Məhkəmə qərarları › İş №2(053)-636/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №2(053)-636/2025

04.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 2(053)-636/2025 04.04.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı aliment həcminin azaldılması və uşaqla görüş tələbinə dair iddia ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, yeni ailəsindən 2 uşağının olması nəzərə alınaraq cavabdehə ödənilən aliment həcminin azaldılması və cavabdehlə olan oğlu Muradla görüş və bayramlarda, ad günlərində onunla qalması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2, 149.2.3 və 149.2.4-1-ci maddələrinə əsasən iddia ərizəsində «iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları)», «iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb», «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat» göstərilməlidir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən «İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır». «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.2-ci maddəsinin tələbinə görə ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1.2 və 26.1.4-cü maddələrinin tələblərinə görə “valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası”, habelə “uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası” ilə bağlı olan (ailə münasibətləri ilə bağlı olmaqla bunlardan irəli gələn) «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası MPM-nin 150.1.7-ci maddəsinə əsasən iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd» əlavə edilir. İlk növbədə qeyd olunur ki, iddiaçı özünün və cavabdehin şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) iddia ərizəsində ümumiyyətlə göstərməmişdir. Bununla yanaşı, iddia ərizəsində cavabdehin ünvanı kimi «Salyan rayonu, Aşağıkürkənd kəndi» göstərilsə də, «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, cavabdeh əslində «Neftçala rayonu, Şorkənd kəndi»ndə qeydiyyatdadır. İddia ərizəsində iddiaçının və cavabdehin yaşayış yeri və ya olduğu yerin (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanın) göstərilməsi, həmçinin onların şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərilməsi qanunvericiliyin tələbi olduğundan, bu tələbə riayət edilməlidir. Lakin, göründüyü kimi iddiaçı mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə riayət etməmişdir. Bundan başqa iddiaçı öz ərizəsində iddia tələbini tam göstərməmişdir. Belə ki, iddia ərizəsində iddiaçı tərəfindən aliment məbləğinin azaldılması tələb edilsə də, məbləğ göstərilməmiş, habelə ərizənin məzmununda mediasiya prosesi zamanı cavabdehin uşaqla ünsiyyət olması barədə razılaşdığını göstərməsinə baxmayaraq, həmin barışıq sazişi ərizəyə əlavə olunmamış, iddiaçının uşağı ilə görüşməsini istədiyi gün və vaxtlar, eləcə də bayram günləri qeyd edilməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, Neftçala Rayon Məhkəməsinin 2(053)- 1029/2024 nömrəli iş üzrə 28 avqust 2024-cü il tarixli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Muradova (Məhərrəmova) Reyhan Camal qızına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılıb. Həmin mülki işin materiallarında saxlanılan barışıq sazişindən görünür ki, qarşılıqlı razılığa əsasən 16 iyul 2020-ci il təvəllüdlü X8 ilə hər həftənin bir günüdə X3 atası X2 ilə əlaqə saxlamaqla İddiaçı Muradağa oğlu, X7 və X1 ilə ünsiyyətdə olmağına X5 razılıq vermişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməli olduğu halda, həmin tələbə də riayət etməmişdir. Eyni zamanda qeyd olunur ki, təqdim edilmiş iddia ərizəsində iddiaçı bir iddia ərizəsində aliment məbləğinin azaldılması və uşaqla ünsiyyət tələbi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunur ki, aliment məbləğinin azaldılması tələbi ilə uşaqla ünsiyyət tələbi birbiri ilə əlaqədar olmayan tələblərdir və həmin tələblərə birlikdə baxıla bilməz. Belə ki, tərəflərin arasında uşaqla ünsiyyətlə bağlı barışıq sazişinin mövcud olduğunu nəzərə alaraq, iddiaçı aliment məbləğinin azaldılması ilə bağlı iddia icraatı qaydasında məhkəmədə ayrıca iddia qaldırmalı, habelə barışıq sazişinin təsdiq edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət etməli və hər bir tələb üzrə ayrı-ayrılıqda qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Göründüyü kimi, ərizə bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilməklə verildiyindən onun məhkəmə icraatı mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən «İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür». Həmin Məcəllənin 152.1.1, 152.1.6-1 və 152.1.7-ci maddələrinə əsasən «iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə», ««Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə», «bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə» hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.2-ci maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır». Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən «İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur». Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266 – 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment həcminin azaldılması və uşaqla görüş tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar