uşağın saxlanması üçün yetərli deyil. Uşağın məktəb ləvazimatlarının, geyim əşyalarının, qida məhsullarının alınmasına, tibbi xərcləri və sair tələbatlarının ödənilməsinə 60 manat heç cür kifayət etmir. Əlavə olaraq uşağın məşğələ xərcləri də vardır. Sadalanan tələbatların qarşılanması üçün hər ay 200 manatdan artıq xərci çıxır. İşsiz olduğundan bu aliment məbləği ilə uşağının maddi tələbatlarını tam şəkildə ödəyə bilmir. Zaman keçdikcə uşağın böyüməsi, onun saxlanma xərclərini də gündən-günə artırır. Cavabdeh isə uşağın taleyi, hansı şəraitdə təhsil və tərbiyə alması, problemlərinin olub-olmaması ilə qətiyyən maraqlanmır. O, yalnız 60 manat aliment ödəməklə kifayətlənir. Qeyd edir ki, Cavabdeh Bakı şəhərində yaşayır və işləyir. Birgə yaşadıqları müddətdə cavabdeh «Bakcell» şirkətində işləyirmiş və hər ay 800 manat maaş alırmış. Uzun müddətdir ki, onunla heç bir əlaqəsi olmadığından cavabdehin hazırda harada işləməsi barədə dəqiq məlumatı yoxdur. Lakin icra məmuru tərəfindən ona cavabdehin hazırda rəsmi iş yerinin olduğu bildirilmişdir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbərdar edildiyinə baxmayaraq gəlmədiyini, həmçinin iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 11 oktyabr 2010-cu ildə X3 adlı uşaq doğulub. Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 fevral 2017-ci il tarixli «çıxarış»dan görünür ki, Cavabdeh X4 ilə olan nikahı pozulmuşdur. Qadının nikah pozulduqdan sonrakı soyadı «Əsgərova»dır. İş materiallarına əlavə olunmuş Neftçala Rayon Məhkəməsinin 2(53)-310/2013 nömrəli iş üzrə 01 avqust 2013-cü il tarixli qətnaməsinin nəticəvi hissəsində qeyd olunur: «Alınsın xx xxxx 1988-ci ildə Qazaxıstan Respublikasının Kokçetav vilayətində anadan olmuş Cavabdeh 11 oktyabr 2010-cu ildə doğulmuş Aytac adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində verilsin X2 xeyrinə. Alimentin tutulmasının başlanğıcı 24 iyun 2013-cü il tarixdən hesablansın…». «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2013-cü ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2013-cü illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(53)- 310/2013 nömrəli iş üzrə 01 avqust 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 11 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 180 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün 50 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 2.160 manat miqdarında müəyyən edir (180 x 12 = 2.160). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 41,60 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya ilə bağlı ödənilmiş 50 manat cavabdehdən alınaraq ona verilməli, həmçinin 41,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(53)-310/2013 nömrəli iş üzrə 01 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən 11 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 11 oktyabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 180 (yüz səksən) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya ilə əlaqədar ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 41 (qırx bir) manat 60 (altmış) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar