Məhkəmə qərarları › İş №2(053)-797/2023

Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-797/2023

07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-797/2023 07.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Pul tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamə qəbul edilən tarixə 1000 manat bank uçot dərəcəsini hesablamaqla 1400 manat pulun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər Ülvi Bədəlov və Cavabdeh1 01 mart 2023-cü il tarixdə ondan 1000 (min) manat borca pul almış, 2023-cü ilin iyun ayının 25-də geri qaytaracaqlarını öhdələrinə götürmüşlər. Bu barədə hər iki cavabdeh aralarında olan pul qəbzinə imza etmişlər. Lakin razılaşdıqları tarixdə borca aldıqları pulu qaytarmaqdan imtina etmişlər. Onun telefon zənglərinə cavab verməyib, telefonlarını bağlamışlar. Təqdim etdiyi borc qəbzini Ülvü Bədələv öz dəsti-xətti ilə yazmış və imzalamışdır. Cavabdehlərlə dəfələrlə aralarında borcun qaytarılması ilə bağlı söhbətlər olumuş, hər dəfə ondan bir-iki gün vaxt istəmiş, lakin sözlərini tutmamış, onu təkrar aldatmışlar. Pulun əvəzi olaraq ona Neftçala rayonu, Xəzər kəndində torpaq sahəsi təklif edilmiş, lakin torpaq sahəsini banka girov qoyduqlarına görə borc əvəzi adına keçirilməsindən imtina etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, onun özünə məxsus çörək sexi vardır. Cavabdeh1 qızı Ulduzə ondan borc istəmiş, o da Cavabdeh1 ilə görüşərək ona 1000 manat məbləğində borca pul vermişdir. Söhbət əsnasında Cavabdeh1 qızının adına torpaq sahəsi olduğunu bildirmişdir. O, Cavabdeh1la bir dəfə görüşmüşdür. Cavabdeh2 ilə görüşməmiş, telefon vasitəsilə danışmışdır. Yazılı qəbzi də ona telefon vasitəsilə atmışlar. Bu qəbzin əsli onda yoxdur. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. O, həmçinin qeyd edir ki, iddia ərizəsində cavabdehlərdən qətnamə qəbul edilən tarixə 1000 manat bank uçot dərəcəsini hesablamaqla 1400 manat pulun tutulmasını xahiş etsə də hazırda iddianın məbləğini azaldaraq cavabdehlərdən 1000 manatın xeyrinə tutulmasını istəyir və bununla bağlı məhkəməyə ərizəsini təqdim edir. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. Cavabdehlərə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan ***-***-**-** mobil nömrəsi ilə göndərilmiş Cavabdeh1 və Cavabdeh2 şəxsiyyət vəsiqələrinin surətləri əks olunmuş əlyazmada aşağıdakılar qeyd olunmuşdur: “Salam Mən Cavabdeh2 atam Cavabdeh1 Rahman oğlu. Bizim. İddiaçı. nə 1000 m borcumuz var onu 2023-ci iln 06 cı ay İyun ayını 25 də 1000 m borcu bağlayacıq. B.Ü İmza: Ə.A.İmza:” “Məcburi köçkün” vəsiqəsinin surətindən görünür ki, İddiaçı 25 iyul 2007-ci il tarixli qərara əsasən məcburi köçkün statusu almış və hazırda məskunlaşdığı ünvan Əzizbəyov rayonudur. Masallı Rayon Məhkəməsinin 4(050)-88/2023 nömrəli iş üzrə 14 avqust 2023-cü il tarixli qərarı ilə Cavabdeh2 haqqında həbs qətimkan tədbiri seçilməsi ilə barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin edilərək Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən Cavabdeh2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun tutulduğu 13 avqust 2023-cü il tarixdən hesab edilmişdir. Neftçala Rayon Məhkəməsinin 1(053)-52/2023 nömrəli iş üzrə 11 oktyabr 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X1 21 – 23 aprel 2023-cü il tarixləri üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Beləliklə, iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş əlyazmanın surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 1000 manat faizsiz borc almış və həmin məbləği 25 iyun 2023-cü ilə qədər qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsinə əsasən «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır». Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, “Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır”, “Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”, “Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehlərin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən əlyazmanın surətində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməmişdir. Belə olan halda dövlət rüsumu cavabdehlərdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdehlərə izah edilsin ki, Qiyabi Qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar