Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-792/2025 10.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu İddiaçı Cavabdeh qarşı “Borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “Borc” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 874 manat məbləğində əsas borcun, gecikdirilmiş borca görə hesablanmış cərimə borcu 87 manat, cəmi 961 manat məbləğində borcu və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Neftçala şəhəri, M.Qorki küçəsində yerləşən “Loqofon” satış mağazasının sahibi kimi fəaliyyət göstərir. ünvan 1 ünvanında yaşayan Cavabdeh ilə 09 oktyabr 2018-ci il tarixdə bağlanmış müqavilə əsasında ona “Samsung G530-G530” və “Xıaomı Mı A2 Lite” markalı telefonlar satılmışdır. Cavabdeh ilə 1.494 manat məbləğində mal müqaviləsi bağlanılmışdır. Kredit müqavilə şərtlərinə əsasən Cavabdeh almış olduğu malın ümumi məbləği - 1.494 manatı qrafik əsasında 7 ay ərzində (242, 242, 242, 192, 192, 192, 192) manatını hissə-hissə ödəməli idi. Cavabdeh 11 oktyabr 2018-ci ildə 100 manat, xx.xx.2018-ci ildə 250 manat, xx.xx.2019-cu ildə 250 manat, xx.xx.2021-ci ildə 20 manat ödəyib, 874 manat borcu qalmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh aldığı malın borclu qaldığı halda bu barədə mağazaya gəlib məlumat verməyi, müəyyən vaxta qədər möhlət xahiş etməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh indiyə qədər mağazaya olan borcu ödəməmişdir. Aralarında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərinə əməl etmədiyi təqdirdə mağazanın məhkəmə qarşısında iddia qaldırmasına etiraz etmir. Cavabdeh həmin öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona dəfələrlə mağaza tərəfindən telefon zəngləri və xəbərdar edilməsinə baxmayaraq, cavabdeh mağazaya olan borcu ödəməkdən yayınır və ümumiyyətlə, mağazaya heç bir məlumat vermir. Müqavilənin şərtlərinə görə cavabdeh mağazanın tələbləri ilə tam razı olduğunu, xəbərdarlıq etmədən borcunu gecikdirdiyi təqdirdə isə hər ay 10% həcmində borcu qaldığı miqdarında cərimə verilməsi ilə razılaşmışdır. Telefon aldıqdan sonra Cavabdeh aldığı malın borcunu qaytarmadığını görüb, ona telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlamışdır. O da borcunu qısa bir vaxtda ödəyəcəkini bildirmişdir. Hər dəfə də müxtəlif bəhanələr gətirərək borcundan yayınmışdır. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurmuş, bu barədə Cavabdeh rəsmi qaydada 25 avqust 2023-cü ildə borcun ödənilməsi ilə bağlı Mağaza tərəfindən rəsmi xəbərdarlıq məktubu yollanılmışdır. Müqavilənin şərtinə əsasən "Alıcı" satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, gecikdirilmiş məbləğdən həmin məbləğin hər ay 10% dəyərində cərimə hesablanacaqdır. Lakin cavabdehin maddi vəziyyətini nəzərə alaraq Cavabdeh cərimə borcundan 1 ay, yəni 87 manat tutulub İddiaçı verilməsini xahiş edir. Qalan aylar üzrə cərimə borcundan isə imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki- Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı - İddiaçı ilə alıcı – Cavabdeh arasında bağlanmış 09 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür görünür ki, satıcı - İddiaçı alıcı - Cavabdeh qiyməti 1.494 manat olan 2 ədəd telefon hər ay hissə-hissə ödəmək şərtilə 7 ay müddətinə satmışdır. İş materiallarında olan 05 may 2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 874 manat əsas, 87 manat cərimə olmaqla, cəmi 961 manat borcu vardır. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı olan borcunun ödənilməsinin zəruriliyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 05 may 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən dövlət rüsumu olaraq 30 manat məbləğində pul dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 44 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 09 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 874 manat məbləğində əsas borcun, 44 manat cərimə borcu, cəmi 918 manat borc məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 874 (səkkiz yüz yetmiş dörd) manat məbləğində əsas borcun, 44 (qırx dörd) manat cərimə borcu, cəmi 918 (doqquz yüz on səkkiz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetlə Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-792/2025
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-792/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver