Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-682/2023 06.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X2, Cavabdeh iştirakı ilə, iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin Cavabdeh qarşı «5.356,80 manat miqdarında ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsi Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə vurduğu 5.356,80 manat miqdarında maddi ziyanın əvəzinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri X8 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan və sahəsi 11,16 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsi 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan cavabdeh tərəfindən zəbt olunaraq üzərində arpa bitkisi əkilmişdir. Bununla əlaqədar Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi tərəfindən komissiya təşkil edilmiş və 11 noyabr 2021-ci ildə komissiya üzvlərinin iştirakı ilə cavabdeh tərəfindən zəbt edilmiş 11,16 hektar torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, cavabdeh heç bir hüquqi sənəd və icarə müqaviləsi olmadan bələdiyyənin əkin təyinatlı torpaqlarından 11,16 hektar torpaq sahəsinə arpa bitkisi əkmişdir. Sahəyə baxışın keçirilməsi ilə əlaqədar komissiya üzvləri tərəfindən 11 noyabr 2021-ci il tarixli akt tərtib edilmişdir. 25 may 2022-ci ildə bələdiyyənin təşəbbüsü ilə mübahisəli torpaq sahəsinə X17 İnkişaf Mərkəzindən mütəxəssis dəvət olunmuş, mütəxəssisin, bələdiyyə sədrinin və bələdiyyə üzvünün, həmçinin Xol Qarabucaq kənd inzibati ərazi dairəsinin Dördlər kənd sakininin iştirakı ilə yuxarıda göstərilən, 3-cü keyfiyyət qrupu və mexaniki tərkibi gilli olan boz çəmən növlü torpaq sahəsinin arpa əkilmiş 11,16 ha hissəsinə baxış keçirilmişdir. Baxış zamanı sahədən hər hektara görə orta hesabla 16 sentner arpa məhsulu (11,16 hektarlıq sahədən ümumilikdə 17,856 kq) alınmasının mümkünlüyü, habelə arpanın hər kiloqramının qiymətinin orta hesabla 30 qəpik olduğu nəzərə alınaraq oradan ümumilikdə götürülməsi mümkün olan məhsulun dəyərinin 5.356,80 manat təşkil etdiyi müəyyən olunmuşdur. Bununla əlaqədar 25 may 2022-ci il tarixli akt tərtib edilmişdir. Bələdiyyə sədri vurğulayır ki, cavabdeh tərəfindən 2021-ci ildə yuxarıda göstərilən sahədə əkilmiş arpa bitkisi 2022-ci ilin biçin mövsümündə cavabdehin özü tərəfindən biçilərək götürülmüşdür. Xol Qarabucaq bələdiyyəsinin 05 yanvar 2023-cü il tarixli iclasında cavabdehin bələdiyyəyə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11,16 hektarlıq hissəsini qanunsuz əkib-becərməsi müzakirə olunmuş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində bələdiyyəyə vurduğu ziyanın əvəzinin tələb olunması məqsədilə məhkəmədə iddia qaldırılması qərara alınaraq, bu səlahiyyət bələdiyyə sədrinə həvalə edilmişdir. Bələdiyyə sədri həmçinin bildirir ki, cavabdehdən bələdiyyəyə vurduğu zərərin əvəzini könüllü ödəməsi tələb olunsa da, ümumilikdə 5.356,80 manat təşkil edən həmin zərər ödənilməmişdir. Cavabdeh qanunsuz istifadə etdiyi torpaq sahəsindən guya heç bir gəlir götürmədiyi barədə fikirlər səsləndirir. Lakin torpaq sahəsini yenidən əkməsi və bələdiyyə ilə icarə müqaviləsi bağlaması onun bu məsələlərdə səmimi olmamasından xəbər verir. Ona görə də Xol Qarabucaq bələdiyyəsi məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə aid olan 21,16 ha torpaq sahəsindən istifadəyə görə Neftçala rayonu, Xol Qarabucaq kənd inzibatı ərazi dairəsinin Dördlər kənd sakini X15 ilə Xol Qarabucaq bələdiyyəsi arasında 15 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Həmin torpaq sahəsi 2004-cü ildən 2020-ci ilədək olan müddətdə icarə müqaviləsi əsasında X9 və onun ailə üzvlərinin istifadəsində olub. 2017-ci ildə Mənəfov Əli dünyasını dəyişmiş, bundan sonra torpaq sahəsindən istifadəni faktik olaraq mərhumun oğlu X16 davam etdirmişdir. 2019-cu ilin sonlarında icarə müqaviləsinin müddəti başa çatmışdır. Bundan sonra, yəni 2021-ci ildə qeyd edilən torpaq sahəsinin 11,16 hektar hissəsini özü (cavabdeh) istifadə etmək məqsədilə və gələcəkdə bələdiyyə ilə icarə müqaviləsi bağlamaq niyyəti ilə əkmişdir. X23 bələdiyyəsinin hazırda da sədri olan Qismət Qəfərov ona qarşı qərəzli mövqe tutaraq, süni maneələr yaratmaqla həmin torpaq sahəsi ilə bağlı onun bələdiyyə ilə icarə müqaviləsi bağlamasını əngəlləmişdir. Nəhayət, 2022-ci ildə sözügedən torpaq sahəsi hərraca çıxarılmış, bu zaman torpaq sahəsinin 10 hektarı X16, qalan 11,16 hektar hissəsi isə özü tərəfindən hərrac yolu ilə qalib gəlməklə əldə edilmişdir. Qeyd edir ki, sonradan hərrac yolu ilə əldə etdiyi və faktik istifadəsində olan 11,16 hektar torpaq sahəsinə icarə müqaviləsi olmadan 2021-ci ildə arpa bitkisi əkmişdir. İstifadəsində olan 11,16 ha torpaq sahəsinin Xol Qarabucaq bələdiyyəsi ilə icarə müqaviləsini 2022-ci ilin noyabr ayında bağlamışdır. Həmin torpaq sahəsinin o, qədər də məhsuldar olmayıb. Bununla yanaşı, 2021-ci ildə su qıtlığı olmuş, bu səbəbdən də əkin sahələrinin suvarılmasında böyük çətinliklər yaranmış və nəticədə məhsuldarlıq kifayət qədər aşağı düşmüşdür. Müqayisə üçün qeyd edir ki, həmin ildə Xol Qarabucaq kəndi ərazisində yerləsən özünə və ailə üzvlərinə məxsus 8,72 hektar pay torpaq sahəsinin 4 hektarında də arpa bitkisi əkmiş, oradan ümumilikdə 4 bunker (taxılbiçən kombaynın məhsulu topladığı xüsusi yük yeri) həcmində məhsul götürdüyü halda, 11,16 hektar sahədən ümumilikdə cəmi 3 bunker həcmində arpa məhsulu götürmüşdür. Göründüyü kimi, sahənin məhsuldarlığı çox aşağı olmuş və beləliklə oradan demək olar ki, heç bir qazanc əldə edə bilməmişdir. Buna baxmayaraq bələdiyyə sədri tərəfindən hərracda qalib gələn bir neçə kənd sakinləri ilə yanaşı ondan da torpaqdan istifadəyə görə böyük həcmdə haqq tələb edilməklə qərəzli münasibətlər davam etdirilmişdir. Qeyd edir ki, bələdiyyə sədri onunla eyni sahənin bir hissəsini icarəyə götürmüş Xalid Mənəfovdan aldığı icarə haqqından dəfələrlə artıq bir məbləğdə ondan icarə haqqı tələb edir. Bundan başqa o, icarə müqaviləsi bağlandıqdan sonra torpağın bölgüsünü təsdiq edən müvafiq sənədləri də imzalamaqdan yayınır və bunun nəticəsində o, dövlət tərəfindən fermerlərə verilməsi nəzərdə tutulan «torpaq pulu» və subsidiyanı da ala bilmir. Bunun üçün bələdiyyə sədri tərəfindən sənədləşmənin tam başa çatdırılması üçün ondan 10.000 manat pul tələb edilir. Tələb etdiyi məbləğdə pulu ona vermədiyi üçün bələdiyyə sədri onu məhkəməyə vermişdir. Bildirir ki, 11,16 hektar torpaq sahəsi hazırda da onun istifadəsindədir. Bu il də torpaq sahəsini özü əkmiş, lakin yenə də heç bir məhsul əldə edə bilməmiş və nəticədə yenə də torpaqdan faydalana bilməmişdir. Lakin torpaqdan istifadəyə görə bələdiyyənin sədr müavini olan Böyükkişi Həşimova 1.000 manat pul vermişdir. Hesab edir ki, qeyd etdiyi bu hal və torpaq sahəsindən normal məhsul əldə edə bilməməsi nəzərə alınmalı və ondan maddi zərər tələb edilməsi əsassız sayılmalıdır. Bundan başqa, mütəxəssisin iştirakı ilə tərtib edilmiş aktla da razılaşmır. Bu məsələ ilə əlaqədar Neftçala Dövlət X12 müraciət etmiş, müraciətinə cavab olaraq bildirilmişdir ki, istifadəsində olan 11,16 ha torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixdə onlar tərəfindən hər hansı bir baxış keçirilməmiş və ziyanın müəyyənləşdirilməsi barədə heç bir sənəd tərtib edilməmişdir. Ona görə də bu aktı və aktda qeyd edilənləri qanunsuz və əsassız sayır. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İddiaçı tərəfin vəsatəti əsasında işin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Neftçala rayon Xol Qarabucaq bələdiyyəsi sədrinin müavini X3 ifadəsində bildirmişdir ki, bələdiyyə sədri barəsində cinayət işi başlanması və bir müddət sədrin öz vəzifəsindən kənarlaşması səbəbindən bələdiyyə sədri vəzifəsini müvəqqəti olaraq o (şahid), icra edib. Bu müddətdə Cavabdeh bələdiyyə torpaqlarından qanunsuz istifadə etdiyinə görə iddiada qeyd olunan torpaq sahəsinin kənd sakinləri olan Vətən Müharibəsi qazilərinə verilməsi qərara alınmışdır. Bu barədə Cavabdeh özünə də məlumat verilmişdir. O, həmçinin bələdiyyə sədrini müvəqqəti əvəz etdiyi müddətdə Cavabdeh hesablanmış torpaq vergisini ödəməsi barədə rəsmi bildiriş göndərmişdir. Bundan sonra Cavabdeh onun ünvanına məzmununda «sənin 70 yaşın var, başın xarab olubdur. Mən heç bir məbləğdə pul ödəməyəcəm» ifadələri yazılmış məktub göndərmiş və beləliklə borcunu ödəməkdən imtina etmişdir. İşin məhkəmə baxışı zamanı verilmiş suallara cavab olaraq X3 bildirmişdir ki, Cavabdeh onun barəsində dedikləri şər və böhtandır. Cavabdeh onunla görüşməmiş, aralarında hər hansı bir pul söhbəti olmamış, Xanlardan heç vaxt rüşvət tələb etməyib və almayıb. Bələdiyyə ilə icarə müqaviləsi bağlamayan, hətta torpaq vergisini belə ödəməyən cavabdehin kiməsə rüşvət verməsi məntiqli sayıla bilməz. 25 may 2022-ci il tarixli aktla bağlı məsələlərin araşdırılması məqsədilə dəvət olunmuş mütəxəssis – X17 X1 sektorunun müdiri X10 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, ali təhsilli aqronom olmaqla ixtisası üzrə 30 ilə yaxın təcrübəyə malikdir. Qismət Qəfərovun müraciətinə əsasən 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinə məxsus olan 11,86 hektarlıq ərazidə əkilmiş arpa sahəsinə bələdiyyə sədrinin, bələdiyyə üzvünün və kənd sakininin iştirakı ilə baxış keçirmişdir. Şəxsən öz iştirakı ilə yerində keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, ərazi boz çəmən növünə aid olmaqla, mexaniki tərkibinə görə gillidir və 3-cü keyfiyyət qrupuna aiddir. Metodiki normalara uyğun aparılmış baxış zamanı və çoxillik təcrübəsinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, əkin sahəsinin hər hektarından orta hesabla 16 sentner arpa məhsulu alınması mümkündür. Arpa məhsulunun 2022-ci il üzrə hər kiloqramının qiymətinin 30 qəpik olması nəzərə alınaraq riyazi hesablama aparılmış və beləliklə, sahənin ümumi məhsuldarlığının 17.856 kq olması, toplanacaq məhsulun qiymətinin isə 5.356,80 manat təşkil etməsi müəyyən olunmuşdur. Mütəxəssis verilmiş suallara cavab olaraq həmçinin bildirmişdir ki, hal-hazırda (ilin indiki vaxtında) sahəyə baxış keçirməklə məhsuldarlığı müəyyən etmək mümkün deyil. Belə ki, məhsuldarlığı müəyyən etmək üçün konkret torpaq sahəsində bitkinin çıxışının mövcud olması vacib şərtdir. Təhlil zamanı bitkinin bir kvadrat metrdə sıxlığı və s. bu kimi vacib əlamətlər nəzərə alınır. Hətta eyni torpaq sahəsində belə məhsuldarlıq ildən ilə fərqlənə bilər ki, bu da iqlimlə yanaşı bitkiyə göstərilən aqrotexniki qulluq və s. amillərdən asılıdır. 25 may 2022-ci il tarixində Xol Qarabucaq bələdiyyəsinə məxsus 11,16 ha torpaq sahəsinə baxış keçirildiyi vaxt orada arpa bitkisi mövcud olub. Bu səbəbdən də baxış zamanı sahənin məhsuldarlığı ilə bağlı yekun qənaətə gəlmək mümkün olmuşdur. Arpa bitkisi bir qayda olaraq payız fəslinin sonunadək, gecikdikdə isə dekabr ayının əvvəlində əkilir və növbəti ilin ən geci iyun ayında biçilir. Hazırda arpa bitkisinin çıxışı (cücərtisi) yoxdur. Bu səbəbdən əgər indi sahəyə baxış keçirilsə belə, məhsuldarlığın necə olacağını müəyyən etmək mümkün olmayacaq. 25 may 2022-ci il tarixli aktla bağlı məsələlərin araşdırılması məqsədilə dəvət olunmuş X17 İnkişaf Mərkəzinin nümayəndəsi – hüquq və kadr məsələləri üzrə böyük məsləhətçi-hüquqşünas X5 bildirmişdir ki, həmin akt X17 X1 sektorunun müdiri X4 mütəxəssis qismində iştirakı ilə tərtib edilmişdir. Aktla tanış olub. Həmin aktda qeyd olunmuşdur ki, 25 may 2022-ci ildə Xol Qarabucaq bələdiyyəsinin sədrinin, bələdiyyə üzvünün və Xol Qarabucaq kənd inzibati ərazi dairəsinə daxil olan Dördlər kənd sakininin, habelə mütəxəssis Vaqif Bağırovun iştirakı ilə Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olmaqla, 3-cü keyfiyyət qrupuna aid olan, mexaniki tərkibi gilli, boz çəmən növlü torpaq sahəsinin arpa əkilmiş 11,16 hektarlıq hissəsinə baxış keçirilmiş, baxış zamanı əkilmiş sahənin hər hektardan 16 sentner məhsul verə biləcəyi müşahidə edilmiş və 11,16 hektar sahəyə görə ümumilikdə 17,856 kq arpa məhsulunun əldə edilə bilməsinin mümkünlüyü, habelə hər kiloqramının qiyməti 2022-ci il üçün orta hesabla 30 qəpik götürülməklə hesablanması yolu ilə ümumi məhsuldarlığın qiymətinin 5.356,80 manat təşkil etməsi müəyyən edilmişdir. Aktın mötəbərliyini və orada qeyd edilənlərin həqiqətə uyğun olmasını şübhə altına alacaq hər hansı bir məqam və ya əsas yoxdur. Belə ki, Vidadi Bağırov sahə üzrə ali təhsilə və bu sahədə uzun müddətli yüksək təcrübəyə malik olan bir mütəxəssisdir. X21 X12 rəsmi müraciət olmadan hər hansı bir fiziki şəxsin və ya hüquqi şəxsin, eləcə də dövlət orqanlarının müraciəti əsasında aidiyyəti məsələlərlə bağlı əkin sahələrinə baxış keçirməsi, bitkilərin inkişafı baxımından vəziyyəti, məhsuldarlığı və s. göstəricilərinə dair apardığı müayinə və müşahidələri əsasında rəy bildirməklə müvafiq akt tərtib edilməsində iştirak etməsi qanunauyğundur. İdarənin öz sahəsində kifayət qədər təcrübəsi olan əksər əməkdaşlarına, o cümlədən Vidadi Bağırova kənd təsərrüfatı sahəsində mütəxəssis kimi iştirak etmələrinə heç bir məhdudiyyət qoyulmur. Məhkəmə iddiaçının nümayəndəsini, cavabdehi, şahidi, mütəxəssisi və X17 İnkişaf Mərkəzinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasına əsaslanaraq məhkəmə qeyd edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla müəyyən olunur ki, Neftçala rayonu, Xol Qarabucaq kəndi ərazisində yerləşən, bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olan və sahəsi 21,16 ha təşkil edən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətindədir. İş materiallarına həmin torpaq sahəsinə aid «Torpaq sahəsinin planı və ölçüsü» əlavə olunub. Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xol Qarabucaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X7, Xol Qarabucaq bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra edən X3 və Xol Qarabucaq bələdiyyəsinin üzvü X6 tərəfindən 11 noyabr 2022-ci ildə tərtib edilmiş aktdan görünür ki, həmin şəxslər tərəfindən Xol Qarabucaq bələdiyyəsinin ehtiyat fonduna aid olan torpaq sahələrinə baxış keçirilmiş, baxış zamanı Xol Qarabucaq kənd sakini Cavabdeh 10 noyabr 2021-ci il tarixdə bələdiyyənin əkin təyinatlı torpaqlarından 11,16 ha hissəsində heç bir hüquqi sənədi və icarə müqaviləsi olmadan arpa bitkisi əkməsi müəyyən olunmuşdur. Cavabdeh özü də Xol Qarabucaq bələdiyyəsinin kənd təsərrüfatı təyinatlı torpaqlarından 11,16 ha sahəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2021-ci ilin noyabr ayında tutaraq üzərində arpa bitkisi əkdiyini etiraf edir. Yuxarıda göstərilənləri nəzərə alıb, prosessual qanunvericiliyin istinad olunan müddəasının tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, 21,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olması, həmin sahənin 11,16 hektarlıq hissəsinin Cavabdeh tərəfindən 2021-ci ilin noyabr ayında tutularaq, orada kənd təsərrüfatı bitkiləri əkib, qulluq edib, becərməsi halları sübuta yetirilmiş sayılmalıdır. X17 X1 sektorunun müdiri X10, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin sədri X8, Neftçala rayon Xol Qarabucaq bələdiyyəsinin üzvü X6 və Dördlər kənd sakini X16 tərəfindən 25 may 2022-ci ildə tərtib edilmiş aktın məzmunundan görünür ki, həmin şəxslər tərəfindən Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 11,16 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı torpağın boz çəmən, mexaniki tərkibi gilli, keyfiyyət qrupu 3-cü olması və orada arpa əkildiyi müəyyən olunmuşdur. Baxış zamanı həmçinin «müəyyən olundu ki, həmin əkilmiş arpa sahəsi 16 sentner məhsul verə bilər. Arpa əkilmiş sahənin məhsuldarlığı aşağıdakı kimi hesablanır. 11.16 ha x 16 sentner = 17.856 kq. 17.856 kq x 0.30 man = 5.356.80 man. Sahənin məhsuldarlığının qiyməti 5.356,80 man. təşkil edir. Aktın doğru olduğunu imzamızla təsdiq edirik». Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X17 İnkişaf Mərkəzi tərəfindən Cavabdeh 15 avqust 2023-cü ildə 29 nömrəsi ilə aşağıdakı məzmunda arayış verilib: «X17 İnkişaf Mərkəzi (Neftçala DAİM) Sizin 04 avqust 2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirir ki, Sizin istifadənizdə olan 11,16 hektar torpaq sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi məqsədilə 25 may 2022-ci il tarixində tərəfimizdən baxış keçirilməmişdir və dəymiş maddi ziyanın müəyyənləşdirilməsinə dair heç bir sənəd tərtib edilməmişdir. Bununla yanaşı bildirmək istərdik ki, Neftçala DAİM-in bitkiçilik üzrə mütəxəssisinin vətəndaş müraciəti əsasında əkin sahəsinə baxış keçirməsi və bu barədə mütəxəssis rəyi tərtib etməsi, habelə bir neçə şəxsin iştirakı ilə müvafiq aktın tərtib olunması istisna olunmur». Göstərilən aktın sübut növü kimi mötəbərliyi məsələsinə münasibət bildirərək məhkəmə yuxarıda göstərilən sənədlərin məzmunu ilə yanaşı X17 İnkişaf Mərkəzinin nümayəndəsinin və mütəxəssisin işin məhkəmə baxışı zamanı bildirdiklərini də nəzərə alır. X17 İnkişaf Mərkəzinin nümayəndəsi işin məhkəmə baxışı zamanı bildirmişdir ki, aktı mütəxəssis qismində imzalamış X17 X1 sektorunun müdiri X10 aidiyyəti sahə üzrə ali təhsilə malik olmaqla yanaşı, uzun müddətli və yüksək təcrübəyə malik mütəxəssisdir. X21 X12 rəsmi müraciət olmadan hər hansı fiziki və ya hüquqi şəxsin, eləcə də dövlət orqanlarının müraciəti əsasında aidiyyəti məsələlərlə bağlı əkin sahələrinə baxış keçirməsi, bitkilərin inkişafı vəziyyətinə, məhsuldarlığına, habelə s. göstəricilərinə dair apardığı müayinə və müşahidələri əsasında rəy bildirməsi və akt tərtib etməsi qanuni olmaqla yanaşı, buna Mərkəz tərəfindən heç bir məhdudiyyət qoyulmayıb. Vidadi Bağırovun təhsili və iş təcrübəsi nəzərə alınmaqla 25 may 2022-ci il tarixli aktda qeyd edilənlərin həqiqətə uyğun olmasını şübhə altına ala biləcək hər hansı bir məqam və ya əsas yoxdur. X17 X1 sektorunun müdiri X10 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, halhazırda, yəni ilin indiki vaxtında bitkinin çıxışının mövcud olmaması səbəbindən sahəyə baxış keçirməklə məhsuldarlığı müəyyən etmək mümkün deyil. 25 may 2022-ci il tarixində isə iddia ərizəsində göstərilən torpaq sahəsində arpa bitkisi mövcud olmuş, sahəyə baxış zamanı orta məhsuldarlığı müəyyən etmək mümkün olmuşdur. Qeyd olunur ki, yuxarıda göstərilən 11,16 ha sahədə hazırda arpa bitkisinin çıxışının mövcud olmaması, habelə iqlim, aqrotexniki qulluq və s. amillərdən asılı olaraq məhsuldarlığın ildən ilə fərqli ola bilməsi səbəbindən hazırkı iş üzrə məhkəmə baxışı dövründə müvafiq məsələ ilə bağlı tədqiqat aparılması lüzumsuzdur. X17 İnkişaf Mərkəzinin nümayəndəsinin, həmin Mərkəzin Bitkiçilik sektorunun müdirinin bildirdiklərini və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 25 may 2022-ci il tarixində tərtib olunmuş aktın faktik vəziyyətə uyğunluğunu şübhə altına almaq üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə 25 may 2022-ci il tarixli aktı iş üzrə mötəbər sübut kimi qəbul edir. Beləliklə, Cavabdeh Xol Qarabucaq bələdiyyəsinin mülkiyyətində olan 11,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2021-ci ilin noyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tutaraq orada arpa bitkisi əkibbecərməsi, həmin fəaliyyəti nəticəsində 2022-ci ilin müvafiq dövründə orta hesabla 17.856 kq arpa məhsulu əldə etməsi sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Azərbaycan Respublikası MM-nin 157.5-ci maddəsinə əsasən «Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir» Beləliklə, iddiaçı Xol Qarabucaq bələdiyyəsi Cavabdeh 5.356,80 manat miqdarında pulun tutulmasını tələb etmək hüququna malikdir. İddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 214, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.356 (beş min üç yüz əlli altı) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-682/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-682/2023
06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver