Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-600/2025 02.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması və uşaqla ünsiyyət tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2272/2023 saylı qətnaməsi ilə ondan Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün tutulmalı olan alimentin miqdarı azaldılaraq bir uşaq üçün hər ay 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat və ona övladları ilə hər həftənin şənbə günü səhər saat 9:00-dan hər həftənin bazar günü axşam saat 22:00-a kimi (şənbə günü gecə qalmaq şərti ilə) uşaqlarla görüş hüququ verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə el adəti ilə toy edərək, birgə nikaha daxil olmuşlar. Rəsmi nikahları xx.xx.2013-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində 479 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşlar. xx.xx.2023cü il tarixdə cavabdeh uşaqları götürərək, ata evinə qayıtmış və bundan sonra ona qarşı aliment və uşaqların himayəyə verilməsi tələbinə dair iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2272/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, uşaqların cavabdehin himayəsində saxlanılması və ondan cavabdehin xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında alimentin tutulması qət edilmişdir. Lakin o, hazırda xəstədir və heç yerdə işləmir. Təsadüfi deyil ki, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən də azad edilmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-2272/2023 saylı qətnaməsi ilə təyin edilmiş 360 (üç yüz altmış) manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də, hesab edir ki, alimentin məbləği azaldılaraq bir uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı, cavabdeh onun uşaqlarla görüşməyinə maneə yaradır və o, ata kimi onlarla ünsiyyətdə olmaq, onların qayğılarına qalmaq hüquqlarından məhrum edilmişdir. Buna görə də, hesab edir ki, ona hər həftənin şənbə günü səhər saat 9:00-dan hər həftənin bazar günü axşam saat 22:00-a kimi (şənbə günü gecə qalmaq şərti ilə) uşaqlarla görüşmək imkanı yaradılmalıdır. Mübahisəni cavabdehlə məhkəməyə qədər mediasiya qaydasında həll etməyə çalışsa da, mübahisənin həlli mümkün olmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, alimentin azaldılmasını və uşaqla görüş istəyir. Əsas istəyi uşaqla görüşdür. İddianın alimentlə bağlı olan hissəsi marağında deyil. Hazırda əsas istədiyi uşaqlarını görməkdir. Başqa əlavəsi yoxdur. İş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon məhkəməsinin 2(067)-2272/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 18 iyul 2023-cü ildən başlayaraq İddiaçı hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. - Xaçmaz RİH-nin Qəyyumluq və Himayəçilik komissiyasının rəyindən müəyyən olunur ki, İddiaçı övladları - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun verilməsini məqsədəuyğun hesab edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 hazırda cavabdehin yanında olmaqla, onunla birgə yaşayır. Həmçinin, iddiaçının övladları ilə görüşməsinə müəyyən çətinliklər və maneçilik mövcuddur. Tərəflər uşaqlardan ayrı yaşayan valideynin birgə nikahdan olan övladları ilə ünsiyyət saxlanması ilə bağlı razılığa gələ bilməmişlər. Cavabdeh uşaqların atası ilə görüşməsinə mane olur. Həmçinin, məhkəmə araşdırması zamanı, uşaqlarından ayrı yaşayan valideynin uşaqlarla ünsiyyət saxlamasının, uşağın fiziki, psixi sağlamlığına, onların əxlaqi inkişafına xələl gətirməsinə əsas verən hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və (və ya) 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia alimentin azaldılması hissəsində əsassızdır. - Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. - 50.1.-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. - 50.2.-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. - 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. - 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. - 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. - 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən oluumuş qaydada məsuliyyət daşıyırlar. - 61.1.-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. - 61.2.-ci maddəsinə uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. - 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarı məhkəmələrə tövsiyə olunmuşdur ki, “Valideyn və digər qohumların uşaqlarla ünsiyyət hüquqlarına dair mübahisələrə baxılarkən valideynlər arasında və yaxud valideynlə digər qohumlar arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafeləri, eləcə də yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla həll edir.” Həmin Qərarada qeyd olunmuşdur ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdır ki, uşaqla olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: - 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. - 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. - 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Eyni zamanda, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 11490-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarına əsasən, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. Məhkəmə hesab edir ki, tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında saziş olmadığından və tərəflər valideynlik hüququnun həyata keçirilməsinə dair öz aralarında razılığa gələ bilmədiklərindən, iddiaçı övladı ilə ünsiyyətdə olmasının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Tərəflər arasında valideynlik hüququnun həyata keçirilməsi, habelə müddəti məhkəmə tərəfindən müəyyən edilərkən, birgə nikahdan olan uşağa münasibətdə iddiaçının cavabdeh ilə bərabər hüquqlu olması və sair hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı atalıq hüququndan məhrum edilməmiş, onun övladları üzərində atalıq hüququnu həyata keçirmək hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının konstitusion hüquqları bərpa edilməli və onun övladları ilə ünsiyyətdə olma hüququ qismən təmin edilməlidir. Beləliklə, məhkəmə, qəyyumluq və himayəçilik orqanı komissiyasının rəyini nəzərə alaraq, iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı və İddiaçı övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 16:00-dək olmaqla ünsiyyət vaxtı müəyyən edilməli, ünsiyyət yeri isə İddiaçı yaşadığı ünvan müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qətnamə ilə müəyyən edilən ünsiyyət qaydası tərəfləri uşağın mənafeyi və konkret şərait (məsələn, qətnamə ilə müəyyən edilən vaxtlarda, müddətdə və qaydada ünsiyyətin bu və ya digər səbəbdən mümkün olmaması və s.) nəzərə alınmaqla könüllü olaraq fərqli ünsiyyət qaydası müəyyən etmək hüququndan və imkanından məhrum etmir. Çünki, əgər valideyn olaraq hər ikisi uşağın mənafeyini düşünürsə, onların mənafeyinə öz şəxsi hislərindən yaranan səbəblərə görə zərər vurmamalıdırlar. Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Hazırki halda uşaqların yaşını, iddiaçı və cavabdehin yaşayış yerlərini nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən qaydada görüş vaxtının müəyyən edilməsi uşaqların mənafeyinə uyğundur. Bununla belə, hazırki mübahisəli münasibətlərin davam edən xarakterə malik olduğunun nəzərə alınaraq, gələcəkdə, uşaq daha sərbəst olduğu yaş dövrünə çatandan sonra iddiaçı bu məsələ ilə əlaqədar tələblərini müvafiq qaydada əsaslandırmaqla, yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. İddiaçı övladları - xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X3 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 16:00-dək ünsiyyətdə olma vaxtı (görüşmək qaydası) ünsiyyət yeri İddiaçı yaşadığı ünvan olmaqla müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-600/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-600/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması - Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver