Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-82/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cinayət yolu ilə ələ keçirilmiş, ona (iddiaçıya) məxsus olan, qiyməti 2.800 manat, çəkisi 25 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 2.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının (kaleli), ümumi qiyməti 3.000 manat təşkil edən 3 ədəd qızıl boyunbağının, qiyməti 1.000 manat təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl qadın üzüyünün, qiyməti 450 manat təşkil edən 1 ədəd qızıl kişi üzüyünün, qiyməti 3.500 manat təşkil edən 1 ədəd qızıl qadın qol saatının, qiyməti 650 manat, çəkisi 19 qram təşkil edən 1 ədəd qızıl boyunbağının, qiyməti 500 manat təşkil edən 1 ədəd almaz qaşlı qızıl üzüyün, ümumi qiyməti 3.500 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 1.500 manat təşkil edən brilyant qaşlı 1 cüt qızıl sırğanın, ümumi qiyməti 1.000 manat təşkil edən qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), qiyməti 700 manat təşkil edən 1 ədəd qadın saatının, ümumi qiyməti 650 manat təşkil edən brilyant qaşlı qızıl sırğa və üzük dəstinin (2+1 ədəd), ümumi qiyməti 3.500 manat, çəkisi 31 qram təşkil edən ağ qızıl materiallı və brilyant qaşlı sırğa, qızıl üzük, qızıl boyunbağı və qızıl qolbaq dəstinin (2+1+1+1 ədəd), ümumi qiyməti 2.000 manat təşkil edən qızıl sırğa, üzük, qolbaq və boyunbağının (2+1+1+1 ədəd), qiyməti 800 manat təşkil edən 1 ədəd brilyant qaşlı nişan üzüyünün, ümumilikdə 28.000 manat dəyərində qızıl-zinət əşyalarının naturada, bu mümkün olmadıqda isə onların dəyəri olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun habelə dövlət rüsumu olaraq ödənilmiş 174 manatın cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh 2020-ci ilin sentyabr ayının sonlarından 2020-ci ilin dekabr ayının əvvəllərinədək ona məxsus qızıl-zinət əşyalarının satılmasına kömək edə biləcəyi barədə yalan vədlər verib inandıraraq, etibarından sui-istifadə edib, aldatmış və ümumi dəyəri 28.000 manat təşkil edən xeyli miqdarda qızıl-zinət əşyalarını ondan alıb dələduzluq etmişdir. Cavabdehin əməlləri Neftçala Rayon Polis Şöbəsində aparılmış istintaq sənədləri ilə sübuta yetirilmiş və Neftçala Rayon Məhkəməsinin 05 yanvar 2022-ci il tarixli hökmü ilə ona 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Neftçala Rayon Məhkəməsinin həmin hökmü Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb. Cavabdeh istər yuxarıda qeyd olunan qızıl-zinət əşyalarını, istərsə də onların dəyərini təşkil edən 28.000 manatı bu günədək qaytarmayıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. Bunu barəsində aparılmış cinayət işinin ibtidai istintaqı, həmçinin məhkəmə istintaqı dövründə dəfələrlə bildirib. İddia tələbi isə heç bir əsası və sübutu olmayan, iddiaçı ilə münasibətlərinin pisləşməsi səbəbindən sonuncu tərəfindən ona qarşı yönəlmiş böhtandır. İddiaçı ona 3 – 4 dəfəyə 28.000 manat dəyərində qızıl-zinət əşyalarını verdiyini bildirdiyinə baxmayaraq bunu təsdiq edə biləcək hər hansı bir yazılı sübut, o cümlədən borc müqaviləsi yoxdur. Bu qədər dəyəri olan əmlakın isə heç bir sənəd olmadan verilməsi məntiqli deyil. İddiaçıdan bir dənə də olsun qızıl almayıb. Buna baxmayaraq cinayət işi üzrə məhkəmə baxışı zamanı onun heç bir sübutuna baxılmayıb. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, İddiaçı Neftçala rayon sakini, Cavabdeh isə həm də müəllimə kimi tanıyır. İddiaçı evində qızıl, yataq dəsti, paltar, şampun və s. bu kimi malların satışı ilə məşğul olurdu. Onun (şahidin) anası Esmira Qardaşova isə qızıl əşyalarının satışı ilə məşğuldur. İddiaçı bir neçə dəfə anası Esmiradan qızıl-zinət əşyaları alıb, aparıb sataraq pulunun yarı hissəsini əvvəlcədən, qalanını isə hissə-hissə hər ay ödəyirdi. Sonradan Şükufənin aldığı qızılların pulunu qaytarmadığını görüb özü şəxsən ondan səbəbini soruşmuşdur. Şükufə də ona qızılları Xuraman xanıma verdiyini demişdir. Rayonda yaşadıqları üçün Xuramanın bir çox adamlara borclu olması barədə məlumatları olub. Ona görə də Şükufəyə irad bildirmişdir ki, «niyə bu qədər qızılı Xuramana verib? Şükufə də öz növbəsində Xuramanı yaxşı tanımadığını, onun bir çox adamlara borcunun olmasından xəbərsiz olduğunu bildirmişdir. Onların Şükufə xanımla bu mövzuda dəfələrlə söhbətləri, hətta mübahisələri olub. Bu səbəbdən yaşlı anası xəstəlik tapıb. Hətta Cavabdeh cinayət işi açılanda onlar da zərərçəkmiş şəxs kimi polisə ərizə ilə müraciət etmək istəmişlər ki, qızıllarını və ya pullarını alsınlar. Bu zaman Şükufə onlara mane olaraq qızılları Xuramana özünün verdiyini, ona görə də özünün şikayət etdiyini və polis vasitəsilə Xuramandan onları alıb gətirib qaytaracağını demişdir. Bir müddət sonra onlara məlum olmuşdur ki, Xuramana 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan sonra Şükufədən qızıllarının pulunu tələb etmişlər. O, da müxtəlif bəhanələr gətirərək pulu yubatmışdır. Bir müddət də Şükufə ağır xəstəlik keçirdiyindən anası Esmiranın ona yazığı gəlib xəstə olduğu müddətdə ondan pulu tələb etməmişdir. Ona oynadıqları lotereyaya qoşulmasını, heç olmasa pulu bu yolla hissə-hissə qaytarmasını təklif etmişlər. Şükufə də bununla razılaşmışdır. Bundan sonra Şükufə 2 dəfə, hər dəfə 100 manat olmaqla, cəmi 200 manat pul ödəmiş və bir də aylıq lotereya pulunun əvəzinə 1 ədəd serviz vermişdir. Vəssalam. Bundan başqa hər hansı bir ödəniş etməmişdir. Şükufənin Xuramandan pul tələb etməsini bildikdən sonra özü istəmişdir ki, məhkəməyə gəlib Xuramana verilən qızılların hamısının onlara məxsus olduğunu bildirsin. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunur ki, Cavabdeh 21 noyabr 2023-cü ildə cinayət cəzası çəkdiyi 4 saylı Cəzaçəkmə Müəssisəsindən məhkəməyə ərizə göndərərək iddianı qəbul etmədiyini bildirmiş, habelə Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən mübahisəyə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarının nəticəvi hissəsində qeyd olunur: «1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin». Həmin Məcəllənin 18-ci fəslinə aid olan 373.1-ci maddəyə əsasən «ümumi iddia müddəti on il təşkil edir». Eyni Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafına aid olan 551.2.4-cü maddəyə əsasən «məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir». İşin faktik hallarını və qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddətinin keçməsi əsası ilə hazırkı iddianın rədd olunması mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Mülki-prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərinə görə “Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir”. İş materiallarına Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli cinayət işi üzrə 05 yanvar 2022-ci il tarixli hökmünün surəti əlavə olunur. Həmin hökmlə aşağıdakılar müəyyən edilib: «Cavabdeh tanışı İddiaçı ona məxsus qızıl-zinət əşyalarının satılmasına köməklik edə biləcəyi barədə yalan vədlər verib inandıraraq 2020-ci ilin sentyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə sonuncunun yaşadığı ünvan 1 ünvanında vahid niyyətlə 2800 manat dəyərində 25 qramlıq bir ədəd qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının ortalarında günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 2000 manat dəyərində uc hissəsində kale olan bir ədəd qızıl boyunbağını, üç ədəd ümumi dəyəri 3000 manat olan qızıl boyunbağını, 2020-ci ilin oktyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 1000 manat dəyərində bir ədəd qızıl boyunbağını, 450 manat dəyərində bir ədəd qızıl qadın üzüyünü, 450 manat dəyərində bir ədəd kişi üzüyünü, 3500 manat dəyərində 19 qramlıq bir ədəd qadın qol saatını, 650 manat dəyərində bir ədəd qızıl boyunbağını, 500 manat dəyərində almaz qaşlı bir ədəd qızıl üzüyü, 2020-ci ilin noyabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 1500 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğanı, 1000 manat dəyərində bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 700 manat dəyərində bir ədəd qadın saatını, 650 manat dəyərində brilyant qaşlı bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük dəstini, 2020-ci ilin noyabr ayının sonunda günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 3500 manat dəyərində 31 qramlıq ağ qızıldan hazırlanmış brilyant qaşlı bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2000 manat dəyərində bir cüt sırğa, bir ədəd üzük, bir ədəd qolbaq və bir ədəd boyunbağı dəstini, 2020-ci ilin dekabr ayının əvvəlində günü istintaqa məlum olmayan tarixdə həmin ünvanda 800 manat dəyərində brilyant qaşlı bir ədəd nişan üzüyünü, vahid niyyətlə ümumilikdə 28000 manat dəyərində xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Cavabdeh 01 fevral 2021-ci il tarixdə saat 17 radələrində Neftçala şəhəri, Y.Hacıyev küçəsində yerləşən yaşadığı evinin həyətində İddiaçı ilə şəxsi münasibətlər zəminində mübahisə edərək sonuncunu həyətindən küçəyə çıxardıqdan sonra küçədə mübahisə zamanı İddiaçı sol qol və sağ qol nahiyələrinə daşla vuraraq ona “sol bazunun yuxarı 1/3-nin, sağ bazunun orta 1/3-nin bayır səthlərinin qançırları, sol bazu oynağının hərəkət məhdudluğu” ilə müşayiət olunan sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur». Cavabdeh bu əməllərinə görə yuxarıda qeyd olunan hökmlə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə, CM-nin 128-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-271/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərarı ilə Neftçala Rayon Məhkəməsinin 1(053)-01/2022 nömrəli iş üzrə 05 yanvar 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1645/2022 nömrəli iş üzrə 24 noyabr 2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-271/2022 nömrəli iş üzrə 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Cavabdeh məhkəməyə kompakt diskdə və yaddaş kartında (fleşkart) videofayllar təqdim edib. Həmin videofayllara işin məhkəmə baxışı zamanı baxış keçirilmişdir. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, göstərilən fayllar hazırkı iş üzrə hər hansı sübut əhəmiyyətinə malik deyil. Məhkəmə eyni zamanda yuxarıda göstərilən məhkəmə aktlarını və Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, Cavabdeh dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə iddiaçının 28.000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirməsi halı sübuta yetirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MM-nin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən «Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın», «Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür», «Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır». Beləliklə, İddiaçı Cavabdeh iddia ərizəsində göstərilən əmlakları naturada və ya onların dəyəri olan 28.000 manat məbləğində pulu tələb etmək hüququna malikdir. Cavabdeh iddia ərizəsində (eyni zamanda Neftçala Rayon Məhkəməsinin müvafiq hökmündə) sadalanmış əşyaları iddiaçıdan almadığını və bu əşyaların onda (cavabdehdə) olmadığını bildirir. Bunu və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə mübahisəli əşyaların cavabdehdən naturada alınmasını mümkün saymır. Ona görə də cavabdehdən müvafiq əşyaların hökmlə müəyyən edilmiş dəyəri tutulmalıdır. İddiaçı məhkəməyə müraciət edərkən 174 manat məbləğində dövlət rüsumu ödəyib. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat və iddia ilə məhkəməyə müraciət olunması üçün iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 174 (yüz yetmiş dörd) manat tutularaq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-82/2024
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-82/2024
29.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver