Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-571/2023 31.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 865micSLY/20-EM saylı kredit müqaviləsi üzrə 3782,50 manat əsas məbləğ, 1204,56 manat faiz üzrə, 578,68 manat cərimə olmaqla, cəmi 5565,74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,06 manat məbləğində vəsaitin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəmə elektron sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə iştirakları olmadan baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış 865micSLY/20- EM nömrəli, 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün illik 23% olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış Əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin "Borcalan" tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Bundan başqa cavabdehlər Cavabdeh2, Cavabdeh3 ve Cavabdeh4 865micSLY/20 saylı Zaminlik Müqaviləsini imzalamaqla "Zamin” kimi "Borcalan'ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, "Borcalan"ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşlər. Lakin cavabdeh Müqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə cavabdehlərin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmasına baxmayaraq gəlmədiyini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 865micSLY/20-EM nömrəli 23 sentyabr 2020-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti – “Borcverən” və Cavabdeh1 – “Borcalan” olmaqla, Cavabdeh1 23 sentyabr 2022-ci il tarixədək illik 23% ödəmək şərtilə 8000 manat məbləğində kredit limiti ayırmışdır. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 "xxxx" X1 Səhmdar Cəmiyyətinə 865micSLY/20-EM nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 3782,50 manat əsas məbləğ, 1204,56 manat faiz üzrə, 578,68 manat cərimə olmaqla, cəmi 5565,74 manat məbləğində borcu vardır. Bununla yanaşı, "xxxx" Kommersiya Bankı ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 23 sentyabr 2020-ci il tarixdə Zaminlik müqaviləsi bağlanaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 23 sentyabr 2020-ci il tarixli, 865micSLY/20-EM nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh1 865micSLY/20- EM nömrəli, 23 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən “Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən “Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi huququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər”. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 100 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3782,50 manat əsas məbləğ, 1204,56 manat faiz üzrə, 100 manat cərimə olmaqla, cəmi 5087,06 manat borc "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 70,87 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 3782,50 (üç min yeddi yüz səksən iki manat əlli qəpik) manat əsas məbləğ, 1204,56 (min iki yüz dörd manat əlli altı qəpik) manat faiz üzrə, 100 (yüz) manat cərimə olmaqla, cəmi 5087,06 (beş min səksən yeddi manat altı qəpik) borc və dövlət rüsumu olaraq ödənilmiş 70,87 (yetmiş manat səksən yeddi qəpik) manat pul vəsaiti və 0,40 (qırx qəpik) manat xidmət haqqı iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-571/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-571/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver