Məhkəmə qərarları › İş №2(053)-703/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-703/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-703/2024 16.07.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 14 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə rəsmi nikahı olmamış, lakin bir müddət faktik ər-arvad münasibətlərində yaşamışlar. Onların bu münasibətlərindən 14 mart 2018-ci ildə doğulmuş X5 adlı uşağı var. Xeyli müddətdir ki, cavabdehlə münasibətləri kəsilmiş və ayrı yaşayırlar. Neftçala Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək qızı Xədicənin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat olmaqla sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Qeyd edir ki, həmin tarixdən təxminən 3 ildən artıq bir müddət ötmüş, bu müddət ərzində uşaq böyümüş və təbii olaraq onun tələbatları da çoxalmışdır. Bundan əlavə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun məbləği də hər il dövlət tərəfindən artırılır. Hazırda həmin məbləğ 235 manat təşkil edir. Cavabdeh tərəfindən ödənilən aylıq 120 manat aliment isə uşağın maddi ehtiyaclarını ödəmir. Birgə yaşadıqları müddətdə cavabdeh demək olar ki, uşağa hər cür qayğı göstərir, onun maddi ehtiyaclarını təmin edirdi. Hazırda isə o, uşağın saxlanması üçün alimentdən başqa ona heç bir yardım etmir. Uşağı normal geyimlə, zəruri qida və digər vasitələrlə təmin etmək xeyli xərc tələb edir. Bu xərclər də günü-gündən artır. Gələn ildən uşaq məktəbəqədər hazırlığa, növbəti ildən isə məktəbə gedəcəkdir. İşləməməsi və yalnız valideynlərinin maddi dəstəyi ilə yaşamaları, cavabdehin isə əlavə maddi yardım etməməsi səbəbindən uşağı normal saxlamaqda çətinlik çəkir. Ona görə də cavabdehdən tutulan alimentin miqdarının artırılıb qanunvericiliyin tələbinə uyğun məbləğdə müəyyən edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin maddi vəziyyətini nəzərə alaraq alimentin yeni miqdarının 200 manat həddində müəyyən edilməsinə razıdır. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, hazırda aşpaz işləyir və hər ay 120 manat məbləğində maaş alır. Cavabdeh həmçinin qeyd edir ki, iddiaçıdan əvvəl başqa bir qadınla ailə münasibətlərində olmuş və bu evliliyindən iki uşağı var. Həmin iki uşaqdan biri anasının yanında, digəri isə onun yanında qalır. Bununla yanaşı, iddiaçı ilə ailə münasibətləri pozulduqdan sonra başqa bir qadınla ailə qurmuş və bu evliliyindən daha bir uşağı vardır. Beləliklə, hazırda himayəsində iki uşağı var. İddiaçının yanında qalan uşağı üçün isə hər ay 120 manat olmaqla aliment ödəyir (birinci evlilikdən olan və anasının yanında qalan bir uşağına görə aliment ödəmir, lakin imkanı olduqca maddi yardım göstərir). Bu səbəbdən iddiaçının tələb etdiyi miqdarda aliment ödəyəcəyi təqdirdə digər uşaqlarının saxlanmasında xeyli problemləri yaranacaq. Neftçala Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 120 manat miqdarında alimenti belə çətinliklə ödəyir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin ailə münasibətlərindən 14 mart 2018-ci ildə X5 adlı uşaq doğulub. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. Neftçala Rayon Məhkəməsinin 2(053)-76/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, azyaşlı – 14 mart 2018-ci il tarixdə anadan olmuş Xədicə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Cavabdeh digər ailə münasibətlərindən daha üç uşağının olduğunu bildirdiyinə baxmayaraq, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Lakin, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yerləşdirilmiş məlumatdan görünür ki, cavabdehin 14 mart 2018-ci il təvəllüdlü X1 başqa daha üç uşağı var. Bunlar 30 yanvar 2013-cü il təvəllüdlü X3, 14 yanvar 2014-cü il təvəllüdlü X7 və 09 dekabr 2022-ci il təvəllüdlü X4r. Eyni sistemdə yerləşdirilmiş digər məlumatdan görünür ki, cavabdeh hazırda X9 adlı qadınla evlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə 14 mart 2018-ci il təvəllüdlü X2 2021-ci ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2021-ci illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun artırıldığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)76/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Məhkəmə aliment miqdarını artırarkən eyni zamanda cavabdehin daha üç uşağının olmasını və bunlardan ikisinin hazırda cavabdehin yanında qaldıqlarını da nəzərə alır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 14 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. Bu qənaətə gələrkən məhkəmə Cavabdeh digər ailə münasibətlərindən daha üç uşağının olmasını nəzərə alır və hesab edir ki, alimentin daha artıq məbləğdə müəyyən edilməsi 30 yanvar 2013-cü il təvəllüdlü X3, 14 yanvar 2014-cü il təvəllüdlü X7 və 09 dekabr 2022-ci il təvəllüdlü X6 adlı uşaqların maddi təminatının qeyri mütənasib şəkildə aşağı düşməsi və bununla da həmin uşaqların qanuni mənafelərinin pozulması ilə nəticələnə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırkı işlə bağlı mediasiyaya müraciət etmək üçün ümumilikdə 60 manat miqdarında mediasiya xərci ödəyib. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddia qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hazırkı iş üzrə iddia qiymətini 1.920 manat miqdarında müəyyən edir (160 x 12 = 1.920). Belə olan halda ödənilməli olan dövlət rüsumu miqdarı 39,20 manat miqdarında müəyyən olunmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən «aliment alınması barədə iddialar üzrə – «iddiaçılar» dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən «İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır». Qanunvericiliyin tələbini və işin faktik hallarını, o cümlədən iddianın qismən də olsa təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, mediasiya ilə bağlı ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, həmçinin 39,20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Neftçala Rayon Məhkəməsinin 2(053)-76/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin və 14 mart 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesi ilə əlaqədar ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 39 (otuz doqquz) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar