Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-74/2025 23.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə etməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehdən 3.600 manat borcun və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 56 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında təxminən 25 ildir ki, “Azər Lotereya”da satıcı kimi fəaliyyət göstərdiyini, cavabdehin onun yanında işçi kimi işlədiyini bildirmişdir. 02 noyabar 2023-cü il tarixində Bakı şəhəri 14 saylı Notariat ofisində onunla Cavabdeh arasında bağlanmış borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə uyğun olaraq cavabdehə 3600 manat borc pul məbləği verilmişdir. Müqaviləyə uyğun olaraq borc alan Cavabdeh borcu xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu vaxtadək keçmiş müddət ərzində həmin pulu qaytarmamış və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Hesab edir ki, qeyd olunan səbəblərdən cavabdehdən pul məbləği məhkəmə qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdarlıq göndərilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin 25 dekabr 2024-cü il tarixdə teleqram göndərərək iddiaçıya olan borcunu qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb təmin olunmalıdır. İş materiallarında olan 02 noyabr 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı – “borc verən” və Cavabdeh – “borc alan” olmaqla, Cavabdeh xx.xx.2023-cü il tarixədək 3600 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən “Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən “Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 56 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.600 (üç min altı yüz) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 56 (əlli altı) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-74/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-74/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver