Məhkəmə qərarları › İş №2(053)-780/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-780/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-780/2023 09.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nın xeyrinə 10.687,88 manat əsas məbləğ üzrə, 841,63 manat faiz üzrə, cəmi 11.529,51 manat borcun və məhkəməyə iddia ilə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 124,99 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 48 ay müddətinə nağd şəkildə istifadə olunmaqla 12000 (on iki min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixli, 1084904/28675 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək Cavabdeh2 ona zamin durmuşdur. Zaminlik müqavilələrinin 1.1.-ci bəndinə görə, borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirinədək zamin, borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixinə əsas borcu 10.687,88 (on min altı yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat, faiz borcu 841,63 (səkkiz yüz qırx bir manat altmış üç qəpik) manat, cəmi 11.529,51 (on bir min beş yüz iyirmi doqquz manat əlli bir qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdehlər, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Halhazırda cavabdehlərin, kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 11.529,51 (on bir min beş yüz iyirmi doqquz manat əlli bir qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq göndərilmiş, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 məhkəmə hazırlıq iclasında ərizə təqdim edərək "xxxx" ASC ilə arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlandığını, 44 günlük Vətən Müharibəsində iştirak edərək hazırda hərbi təqaüdçü olduğunu, eyni zamanda onkoloji xəstə olmaqla 2-ci qrup əlil olduğunu bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əvvəllər banka olan borcunu vaxtıvaxtında ödəmiş, maddi çətinlikləri ilə əlaqədar son altı ayı ödəniş edə bilməmişdir. İddiaçının tələbini qəbul edir. Qeyd edir ki, xəstəliyi ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alıb işə onun iştirakı olmadadn baxılsın. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, “Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir”. Məhkəmə toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, tələb təmin olunmalıdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında 16 iyun 2022-ci il tarixində bağlanmış ******* nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə 16 faiz dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Bununla yanaşı, İddiaçı ASC ilə Cavabdeh2 arasında 16 iyun 2022-ci il tarixdə Zaminlik müqaviləsi bağlanaraq, o, Cavabdeh1 16 iyun 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə zaminliyi öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən təqdim olunmuş Maliyyə arayışı ilə müəyyən olunur ki, Cavabdeh1 16 iyun 2022-ci il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə 11 iyul 2023-cü il tarixinə İddiaçı ASC-yə 10.687,88 manat məbləğində əsas borcu, 841,63 manat məbləğində faiz borcu, ümumilikdə 11.529,51 manat məbləğində borcu vardır. Cavabdehlərə bank tərəfindən borcun qaytarılmasına dair bildiriş göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Həmin Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən “Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”, “Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən “Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Azərbaycan Respublikası MM-nin 442 və 460.1-ci maddələrinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”, “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur”. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən “Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür”. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən “Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar”, “Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehlərin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri tələb etmək hüququna malikdir. İddiaçı ASC məhkəməyə müraciət edərkən xidmət haqqı ilə birlikdə 124,99 məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357– 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 10.687,88 (on min altı yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat əsas məbləğ üzrə, 841,63 (səkkiz yüz qırx bir manat altmış üç qəpik) manat faiz üzrə, cəmi 11.529,51 (on bir min beş yüz iyirmi doqquz manat əlli bir qəpik) manat borc, dövlət rüsumu olaraq ödənilmiş 124,59 (yüz iyirmi dörd manat əlli doqquz qəpik) manat və 0,40 (qırx) qəpik pul vəsaiti İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədikdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar