Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-636/2023 15.08.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Rəhmanov Elxan Abbasağa oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 23 avqust 2017-ci il tarixli, 2(053)-1002/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsi və cavabdehdən 17 mart 2015-ci il tarixdə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində, keçmiş hərbi hissənin yerləşdiyi yerə yaxın ərazidə olan fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşayır. 2013-cü ildə hərbi hissədə xidmət edən, Masallı rayonunun Alışanlı kəndindən olan Cavabdeh ilə tanış olmuşdur. Onunla 1 il müddətində ünsiyyəti və əlaqələri davam etdirmişdir. Sonra Röyal hərbi xidmətini bitirib, tərxis olunaraq evlərinə qayıtmışdır. Bir müddət sonra isə, yəni 2014-cü ilin fevralında Röyal Bankə qəsəbəsinə gələrək evlənmək məqsədilə onu özü ilə Masallı rayonuna atası evinə aparmışdır. 1 ay sonra orada onların toy mərasimi olmuşdur. Toydan sonra 1 il müddətində qaynatasıgildə yaşamışlar. Daha sonra gedib 8 ay Bakı şəhərində kirayədə yaşamışlar. Rəsmi nikaha daxil olmamışlar. 17 mart 2015-ci ildə Röyalla olan faktiki nikahından Hüseyn adlı uşağı doğulmuşdur. Uşaq doğulduqdan sonra da cavabdeh onunla rəsmi nikah bağlamaqdan yayınmışdır. Qeyd edilən səbəblərə görə 2015-ci ilin axırlarından cavabdehdən ayrılaraq ata evinə qayıtmışdır. 2017-ci ildə cavabdehə qarşı «atalığın müəyyən olunması və aliment tələbinə dair» iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 23 avqust 2017-ci il tarixli, 2(053)- 1002/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdehin 17 mart 2015-ci ildə doğulmuş Hüseyn adlı uşağın atası olması müəyyən edilmiş, həmçinin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən 100 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. O, 100 manat məbləğində alimenti hal-hazıra kimi alır. Lakin həmin vaxtdan artıq 6 il keçmiş, inflyasiya nəticəsində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri kifayət qədər artmışdır. Cavabdehin ödədiyi 100 manat məbləğində aliment uşağın maddi tələbatlarını ödəməməklə yanaşı, onun normal saxlanması üçün kifayət etmir. Özü heç bir yerdə işləmir və hər hansı bir gəliri də yoxdur. Yalnız valideynlərinin maddi köməkliyi sayəsində birtəhər dolanırlar. Qeyd edir ki, cavabdeh fərdi əmək fəaliyyəti ilə, xüsusən də ticarətlə məşğuldur. Lakin cavabdehin gəlirləri barədə rəsmi sənəd təqdim etməsi onun üçün mümkünsüzdür. Müvafiq məhkəmə qətnaməsi ilə 6 il əvvəl təyin edilmiş alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək, hər ay 220 manat miqdarında müəyyən edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək alimentin qismən artırılmasına razı olduğunu, bir uşağa görə 130-150 manat civarında aliment ödəməyə imkanı çatdığını və maddi vəziyyəti ilə əlaqədar olaraq məhkəməyə gələ bilmədiyini qeyd edib, alimentin qismən artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılıb, qətnamə çıxarılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 17 mart 2015-ci ildə X2 adlı uşaq doğulub. Neftçala Rayon Məhkəməsinin 2(053)-1002/2017 nömrəli iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 17 mart 2015-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş Hüseyn adlı uşağın atası olması müəyyən edilmiş, həmçinin Cavabdeh 17 mart 2015-ci ildə doğulmuş Hüseyn adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2017-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2017-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 1002/2017 nömrəli iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 17 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-1002/2017 nömrəli iş üzrə 23 avqust 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın və 17 mart 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı Nizami qızına ödənilsin. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-636/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-636/2023
15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver