Məhkəmə qərarları › İş №2(053)-625/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-625/2023

18.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-625/2023 18.07.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1.170,24 AZN əsas və 83,68 AZN cərimə üzrə borc olmaqla, ümumilikdə 1.253,92 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 32,95 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında 31 yanvar 2020-ci il tarixli ******* nömrəli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən «Bu müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açılmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə haqq ödəməyi öhdəsinə götürür». Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci bəndinə əsasən müştəri tərəfindən «Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir». İddiaçı tərəfindən açılmış hesab üzrə Cavabdeh tərəfindən 11 fevral 2023-cü il tarixində, 5243 75** **** 2052 nömrəli plastik kart üzrə ümumilikdə 1.253,92 AZN məbləğində texniki overdrafta yol verilmiş, lakin sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Bu günkü günə cavabdehin iddiaçı qarşısında 1.253,92 AZN məbləğində texniki overdraft üzrə icra edilməmiş öhdəliyi vardır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" KB ASC-in öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən «Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir». Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən «Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir». Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən «Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər». Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən «Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır». Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən «İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir». Məhkəmə, iddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı «borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 31 yanvar 2020-ci il tarixli ******* nömrəli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında yuxarıda qeyd olunan müqavilə bağlanmış, cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə sonuncunun bank qarşısında 5243 75** **** 2052 nömrəli plastik kart üzrə overdraft borcu yaranmışdır. İş materiallarında olan 11 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" KB ASC-yə 1533ovBANK/21 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 1.170,24 AZN, cərimə üzrə borcu 83,68 AZN olmaqla, cəmi 1.253,92 AZN məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır…». Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh 31 yanvar 2020-ci il tarixli ******* nömrəli plastik kartlarla xidmət göstərilməsi haqqında müqavilə və 1533ovBANK/21 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" KB ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış cərimələri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən «Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir». Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən «Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilə üzrə cərimə borcu 20 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 1.170,24 manat məbləğində əsas məbləğ üzrə və 20 cərimə üzrə borc olmaqla, cəmi 1.190,24 manat borc "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman bank xidmət haqqı ilə birlikdə ödəmiş olduğu 32,95 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.170 (bir min bir yüz yetmiş) manat 24 (iyirmi dörd) qəpik əsas məbləğ üzrə, 20 (iyirmi) manat cərimə üzrə borc olmaqla, cəmi 1.190 (bir min bir yüz doxsan) manat 24 (iyirmi dörd) qəpik borc və bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat 95 (doxsan beş) qəpik pul vəsaiti iddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar