Məhkəmə qərarları › İş №2(053)-607/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-607/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-607/2023 06.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X3, Cavabdeh iştirakı ilə, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı “4.888,70 manat miqdarında ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə vurduğu 4.888,70 manat miqdarında maddi ziyanın əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X10 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan və sahəsi 19,86 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinin 10,86 hektarlıq hissəsi 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan cavabdeh tərəfindən zəbt olunaraq üzərində arpa bitkisi əkilmişdir. Bununla əlaqədar Neftçala Rayon Polis Şöbəsinə şikayətlə müraciət edilmiş və müvafiq araşdırma aparıldıqdan sonra Cavabdeh Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Neftçala Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli hökmünə əsasən Cavabdeh həmin əməlinə görə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bu cəza eyni Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 01 il sınaq müddəti ilə şərti tətbiq olunmuşdur. 25 may 2022-ci ildə bələdiyyənin təşəbbüsü ilə mübahisəli torpaq sahəsinə X18 İnkişaf Mərkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə üzvünün və kənd sakininin iştirakı ilə yuxarıda göstərilən, 3-cü keyfiyyət qrupu və mexaniki tərkibi gilli olan boz çəmən növlü torpaq sahəsinin arpa əkilmiş 10,86 ha hissəsinə baxış keçirilmişdir. Baxış zamanı sahədən hər hektara görə orta hesabla 15 sentner arpa məhsulu (10,86 hektarlıq sahədən ümumilikdə 16,290 kq) alınmasının mümkünlüyü, habelə arpanın hər kiloqramının qiymətinin orta hesabla 30 qəpik olduğu nəzərə alınaraq oradan ümumilikdə götürülməsi mümkün olan məhsulun dəyərinin 4.888,70 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bununla əlaqədar 25 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Bələdiyyə sədri vurğulayır ki, cavabdeh tərəfindən 2021-ci ildə yuxarıda göstərilən sahədə əkilmiş arpa bitkisi 2022-ci ilin biçin mövsümündə cavabdehin özü tərəfindən biçilərək götürülmüşdür. Xol Qarabucaq bələdiyyəsinin 05 yanvar 2023-cü il tarixli iclasında cavabdehin bələdiyyəyə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 10,86 hektarlıq hissəsini qanunsuz əkib-becərməsi müzakirə olunmuş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində bələdiyyəyə vurduğu ziyanın əvəzinin tələb olunması məqsədilə məhkəmədə iddia qaldırılması qərara alınaraq, bu səlahiyyət məhkəmə sədrinə həvalə edilmişdir. Bələdiyyə sədri həmçinin bildirir ki, cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunmuş, lakin o, imtina edərək, bununla bağlı hətta ərizə yazaraq, ondan tələb olunan pulun bir manatını belə ödəməyəcəyini bildirmişdir. Ona görə də Xol Qarabucaq bələdiyyəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə aid olan 19,86 ha torpaq sahəsi 2004-cü ildən 2020-ci ilədək müvafiq icarə müqaviləsi əsasında onun istifadəsində olub. Həmin torpaq sahəsini 2020-ci ilədək tam həcmdə özü əkib-becərmişdir. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra Xol Qarabucaq bələdiyyəsinin hazırda da sədri olan Qismət Qəfərov ona qarşı qərəzli mövqe tutaraq, müxtəlif bəhanələrlə onunla yeni icarə müqaviləsini bağlamaqdan yayınmışdır. Nəhayət, 2020-ci ildə sözügedən torpaq sahəsi hərraca çıxarılmış, bu zaman torpaq sahəsinin 5 hektarı həmkəndlisi X4, 4 hektarı digər həmkəndlisi X5, qalan 10,86 hektar hissəsi isə özü tərəfindən hərrac yolu ilə qalib gəlməklə əldə edilmişdir. Qeyd edir ki, sonradan hərrac yolu ilə əldə etdiyi və faktik istifadəsində olan 10,86 hektar torpaq sahəsinə 2021-ci ildə arpa bitkisi əkmişdir. Həmin torpaq sahəsinin o qədər də məhsuldar olmaması ilə yanaşı, 2021-ci ildə baş verən su qıtlığı səbəbindən əkin sahələrinin suvarılmasında böyük çətinliklər yaranmış və nəticədə məhsuldarlıq kifayət qədər aşağı düşmüş və demək olar ki, heç bir qazanc əldə edə bilməmişdir. Buna baxmayaraq bələdiyyə sədri tərəfindən ondan torpaqdan istifadəyə görə böyük həcmdə haqq tələb edilməklə qərəzli münasibətlər davam etdirilmişdir. Bunun nəticəsi olaraq hüquq mühafizə orqanlarına edilmiş şikayət əsasında ona cinayət işi açılmış və sonda müvafiq məhkəmə hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinərək şərti cəzaya məhkum olunmuşdur. Torpaq sahəsi hazırda da onun istifadəsindədir. Bu il də həmin torpaq sahəsini əkmiş, lakin yenə də heç bir məhsul əldə edə bilməmiş və nəticədə hər hansı bir qazancı olmamışdır. Qeyd edir ki, ondan tələb edilən maddi ziyan da düzgün hesablanmamışdır. Bələdiyyə sədri əksər icarədarlardan aldığı rüşvət müqabilində onlardan icarə haqqını aşağı məbləğdə təyin etdiyi halda, ondan daha çox miqdarda icarə haqqı və maddi ziyan tələb etməklə ona qarşı olan qərəzli münasibətini dəyişmir. Ona rüşvət verməyənlərin isə aqibəti onun kimi olur. O, torpaq sahələrinin hərracının təşkili işlərinə də müdaxilələr edərək, onun hərracda iştirakına müxtəlif üsullarla maneələr törədir. Bu məsələlərdə ondan da 1.000 manat rüşvət tələb edilmiş, yalvar-yaxar etdikdən sonra bələdiyyə sədrini əvəz edən müavini ilə 700 manatla razılaşmışlar. Xahiş edir ki, bu məsələlər də məhkəmə tərəfindən araşdırılsın. Bundan başqa, mütəxəssisin iştirakı ilə tərtib edilmiş aktla da razılaşmır. Həmin akt onun üçün kifayət qədər şübhə doğurur. Belə ki, akt mütəxəssis tərəfindən sahəyə baxış keçirmədən tərtib edilmişdir. Digər tərəfdən bu məsələ ilə əlaqədar Neftçala Dövlət X15 müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan 10,86 ha torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixdə onlar tərəfindən hər hansı bir baxış keçirilməmiş və ziyanın müəyyənləşdirilməsi barədə heç bir sənəd tərtib edilməmişdir. Ona görə də bu aktı və aktda qeyd edilənləri qanunsuz və əsassız sayır. Aktla bağlı onu da bildirir ki, hətta mütəxəssis Vidadi Bağırovun özü ondan xahiş etmişdir ki, bu məsələ ilə əlaqədar şikayət etməsin. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfin vəsatəti əsasında işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi sədrinin müavini X6 ifadəsində bildirmişdir ki, bələdiyyə sədri barəsində cinayət işi başlanması və bir müddət sədrin öz vəzifəsindən kənarlaşması səbəbindən bələdiyyə sədri vəzifəsini müvəqqəti olaraq o (şahid), icra edib. Bu müddətdə Cavabdeh bələdiyyə torpaqlarından qanunsuz istifadə etdiyinə görə iddiada qeyd olunan torpaq sahəsinin kənd sakinləri olan Vətən Müharibəsi qazilərinə verilməsi qərara alınmışdır. Bu barədə Cavabdeh özünə də məlumat verilmişdir. Payız mövsümündə işdə olarkən Cavabdeh tərəfindən həmin torpaq sahəsində əkin işlərinin aparılması barədə ona məlumat verildiyi üçün sahəyə getmiş və cavabdehin qardaşı Şirin Əmrahovla birlikdə traktor vasitəsilə sahədə əkin işlərinin aparılmasının şahidi olmuşdur. Yaxınlaşaraq onlara öz iradını bildirmiş, sahənin Vətən Müharibəsi qazilərinə verildiyini təkrarən bildirərək, əkin işlərini dayandırmalarını tələb etmişdir. Buna baxmayaraq, onlar tələbə məhəl qoymayaraq əkin işlərini davam etmişlər. Bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət edərək, cavabdehin bələdiyyə torpağını qanunsuz olaraq zəbt etməsi və həmin sahədə əkin işləri aparması barədə məlumat vermişdir. Rayon prokuroru cavabdehi dəvət edib onunla söhbət apardıqdan sonra cavabdehə müqavilə bağlaması üçün şərait yaradılmalı və ödəniş etməsi üçün müəyyən möhlət verilməli olduğunu ona bildirmişdir. Bundan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh yenə də müqavilə bağlamadan və heç bir ödəniş etmədən torpaqdan qanunsuz istifadəni davam etdirmişdir. İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq X6 bildirmişdir ki, Cavabdeh onun barəsində dedikləri şər və böhtandır. Cavabdeh heç vaxt rüşvət tələb etməyib və almayıb. Bələdiyyə ilə icarə müqaviləsi bağlamayan, hətta torpaq vergisini belə ödəməyən cavabdehin kiməsə rüşvət verməsi məntiqli sayıla bilməz. 25 may 2022-ci il tarixli aktla bağlı məsələlərin araşdırılması məqsədilə dəvət olunmuş mütəxəssis – X18 X2 sektorunun müdiri X11 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ali təhsilli aqronom olmaqla ixtisası üzrə 30 ilə yaxın təcrübəyə malikdir. Qismət Qəfərovun müraciətinə əsasən 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinə məxsus olan 10,86 hektarlıq ərazidə əkilmiş arpa sahəsinə bələdiyyə sədrinin, bələdiyyə üzvünün və kənd sakininin iştirakı ilə baxış keçirmişdir. Şəxsən öz iştirakı ilə yerində keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, ərazi boz çəmən növünə aid olmaqla, mexaniki tərkibinə görə gillidir və 3-cü keyfiyyət qrupuna aiddir. Metodiki normalara uyğun aparılmış baxış zamanı və çoxillik təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, əkin sahəsinin hər hektarından orta hesabla 15 sentner arpa məhsulu alınması mümkündür. Arpa məhsulunun 2022-ci il üzrə hər kiloqramının qiymətinin 30 qəpik olması nəzərə alınaraq riyazi hesablama aparılmış və beləliklə, sahənin ümumi məhsuldarlığının 16.290 kq olması, toplanacaq məhsulun qiymətinin isə 4.888,70 manat təşkil etməsi müəyyən olunmuşdur. Mütəxəssis verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, hal-hazırda (ilin indiki vaxtında) sahəyə baxış keçirməklə məhsuldarlığı müəyyən etmək mümkün deyil. Belə ki, məhsuldarlığı müəyyən etmək üçün konkret torpaq sahəsində bitkinin çıxışının mövcud olması vacib şərtdir. Təhlil zamanı bitkinin bir kvadrat metrdə sıxlığı və s. bu kimi vacib əlamətlər nəzərə alınır. Hətta eyni torpaq sahəsində belə məhsuldarlıq ildən ilə fərqlənə bilər ki, bu da iqlimlə yanaşı bitkiyə göstərilən aqrotexniki qulluq və s. amillərdən asılıdır. 25 may 2022-ci il tarixində Xol Qarabucaq bələdiyyəsinə məxsus 10,86 ha torpaq sahəsinə baxış keçirildiyi vaxt orada arpa bitkisi mövcud olub. Bu səbəbdən də baxış zamanı sahənin məhsuldarlığı ilə bağlı yekun qənaətə gəlmək mümkün olmuşdur. Arpa bitkisi bir qayda olaraq payız fəslinin sonunadək, gecikdikdə isə dekabr ayının əvvəlində əkilir və növbəti ilin ən geci iyun ayında biçilir. Hazırda arpa bitkisinin çıxışı (cücərtisi) yoxdur. Bu səbəbdən əgər indi sahəyə baxış keçirilsə belə, məhsuldarlığın necə olacağını müəyyən etmək mümkün olmayacaq. 25 may 2022-ci il tarixli aktla bağlı məsələlərin araşdırılması məqsədilə dəvət olunmuş X18 İnkişaf Mərkəzinin nümayəndəsi – hüquq və kadr məsələləri üzrə böyük məsləhətçi-hüquqşünas X8 bildirmişdir ki, həmin akt X18 X2 sektorunun müdiri X7 mütəxəssis qismində iştirakı ilə tərtib edilmişdir. Aktla tanış olub. Həmin aktda qeyd olunmuşdur ki, 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və kənd sakininin, habelə mütəxəssis Vaqif Bağırovun iştirakı ilə Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olmaqla, 3-cü keyfiyyət qrupuna aid olan, mexaniki tərkibi gilli, boz çəmən növlü torpaq sahəsinin arpa əkilmiş 10,86 hektarlıq hissəsinə baxış keçirilmiş, baxış zamanı əkilmiş sahənin hər hektardan 15 sentner məhsul verə biləcəyi müşahidə edilmiş və 10,86 hektar sahəyə görə ümumilikdə 16,290 kq arpa məhsulunun əldə edilə bilməsinin mümkünlüyü, habelə hər kiloqramının qiyməti 2022-ci il üçün orta hesabla 30 qəpik götürülməklə hesablanması yolu ilə ümumi məhsuldarlığın qiymətinin 4.888,70 manat təşkil etməsi müəyyən edilmişdir. Aktın mötəbərliyini və orada qeyd edilənlərin həqiqətə uyğun olmasını şübhə altına alacaq hər hansı bir məqam və ya əsas yoxdur. Belə ki, Vidadi Bağırov sahə üzrə ali təhsilə və bu sahədə uzun müddətli yüksək təcrübəyə malik olan bir mütəxəssisdir. X21 X15 rəsmi müraciət olmadan hər hansı bir fiziki şəxsin və ya hüquqi şəxsin, eləcə də dövlət orqanlarının müraciəti əsasında aidiyyəti məsələlərlə bağlı əkin sahələrinə baxış keçirməsi, bitkilərin inkişafı baxımından vəziyyəti, məhsuldarlığı və s. göstəricilərinə dair apardığı müayinə və müşahidələri əsasında rəy bildirməklə müvafiq akt tərtib edilməsində iştirak etməsi qanunauyğundur. İdarənin öz sahəsində kifayət qədər təcrübəsi olan əksər əməkdaşlarına, o cümlədən Vidadi Bağırova kənd təsərrüfatı sahəsində mütəxəssis kimi iştirak etmələrinə heç bir məhdudiyyət qoyulmur. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi, şahidi, mütəxəssisi və X18 İnkişaf Mərkəzinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasına əsaslanaraq məhkəmə qeyd edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla müəyyən olunur ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan və sahəsi 19,86 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına həmin torpaq sahəsinə aid “Torpaq sahəsinin planı və ölçüsü” əlavə olunub. İş materiallarına Neftçala Rayon Məhkəməsinin 1(053)-32/2022 nömrəli cinayət işi üzrə 06 iyul 2022-ci il tarixli hökmünün surəti əlavə olunur. Həmin hökmlə aşağıdakılar müəyyən edilib: “Cavabdeh 2021-ci ilin noyabr ayında günü istintaqa məlum olmayan tarixdən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı 5,0 hektar və 5,86 hektar olmaqla, ümumi sahəsi 10,86 hektar torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı bitkiləri əkib qulluq edib becərməklə torpaq sahəsini özbaşına tutmuşdur”. Cavabdeh göstərilən əməlinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu cəza eyni Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 01 il sınaq müddəti ilə şərti tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən «Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir». Yuxarıda göstərilən sənədləri nəzərə alıb, prosessual qanunvericiliyin istinad olunan müddəasının tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, 19,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olması, həmin sahənin 10,86 hektarlıq hissəsinin Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında özbaşına tutularaq, orada kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib, becərməsi halları sübuta yetirilmiş sayılmalıdır. X18 X2 sektorunun müdiri X11, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X10, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin üzvü X9 və Xol Qarabucaq kənd sakini X4 tərəfindən 25 may 2022-ci ildə tərtib edilmiş aktın məzmunundan görünür ki, həmin şəxslər tərəfindən Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 10,86 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olması və orada arpa əkildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmçinin «müəyyən olundu ki, həmin əkilmiş arpa sahəsi 15 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 10.86 ha x 15 sentner = 16.290 kq. 16.290 kq x 0.30 man = 4.888.70 man. Sahənin məhsuldarlığının qiyməti 4.888,70 man. təşkil edir. Aktın doğru olduğunu imzamızla təsdiq edirik». Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X18 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh 15 avqust 2023-cü ildə 30 nömrəsi ilə aşağıdakı məzmunda arayış verilib: “X18 İnkişaf Mərkəzi (Neftçala DAİM) Sizin 04 avqust 2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, Sizin istifadənizdə olan 10,86 hektar torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixində tərəfimizdən baxış keçirilməmişdir və dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair heç bir sənəd tərtib edilməmişdir. Bununla yanaşı bildirmək istərdik ki, Neftçala DAİM-in bitkiçilik üzrə mütəxəssisinin vətəndaş müraciəti əsasında əkin sahəsinə baxış keçirməsi və bu barədə mütəxəssis rəyi tərtib etməsi, habelə bir neçə şəxsin iştirakı ilə müvafiq aktın tərtib olunması istisna olunmur”. Yuxarıda göstərilən aktın sübut növü kimi mötəbərliyi məsələsinə münasibət bildirərək məhkəmə yuxarıda göstərilən sənədlərin məzmunu ilə yanaşı X18 İnkişaf Mərkəzinin nümayəndəsinin və mütəxəssisin işin məhkəmə baxışı zamanı bildirdiklərini də nəzərə alır. X18 İnkişaf Mərkəzinin nümayəndəsi işin məhkəmə baxışı zamanı bildirmişdir ki, aktı mütəxəssis qismində imzalamış X18 X2 sektorunun müdiri X11 aidiyyəti sahə üzrə ali təhsilə malik olmaqla yanaşı, uzun müddətli və yüksək təcrübəyə malik mütəxəssisdir. X21 X15 rəsmi müraciət olmadan hər hansı fiziki və ya hüquqi şəxsin, eləcə də dövlət orqanlarının müraciəti əsasında aidiyyəti məsələlərlə bağlı əkin sahələrinə baxış keçirməsi, bitkilərin inkişafı vəziyyətinə, məhsuldarlığına, habelə s. göstəricilərinə dair apardığı müayinə və müşahidələri əsasında rəy bildirməsi və akt tərtib etməsi qanuni olmaqla yanaşı, buna Mərkəz tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Vidadi Bağırovun təhsili və iş təcrübəsi nəzərə alınmaqla 25 may 2022-ci il tarixli aktda qeyd edilənlərin həqiqətə uyğun olmasını şübhə altına ala biləcək hər hansı bir məqam və ya əsas yoxdur. X18 X2 sektorunun müdiri X11 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, halhazırda, yəni ilin indiki vaxtında bitkinin çıxışının mövcud olmaması səbəbindən sahəyə baxış keçirməklə məhsuldarlığı müəyyən etmək mümkün deyil. 25 may 2022-ci il tarixində isə iddia ərizəsində göstərilən torpaq sahəsində arpa bitkisi mövcud olmuş, sahəyə baxış zamanı orta məhsuldarlığı müəyyən etmək mümkün olmuşdur. X1 baxış keçirmədən rəy verdiyinə dair cavabdehin məhkəməyə bildirdikləri işin məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Qeyd olunur ki, yuxarıda göstərilən 10,86 ha sahədə hazırda arpa bitkisinin çıxışının mövcud olmaması, habelə iqlim, aqrotexniki qulluq və s. amillərdən asılı olaraq məhsuldarlığın ildən ilə fərqli ola bilməsi səbəbindən hazırkı iş üzrə məhkəmə baxışı dövründə müvafiq məsələ ilə bağlı tədqiqat aparılması lüzumsuzdur. X18 İnkişaf Mərkəzinin nümayəndəsinin, həmin Mərkəzin Bitkiçilik sektorunun müdirinin bildirdiklərini və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 25 may 2022-ci il tarixində tərtib olunmuş aktın faktik vəziyyətə uyğunluğunu şübhə altına almaq üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə 25 may 2022-ci il tarixli aktı iş üzrə mötəbər sübut kimi qəbul edir. Beləliklə, Cavabdeh Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 10,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq orada arpa bitkisi əkib-becərməsi, həmin fəaliyyəti nəticəsində 2022-ci ilin müvafiq dövründə orta hesabla 16.290 kq arpa məhsulu əldə etməsi sübuta yetirilmiş sayılmalıdır. Qeyd olunur ki, 25 may 2022-ci il tarixli aktda 1,0 kq arpanın dəyərinin 0,30 manat olması nəzərə alınaraq 16.290 kiloqram arpanın qiymətinin 4.888,70 manat təşkil etdiyi qeyd olunmuşdur. Əslində isə 16.290 rəqəmini 0,30 rəqəminə vurduqda 4.888,70 deyil, 4.887 rəqəmi alınır (fərq 1,7 manat). Məhkəmə aktda yol verilmiş bu hesab səhvini texniki səhv kimi qiymətləndirir. Göstərilənlərə əsasən Cavabdeh yuxarıda göstərilən fəaliyyət nəticəsində 4.887 manat miqdarında gəlir götürdüyü və ya götürməli olduğu müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir» Beləliklə, iddiaçı Xol Qarabucaq bələdiyyəsi Cavabdeh 4.887 manat miqdarında pulun tutulmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4.887 (dörd min səkkiz yüz səksən yeddi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar