Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-70/2025 13.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması və əlavə xərcin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 470 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə hər ay 200 manat sabit pul məbləğinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddia tələbini müdafiə edərək Cavabdeh ilə 23 dekabr 2006-cı ildə tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurduğunu bildirmişdir. Qeyd edir ki, birgə nikahlarından 01 noyabr 2007-ci ildə X5 və 21 iyun 2009-cu ildə X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduğu vaxtlarda həmişə münasibətləri normal olmuşdur. Altı ilə yaxın birlikdə yaşamışlar. Sonradan cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün onun tərəfindən Neftçala Rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış və məhkəmənin 20 may 2013-cü il tarixli, 2(53)-203/2013 saylı qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli, 2(106)- 675/2013 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Neftçala rayon Qeydiyyat şöbəsinin 17 yanvar 2014-cü ildə nikahlarının pozulması haqqında şəhadətnaməsini əldə etmişdir. Bundan sonra aliment tələbi ilə bağlı Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 11 iyul 2013-cü il tarixli, 2(001)-5019/2013 saylı qətnaməsinə baxılmış, həmin məhkəmənin qətnaməsinə əsasən Cavabdeh iki uşağın saxlanması üçün hər iki uşağa görə cəmi 200 manat alimentin onun xeyrinə tutulması qət edilmişdir. Bundan sonra həmin Məhkəmənin 11 may 2022-ci il tarixli, 2(001)-2517/2022 saylı qətnaməsinə əsasən Cavabdeh iki uşağın saxlanması üçün hər iki uşağa görə 300 manat alimentin tutulub onun xeyrinə verilməsi haqqında qətnamə qəbul olunmuşdur. Cavabdehin uşaqlarına verdiyi alimentlə onların dolanışıqlarını güclə təmin edir. Hazırda böyük qızı Şahnaz «Xəzər» Universitetinin “Turizim işinin təşkili” ixtisası üzrə 1-ci kurs tələbəsi, kiçik qızı Fidan isə Neftçala şəhər S.İmanov adına 1 saylı orta məktəbin 10-cu sinfində təhsil alır. Aldığı cüzi maaşla özünü və uşaqlarını güclə dolandırır. Cavabdeh isə Bakı şəhərində yerləşən «Sədərək» Ticarət Mərkəzində bir neçə yerdə mağazaları fəaliyyət göstərir, o, həmin mağazalarından kifayət qədər qazanc əldə edir. Cavabdeh uşaqlarına ödədiyi 300 manat alimenti vaxtlı-vaxtında ödəsə də, uşaqların ümumi tələbatlarını ödəməkdə çətinlik çəkir. Əlavə olaraq qeyd edir ki, böyük qızı X5 2023-cü il tarixdən onkoloji (D24 1.Fibroadenom süd vəzi) xəstəliyindən əziyyət çəkir. Bu xəstəliklə bağlı 04 iyul 2024-cü il tarixində Bakı şəhərində DTX Hərbi Hospitalında 1 dəfə cərrahi əməliyyat olunmuşdur. Qızının müalicəsinə mütəmadi olaraq maddi vəsait xərcləyir. Bu baxımdan uşaqlarının maddi yardıma çox ehtiyacı var. Bundan başqa cavabdehin X2 əlavə xərcində iştirakına cəlb olunmasını istəyir. Cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Uşaqların birinin xəstə olduğundan cavabdeh ata kimi onun müalicəsi ilə bağlı əlavə xərclərə də cəlb olunmalıdır. O, həm həkimə, həm də dərmanlara pul xərcləyir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, sənədləri və işin faktiki hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin edilməlidir. «Doğum haqqında» şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 01 noyabr 2007-ci ildə X5 və 21 iyun 2009-cu ildə X6 adlı uşaqlar doğulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5019/2013 nömrəli, 11 iyul 2013cü il tarixli qətnaməsindən görünür ki, X3 Cavabdeh qarşı “aliment ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 01 noyabr 2007-ci il təvəllüdlü X5 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2517/2022 nömrəli, 11 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilmiş, 01 noyabr 2007-ci il təvəllüdlü X5 və 21 iyun 2009-cu il təvəllüdlü X4 18 yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 05/Q-284/70 saylı arayışdan görünür ki, Cavabdeh və X3 nikahı Neftçala Rayon Məhkəməsinin 20 may 2013-cü il tarixli qətnaməsi ilə pozulmuş və 17 yanvar 2014-cü ildə 05 №-li akt qeydi ilə Neftçala rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli epikrizinin surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Şahnaz Əskərzadə xx.xx.2023-cü il tarixdə sol süd vəzində törəmənin və əlavə süd vəzisinin olmasından şikayət etmiş, ona D24 1.Fibroadenoma 2.Aksesuar süd vəzi diaqnozu qoyularaq müayinə-müalicə təyin edilmiş, xəstəyə xx.xx.2023-cü il tarixində ümumi endotraxeal anesteziyanın tətbiqi ilə “Sol süd vəzin sektoral rezeksiyası” (85.21) cərrahi əməliyyatı icra edilmiş, əməliyyat və əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş, xəstə kafi vəziyyətdə evə yazılmış, 3 ay sonra təkrar baxış məsləhət görülmüşdür. Bakalavr səviyyəsi üzrə ali təhsil müəssələrinə aparılan müsabiqənin 2024/2025-ci tədris ili üçün nəticəsi haqqında çıxarışdan görünür ki, X1 Universitetinə, “Turizm işinin təşkili” (tədris ingilis dili), İİ qrup əyani dövlət sifarişliyə qəbul olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəf uşağın müalicəsinə hər ay hansı məbləğdə pul xərclədiyini təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər”. Məhkəmə uşaqların 2022-ci ildən etibarən 2 yaş böyüdüklərini və bununla da qayğılarının artdığını, 2012-ci il ilə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun dövlət səviyyəsində artdığını nəzərə alır və hesab edir ki, bunlar uşaqların və onların anasının maddi vəziyyətində diqqətəlayiq dəyişiklik kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının dəyişdirilməsini mümkün sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən “Valideynlər uşaqlarını saxlamağa borcludurlar”. Həmin Məcəllənin 78-ci maddəsinə görə, uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, “məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər”. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli 15 №-li qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında bir sıra dəyişikliklər edilmişdir. Həmin qərarın 1.1.2. 7.1-ci bəndinin ikinci abzasının birinci və ikinci cümlələrində “iddianın təmin tədbirinin” sözləri “müvəqqəti təminat tədbirinin” sözləri ilə əvəz edilməsi, 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilməsi qərara alınmışdır. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “XX.XX.XXXX tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun resmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda ise İcra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində gostərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il uzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli, həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Azərbaycan Respublikasında 2025-ci il üçün “yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkədə minimum aylıq əmək haqqı 1 yanvar 2025-ci ildən etibarən 400 manat (235 ABŞ dolları) müəyyən edilib. 2024-cü il üzrə isə ölkədə minimum aylıq əmək haqqı 345 manat olmuşdur. İddiaçı məhkəməyə alimentin artırılması ilə bağlı 14 noyabr 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, iddiaçının məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını, hazırkı iş üzrə alimentlə bağlı ərizənin 2024-cü il tarixdə verildiyini nəzərə alaraq, Cavabdeh uşaqları 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər bir uşaq üçün 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Göstərilənlərə əsasən iddia müvafiq hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1, 81.2 və 81.3-cü maddələrinə əsasən “Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər”, “Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur”, “Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.” İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında alimentin tutulması barədə saziş yoxdur. Məhkəmə tərəfindən müəyyən olunmuş başqa bir hal ondan ibarətdir ki, tərəflərin ailə münasibətlərindən doğulmuş uşaq – 01 noyabr 2007-ci il təvəllüdlü X5 onkoloji xəstədir və onun ciddi müalicəyə ehtiyacı var. Uşaq faktiki olaraq ananın yanında qalır və Şahnazın xəstəliyi ilə bağlı bütün xərcləri təkbaşına çəkir. Məhkəmə yuxarıda göstərilənləri və işin digər faktiki hallarını nəzərə alaraq cavabdehin uşağın müalicəsi ilə bağlı əlavə xərclərə cəlb olunmasını mümkün sayır. Lakin, iddiaçı tərəf cavabdehin uşağın müalicəsi üçün hər ay 200 manat ödəmək iqtidarında olduğunu bildirdiyinə baxmayaraq, bu halı sübuta yetirmədiyini, uşağın müalicəsinə hər ay hansı məbləğdə xərc çəkildiyini təsdiq edə biləcək sübut təqdim etmədiyini və müvafiq tələb iddiaçının tələb etdiyi miqdarda təmin olunarsa, cavabdehin maddi vəziyyətinə mənfi təsir göstərə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müvafiq hissədə tələb olunan miqdarda deyil, daha aşağı miqdarda təmin olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, uşağın müalicəsi ilə bağlı xərclər tək cavabdeh tərəfindən deyil, iddiaçının özü tərəfindən də çəkilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müvafiq məbləğ hər ay 100 manat olmaqla müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 20 dekabr 2024-cü il tarixli 15 №-li qərarında qeyd olunur ki, «Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yeni məbləğlərin hesablanması və ödənilməsi iddiaçının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 14 noyabr 2024cü il tarixdən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci madəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360 və 362-ci madələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2517/2022 nömrəli mülki iş üzrə 11 may 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 2024-cü il üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə hesablanmaqla uşaqları 01 noyabr 2007-ci il təvəllüdlü X2 və 21 iyun 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər bir uşağa görə 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq ödənilsin. Cavabdeh 01 noyabr 2007-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar əlavə xərclərə cəlb olunsun və ondan X2 yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında pul tutularaq İddiaçı verilsin. Alimentin yuxarıda qeyd olunan qaydada hesablanması və ödənilməsi 14 noyabr 2024-cü il tarixdən, əlavə xərcin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-70/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-70/2025
13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver