Məhkəmə qərarları › İş №2(053)-816/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-816/2023

26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-816/2023 26.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «İnzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri tələb olunması » tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 18 manat, Cavabdeh2 32 manat, Cavabdeh3 192 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumunun isə müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2021-ci il tarixli, MAS-3325 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh2 müvəqqəti sahiblik və istifadəsinə 2021-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə lizinq alan tərəfindən əməl edilməmiş, lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı MMC dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Neftçala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(053)-62/2023 saylı qətnaməsi ilə (hakim C.Qədimov) İddiaçı MMC-nin iddası qismən təmin edilmişdir. Cavabdehlər lizinq obyekti olan "Khazar SD" markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barələrində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxslər cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus "Khazar SD" markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobilin üzərində olan cərimələr şirkət tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir; 1.Cavabdeh1 idarə edərkən BNA ******* saylı protokola görə cəmi 18 manat;

2. Cavabdeh2 idarə edərkən BNA ******* saylı protokola görǝ 32 manat;

3. Cavabdeh3 idarə edərkən EQ 10614321 saylı protokola görǝ 16 manat, EQ 10253465 saylı protokola görǝ 16 manat, EQ 10614319 saylı protokola görə 80 manat, EQ 10614311 saylı protokola görǝ 80 manat. Yuxarıda qeyd edilən məbləğlərə görə İddiaçı MMC tərəfindən ümumilikdə 242 manat məbləğində cərimə ödənişləri icra edilmişdir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vasitəsinin faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin İddiaçı MMCnin direktoru X1 məhkəməyə ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxıb, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə, cavabdehlərin məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduqlarına baxmayaraq gəlmədiyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı MMC ilə X4 arasında bağlanmış 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsindən görünür ki, Ruzi Əsgərovun sifarişi ilə 2021-ci il buraxılışlı, «Khazar SD» minik markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320057 ban nömrəli, gümüşü rəngli avtomobil 16.700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 nömrəli Əlavəyə əsasən illik 19 % hesabı ilə 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397,67 manat ödənilməsi şərtilə sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 05 may 2021-ci il tarixli müqavilədən görünür ki, X4, X2 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 06 may 2021-ci il tarixli müqavilədən görünür ki, X2, Salman-zadə Emin Zakir oğlu və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Emin Salman-zadə öz üzərinə götürmüşdür. 23 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, Salman-zadə Emin Zakir oğlu, X2 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Namik Hüseynov öz üzərinə götürmüşdür. 18 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X2, X3 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Tural Fərəcov öz üzərinə götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X3, X5 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Elvin Əliyev öz üzərinə götürmüşdür. 21 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, X5, Cavabdeh2 və İddiaçı MMC arasında MAS-3325 saylı «Öhdəliklərin ötürülməsi» müqaviləsi bağlanmış və 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh2 öz üzərinə götürmüşdür. Neftçala Rayon Məhkəməsinin 2(053)-62/2023 nömrəli iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh2 22 fevral 2021-ci il tarixli, MAS-3325 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 07 avqust 2022-ci il tarixə 710 (yeddi yüz on) manat 46 (qırx altı) qəpik gecikdirilmiş əsas borc, 482 (dörd yüz səksən iki) manat 09 (doqquz qəpik) gecikdirilmiş mükafat borcu, 50 (əlli) manat dəbbə pulu borcu, 1.115 (min yüz on beş)) manat lizinq obyektinə dəymiş zərər, ümumilikdə 2.357 (iki min üç yüz əlli yeddi) manat 55 (əlli beş) qəpik borc və ödənilmiş 47 (qırx yeddi) manat 55 (əlli beş) qəpik dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İşdə olan İddiaçı MMC-nin xəbərdarlıq məktublarının (pretenziyanın) məzmunundan görünür ki, İddiaçı Cavabdeh2 32 manat, Cavabdeh1 18 manat, Cavabdeh3 192 manat məbləğində dəymiş ziyanın, yəni cərimə məbləğlərinin 7 gün ərzində ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. İşdə olan 25 aprel 2023-cü il tarixli 06 (altı) ədəd mədaxil qəbzlərindən görünür ki, DİN BDYPİ-nin hesabına ümumilikdə 242 manat (cərimə) ödənilmişdir. İşdə olan bank çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə «Paşa Bank» vasitəsilə 242 manat məbləğində ödəniş İddiaçı MMC tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası MM-nin 747.1, 747-1.1, 747-2 və 747-3.2-ci maddələrinə əsasən «Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur», «Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir)», «Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır», «Daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir». Azərbaycan Respublikası MM-nin 748-10.1-ci maddəsinə əsasən «Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». «X7» Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsinə görə «yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən əməkdaş nəqliyyat vasitəsini idarə edən şəxslərdən nəqliyyat vasitəsini dayandırmağı tələb edir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən «zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın». Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən «zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, Əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə «əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən «Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir». Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən «Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş cərimə məbləğlərinin geri tələbini irəli sürməkdə haqlıdır. İddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir...». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 18 (on səkkiz) manat, Cavabdeh2 32 (otuz iki) manat və Cavabdeh3 192 (yüz doxsan iki) manat olmaqla inzibati xəta haqqında protokollara görə İddiaçı MMC tərəfindən ödənilmiş pul vəsaiti, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, 0.40 (qırx) qəpik xidmət haqqı cavabdehlərdən tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar