Məhkəmə qərarları › İş №2(053)-597/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-597/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-597/2023 01.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq İddiaçı xeyrinə 7101 (yeddi min yüz bir) əsas, 150 (yüz ǝlli) manat əldən çıxmış faydanın və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumunun, mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manatın, cəmi 7344 (yeddi min üç yüz qırx dörd) manat pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh 15 sentyabr 2021-ci il tarixdən İddiaçı MMC-də mağaza direktoru vəzifəsində çalışmışdır. İşlədiyi dövrlərdə işinin mahiyyəti mağazanın fəaliyyətinə nəzarət etmək və maddi məsul şəxs kimi mağazanın mallarına və pul vəsaitlərinə cavabdeh olmaq olmuşdur. İşlədiyi dövrlərdə kassadan müxtəlif vaxtlarda şəxsi məqsədləri üçün vəsaiti xərcləmiş, həmçinin kommunal xərclərin əvəzinə kassadan vəsait götürərək mənimsəmişdir. Özünün də izahatlarından göründüyü kimi şəxs etiraf etmişdir ki, ümumilikdə 7101 manat pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmiş və müəssisəyə ziyan vumuşdur. Cavabdehǝ pretenziya göndərilməsinə və mediasiya prosesində iştirak üçün müraciət olunmasına baxmayaraq o, ümumiyyətlə heç bir tədbir görməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Təqdim edilən əmək müqaviləsinə xitam barədə bildirişdən və əmrdən göründüyü kimi xx.xx.2022-ci il tarixdən cavabdehlə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi Əmək müqaviləsinə xitam Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin nümayəndə X1 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, səhhəti ilə bağlı hərarəti olduğunundan evdə müalicə aldığını qeyd edərək, iş üzrə sübut kimi cavabdehin ərizəsinin surətini ərizəyə əlavə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş cavabdeh məhkəm iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə, cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduqlarına baxmayaraq gəlmədiyini, iddiaçının nümayəndəsinin isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. 26 yanvar 2022-ci il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, «X3” MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən işçinin vəzifəsi Menecer, müqavilə üzrə mağaza müdiri təyin olunmuşdur. 10 oktyabr 2022-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, «X3» MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İddiaçı MMC-nin Nizamnaməsi ilə İddiaçı MMC hüquqi ünvanı: AZ 1080, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1mnamə xx.xx.2021-ci il tarixdə, Vöen: ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış «X2» Cəmiyyətinin adının dəyişdirilərək İddiaçı Cəmiyyəti müəyyən edilməsi ilə əlaqədar 2-ci redaksiya nizamnaməsidir. 29 sentyabr 2022-ci il tarixli yekun aktının məzmunundan görünür ki, aktın tərtib edildiyi tarixdə İddiaçı MMC-nin nümayəndələri Hikmət Əlizadə, İntiqam Şıxıyev, Dağbəyi Məmmədəliyev, Əkrəm Səhifli və Top Supermarketin Sumqayıt filialının müdiri Cavabdeh tərəfindən sonuncunun iş yerinə baxış keçirilmiş, baxış zamanı 996 manat əskikgəlmə qeyd edilmiş, əlavə olaraq öz adına 1660 manat əskik gəlmə və 500 manat Nizami Qafarovun adına pul məbləğinin köçürülməsi aşkar edilmişdir. Akt İddiaçı MMC-nin nümayəndələri Hikmət Əlizadə, İntiqam Şıxıyev, Dağbəyi Məmmədəliyev, Əkrəm Səhifli tərəfindən təsdiq edilməklə, Cavabdeh tərəfindən təsdiq və qəbul edilməklə imzalanmışdır. 03 oktyabr 2022-ci il tarixli izahatın məzmunundan görünür ki, İddiaçı MMC-nin müdiri Cavabdeh həmin izahatla 7101 manat dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. «Mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Beləliklə, işin faktik halları, o cümlədən iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında 15 sentyabr 2021-ci il tarixli əmək müqaviləsi bağlanmış və cavabdeh həmin müqaviləyə əsasən cəmiyyətdə mağaza müdiri vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövrlərdə kassadan müxtəlif vaxtlarda şəxsi məqsədləri üçün vəsaiti xərcləmiş, həmçinin kommunal xərclərin əvəzinə kassadan vəsait götürərək mənimsəmişdir. Özünün də izahatlarından göründüyü kimi şəxs etiraf etmişdir ki, ümumilikdə 7101 manat pul vəsaitini şəxsi məqsədləri üçün istifadə etmişdir. Bununla da cavabdeh tərəfindən İddiaçı MMC-yə maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən “İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər”. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin a) bəndinə əsasən “saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda” işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Eyni Məcəllənin 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən “İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir”, “İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 205-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən “İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir”, “Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər”. Qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən vurduğu zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda istinad olunan 202-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, vurulmuş zərərin miqdarı müəyyənləşdirilərkən iş materiallarına əlavə edilmiş sənədlər əsas götürülməli, müvafiq məbləğ ziyanın vurulduğu vaxt mövcud olmuş bazar qiymətləri, yəni yuxarıda qeyd edilən sənədlərdə göstərilən 7101 manat miqdarında müəyyən edilməlidir Eyni zamanda əldən çıxmış fayda olaraq 150 manat təmin edilməlidr. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən dövlət rüsumu və mediasiya prosesi üçün ümumilikdə 93 manat ödənilib. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. İddia tələbinin əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya prosesi üçün ödənilmiş vəsait və dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 7101 (yeddi min yüz bir) manat, 150 manat əldən çıxmış fayda, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu və mediasiya rüsumu kimi ödənilmiş 93 (doxsan üç) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar