Məhkəmə qərarları › İş №2(053)-637/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-637/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-637/2024 13.06.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu, İddiaçı Cavabdeh qarşı «Borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı «Borc» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 818 manat məbləğində əsas borc, 490,80 manat məbləğində cərimə borcu, habelə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.338,80 manatın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «İNDESİT» satış mərkəzi ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən ona ümumi qiyməti 1.248 manat dəyərində “Samsung 43 Smart televizor” satılmışdır. Cavabdeh aldığı malın ümumi dəyərindən asılı olaraq 11 ay müddətində hər ay 104 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ödənişlər gecikdirildiyi halda gecikdirilmiş aylar üçün malın ödənilməmiş hissəsinin 10 faizi miqdarında aylıq cərimə hesablanmalıdır. Cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyərək ödəniş etməmiş, borcunu qaytarmamış və beləliklə də onunla bağlanmış alğı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona telefon zəngləri ilə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, borcunu ödəməkdən yayınmış, ümumiyyətlə heç bir məlumat verməmişdir. Nəticədə mağazaya maddi ziyan vurulmuşdur. Müqavilənin 1-ci şərtinə əsasən alıcı satılan əşyanın qiymətini müqavilədə nəzərdə tutulan müddətdə ödəmək öhdəliyini icra etmədikdə hər gecikdirilən ay üçün malın ödənilməmiş hissəsinin 10 faizi miqdarında aylıq faiz hesablanması nəzərdə tutulmuşdur. Lakin cavabdehin maddi vəziyyəti nəzərə alınaraq ondan cəmi altı aya görə hesablanmış 490,80 manat məbləğində cərimə tələb edilmiş, qalan aylar üzrə cərimə borcundan isə imtina edilmişdir. Cavabdehin hal-hazırda iddiaçı qarşısında əsas borcu 818 manat və müqavilənin şərtlərinə əsasən hesablanmış altı aylıq cərimə borcu 490,80 manat olmaqla, ümumilikdə 1.308,80 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı «Borc» tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Mülki Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq «bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək» hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı – «İNDESİT» satış mərkəzi (İddiaçı) ilə alıcı – Cavabdeh arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixli «Məişət və elektrik avadanlığı» müqaviləsindən görünür ki, satıcı – «İNDESİT» satış mərkəzi (İddiaçı) tərəfindən alıcı – Cavabdeh qiyməti ümumilikdə 1.248 manat olan televizoru hər ay 104 manat ödəmək şərtilə 12 ay müddətinə nisyə satılmışdır. İş materiallarında olan Maliyyə və ödəniş cədvəlindən görünür ki, «alıcı» Cavabdehnın 27 sentyabr 2022-cü il tarixli müqavilə üzrə 818 manat ödənilməmiş əsas məbləğ və 486 manat cərimə olmaqla, cəmi 1.304 manat məbləğində borcu vardır. İş materiallarında olan 15 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı («İNDESİT» satış mərkəzinə) olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 06 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən əlavə dövlət rüsumu olaraq 4 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 57 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 27 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 818 manat ödənilməmiş əsas məbləğ və 57 manat cərimə olmaqla, cəmi 875 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddia tələbinin əsas etibarı ilə təmin olunduğunu nəzərə alaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27 sentyabr 2022-ci il tarixli müqavilə üzrə 818 (səkkiz yüz on səkkiz) manat ödənilməmiş əsas məbləğ, 57 (əlli yeddi) manat cərimə, cəmi 875 (səkkiz yüz yetmiş beş) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 905 (doqquz yüz beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar