Məhkəmə qərarları › İş №2(053)-56/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-56/2023

23.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-56/2023 23.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən 16 mart 2022-ci il tarixli 342442-CNS-33392 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Ərizəsi”nə (müqaviləsinə) əsasən 12 oktyabr 2022-ci il tarixinə Banka borclu olduğu 6.945,59 manat məbləğində əsas borc, 641,64 manat məbləğində faiz borcu, 284,80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.872,03 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 99,12 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çox olması səbəbi ilə əlaqədar olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında “Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinə” əsasən xx.xx.2022-ci il tarixli 342442- 3NS-33392 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair Ərizəsi" əsasında oferta aksept qaydalarına uyğun olaraq bağlanılmış müqavilə üzrə illik 23 faiz hesablanması şərti ilə 60 ay müddətinə 7.000 manat məbləğində kredit (“Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumimi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən kredit alanın “cari hesabın”dan “kart hesabı”na köçürülməklə) cavabdehə verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka, ümumilikdə 7.872.03 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir və Bankın borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb qismən təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh arasında 16 mart 2022-ci ildə bağlanmış 342442-3NS- 33392 saylı “Nağd pul krediti” müqaviləsinə əsasən sonuncuya illik 23 faiz hesablanması şərti ilə 60 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir İddiaçı ASC tərəfindən təqdim olunmuş 12 oktyabr 2022-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh 16 mart 2022-ci il tarixli 342442- 3NS-33392 saylı “Nağd pul krediti” müqaviləsi üzrə 12 oktyabr 2022-ci il tarixinə İddiaçı ASC-yə 6.945,59 manat məbləğində əsas, 641,64 manat məbləğində faiz, 284,80 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.872,03 manat məbləğində borcu vardır. Cavabdeh bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, hesablanmış cərimənin miqdarı 20 manat məbləğində müəyyən edilməlidir. İddiaçı ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 99,12 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6.945 (altı min doqquz yüz qırx beş) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borc, 641 (altı yüz qırx bir) manat 64 (altmış dörd) qəpik məbləğində faiz borcu, 20 (iyirmi) manat məbləğində cərimə borcu, habelə məhkəməyə müraciət edilərkən dövlət rüsumu olaraq ödənilmiş 99 (doxsan doqquz) manat 12 (on iki) qəpik tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar