Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-64/2025 09.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş 20.300 manat miqdarında ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 20.300 manat miqdarında pulun və 150,90 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, təsərrüfatında olan 43 baş qoyunları və 35 baş keçiləri çətinlik çəkdiyi üçün həmkəndlisi olan Cavabdeh hər ay zəhmət haqqını verməklə saxlamağı təklif etmişdir. Mehmana təklifini bildirəndə Mehman da onunla razılaşmışdır. Mehmanla zəhmət haqqını hər baş heyvanın saxlanılması üçün aylıq 3 manat olmaqla, 78 baş heyvanın saxlanılmasına görə zəhmət haqqı olaraq hesablanan aylıq 234 manat pulun dəyərində Mehman ona məxsus Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən mağazasından ərzaq məhsulları götürəcəyi ilə razılanmışlar. Özünə məxsus 78 baş heyvanları saxlanılması üçün təxminən 2022-ilin yanvar ayında Cavabdeh təhvil vermişdir. Mehmana 2022- ci ilin yanvar ayından 2023-cü ilin dekabr ayının sonuna kimi həmin heyvanların saxlanılması məqsədilə ödədiyi puldan əlavə hər ay heyvanların yemini də vermişdir. Həmçinin hər 10 gündən bir heyvanlara gedib baxaraq nəzarət etmiş, hər ay heyvanlara baxmaq məqsədi ilə Mehmanın yaşadığı evə getmişdir. Mehman heyvanları ona say etibabarı ilə yerində olduğunu göstərmişdir. 2023-cü ilin dekabr ayının sonunda Salyan şəhərində yaşayan kürəkəni X1 ilə birlikdə 10 baş xırda buynuzlu heyvanı satmaq məqsədilə Mehmandan təhvil almaq üçün gəldikdə heyvanların orada olmadığını, başqa şəxslərin heyvanlarının onun həyətində olduğunu görmüşdür. Bu zaman ona məlum olmuşdur ki, Mehman ona baxması üçün verdiyi heyvanları satmış və o, heyvanları satdığını bilməsin deyə başqa şəxslərə məxsus heyvanları öz həyətinə gətirərək ona göstərmişdir. Heyvanları Mehmandan tələb etdikdə ona 6 baş xırda buynuzlu keçi qaytarmışdır. Mehman qalan heyvanların hamısını satmışdır. Mehman onu aldadaraq satdığı 43 baş qoyunun hər birinin qiyməti 350 (üç yüz əlli ) manat olmaqla, ümumilikdə 15.050 (on beş min ǝlli) manat, 35 baş keçinin hər biri 150 (yüz əlli) manat olmaqla ümumilikdə 5.250 manat, cəmi 20.300 (iyirmi min üç yüz) manat dəyərinə olan onun heyvanlarını qaytaracağına söz versə də hər dəfə onun müxtəlif bəhanələrlə aldatdığını görüb, bu barədə Neftçala Rayon Polis Şöbəsinə şikayət ərizəsilə müraciət etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və həmin iş tamamlanaraq Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh cinayət əməli subuta yetirilərək onun barəsində Neftçala Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə hökm çıxarmış, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azdlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. Ona görə də mülki icraat qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçı göstərilənləri nəzərə alaraq iddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımı məlumat verilmiş cavabdeh gəlməmiş, lakin məhkəmənin 27 noyabr 2024-cü il tarixli etap qərarına əsasən onun 20 dekabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirakı təmin edilərək ərizəsi alınmış və o, ərizəsində növbəti məhkəmə iclasında iştirakı olmadığı halda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdeh (məhkum) Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh işin məhkəmə hazırlıq iclası zamanı iddianı qəbul edərək bildirmişdir ki, iddiaçının şikayəti əsasında başlanmış cinayət işi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. İddiaçı olan borcunu etiraf edir. Ona 20.300 manat borcu vardır. Həbsdən azad olduqdan sonra iddiaçıya olan borcunu qaytaracaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, cavabdehin iddiaya qarşı etirazının əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidirlər. Neftçala Rayon Məhkəməsinin 1(053)-34/2024 nömrəli iş üzrə 03 iyul 2024-cü il tarixli hökmündə məhkəmənin müəyyən etdiyi hallar kimi aşağıdakılar qeyd olunur: “Bundan başqa Cavabdeh, təkrarən 2022-ci ilin yanvar ayından, günü istintaqa məlum olmayan tarixdən 2023-cü ilin dekabr ayının sonuna, günü istintaqa məlum olmayan tarixə kimi olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, tanışı İddiaçı hər biri 350 manat dəyərində olmaqla 15.050 manat dəyərində olan 43 baş qoyununu, hər biri 150 manat dəyərində olmaqla 5.250 manat dəyərində olan 35 baş keçisini çoban kimi saxlayaraq baxacağına dair yalan vəd verib inandırmaqla onun ümumilikdə 20.300 manat dəyərində, xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir”. Həmin cinayət əməlinə görə Ağayev X2 Rayon Məhkəməsinin 1(053)-34/2024 nömrəli iş üzrə 03 iyul 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir”. Mülki-Prosessual Qanunvericiliyin yuxarıda istinad olunan müddəasını və Neftçala Rayon Məhkəməsinin hazırkı işlə bağlı preyudisial əhəmiyyətə malik olan 03 iyul 2024-cü il tarixli hökmünü nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh dələduzluq cinayəti törətməklə İddiaçı ümumilikdə 20.300 manat miqdarında maddi ziyan vurması halı sübuta yetirilmiş sayılmalıdır. Cavabdeh bildirir ki, cinayət nəticəsində vurulmuş 20.300 manat miqdarında zərəri həbs cəzasını çəkib qurtardıqdan sonra ödəyəcəkdir. Göstərilənləri və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya vurduğu 20.300 manat miqdarında ziyanın vurulması halı sübuta yetirilmiş sayılmalıdır. Göründüyü kimi cavabdehin özü də 20.300 manat miqdarında zərərin tam ödənilmədiyini etiraf edir. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən "Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”, “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”, “Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktikİ hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh cinayət nəticəsində vurduğu 20.300 manat miqdarında ziyan tutularaq İddiaçı verilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 150,90 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cinayət nəticəsində vurduğu ziyanın əvəzi olaraq 20.300 (iyirmi min üç yüz) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 159,90 (yüz əlli doqquz manat doxsan qəpik) manat tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-64/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-64/2025
09.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver