Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-665/2024 12.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(053)-859/2020 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilərək, 22 yanvar 2016-cı il təvəllüdlü X2 və 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay 470 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında Cavabdeh ilə 02 may 2015-ci il tarixdə Neftçala rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu, birgə nikahlarından 22 yanvar 2016-cı il təvəllüdlü X5 və 27 sentyabr 2019-cu il təvəllüdlü X6 adlı uşaqları anadan olduğunu bildirmişdir. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə aralarında bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(053)-42/2021 saylı qətnaməsi ilə pozulmuş, Neftçala rayon qeydiyyat şöbəsindən nikahın pozulması haqqında şəhadətnamə əldə edilmişdir. Cavabdeh ilə ailə-nikah münasibətləri tamamilə pozulmuşdur. Həmin məhkəmənin 11 dekabr 2020-ci il tarixli, 2(053)-859/2020 saylı qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 22 yanvar 2016-cı il təvəllüdlü X2 və 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. Cavabdehin uşaqlara verdiyi alimentlə dolanışığı güclə təmin edir. Hazırda oğlu X11 rayonu, Bankə qəsəbəsi 2 saylı tam orta məktəbin 2-ci sinfində təhsil alır. Digər oğlu X12 şəhər 5 saylı bağçasının böyük qrupunda oxuyur. Böyük oğlu Kamal hazırda üç ayrıayrı fənlər üzrə məktəbdən kənar hazırlıq məşğələlərində təhsil alır, aylıq məşğələlərə 90 manat, bundan əlavə hər iki uşağın məktəbə və bağçaya gedib-gəlməsi üçün taksi sürüçüsünə cəmi 80 manat xərcləri çıxır. Cavabdehin verdiyi hər ay 300 manatla uşaqlarını saxlamaqda çətinlik çəkir. Aldığı əmək haqqı ilə özünü və uşaqlarını güclə dolandırır. Cavabdeh Bakı şəhərində lift quraşdırma şirkətində işləməklə hər ay 1800-2000 manat civarında qazanc əldə edir. Bildirir ki, Salyan 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, mediasiyanın 14 iyun 2024-cü il tarixdə «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayış əldə etmişdir. O, həmçinin özünün Neftçala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləməklə 540 manat əmək haqqı aldığını, 330 manat ev aldığı üçün kredit ödədiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhərində lift idarəsində fəhlə işləyir və əmək haqqı üzrə vəzifə maaşı cəmi 345 manatdır. O, 300 manat alimenti güclə ödədiyini, həmçinin özünün ikinci dəfə ailə qurduğunu və bu ailədən üç aylıq uşağının olduğunu bildirmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi qismən təmin edilməlidir. Neftçala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(053)-42/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı və cavabdeh arasında 02 may 2015-ci il tarixdə 103 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Qeyd: Nikah Neftçala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və 26 aprel 2021-ci il tarixdə 45 nömrəli akt qeydi ilə Neftçala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. “Doğum haqqında” şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, X5 22 yanvar 2016-cı il tarixdə, X6 27 sentyabr 2019-cu il tarixdə anadan olmuşlar. Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(053)-859/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ərizəsi qismən təmin edilərək, azyaşlılar -22 yanvar 2016-cı ildə anadan olmuş X5 və 27 sentyabr 2019cu ildə anadan olmuş X3 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X4 xeyrinə ödənilməsi qət edilmişdir. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah 03 mart 2024-cü il tarixdə 569 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 17 may 2024-cü il tarixdə anadan olmuşdur. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. İş materiallarına əlavə olunmuş 13 iyun 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdən mexanik vəzifəsində çalışır və əmək haqqı üzrə vəzifə maaşı 345 manat təşkil edir. «Uşaq hüquqları haqqında» 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. Məhkəmədə müəyyən olundu ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsinə əsasən Cavabdeh tərəfindən 22 yanvar 2016-cı il təvəllüdlü X2 və 27 sentyabr 2019-cu il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh tutulmaqla hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı uşağı saxlamağa kifayət qədər maddi imkanı yoxdur. Məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, alimentin miqdarının artırılması ilə bağlı İddiaçı iddia tələbi qismən təmin edilməli, 22 yanvar 2016-cı il təvəllüdlü X2 və 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmasından ötrü Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa görə 180 (yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qanunvericiliyin qeyd olunan müddəasından görünür ki, aliment artırılması barədə iddia tələblərində alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən “məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən “iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir”. Buna görə də Cavabdeh 01 (bir) il müddətində tutulacaq alimentin miqdarı 4.320 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 63,20 manat cavabdehdən alınıb dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216– 220, 222, 227, 233, 357–360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iş üzrə Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 2(053)-859/2020 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarı artırılsın. 22 yanvar 2016-cı il təvəllüdlü X2 və 27 sentyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılsın və sabit pul məbləğində tutulmaqla hər ay hər bir uşağa görə 180 (yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının başlanğıcı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablansın. Cavabdeh 63,20 (altmış üç manat iyirmi qəpik) manat dövlət rüsumu alınıb dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-665/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-665/2024
12.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver