Məhkəmə qərarları › İş №2(053)-832/2024

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-832/2024

23.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-832/2024 23.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qeyri-qanuni sahiblikdən geri tələb edilməsi və ya dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında audio video yazı istifadə edilməklə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus 27 baş xırdabuynuzlu heyvanın (qoyun) Cavabdeh qanunsuz sahibliyindən geri alınması, bu mümkün olmadıqda isə həmin heyvanların bazar dəyəri olan 6 000 manat pul vəsaitinin ondan tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında ona məxsus 32 (otuz iki) baş qoyunun ötən ilin aprel ayının ilk ongünlüyündə yaylaqda otarılması, yemlənmə və sağlamlıq xərcləri tərəfindən qarşılanmaqla zəruri tələbatlarına uyğun bəslənib-saxlanılması, təhlükəsizliyinə nəzarət və təbii artımının təmin edilməsi barədə şifahi razılaşma olmuşdur. Razılaşma şərtlərinə görə, yuxarıda göstərilən tədbirlərin cavabdeh tərəfindən həyata keçirilməsi qarşılığında ona hər heyvan üçün tərəfindən 2 (iki) manat ödəniş edilməli, heyvanlar ötən ilin oktyabr ayında ona təhvil verilməli, yaxud onun yanında saxlanılmaqla ödənişlərin müddəti 6 (altı) ayın sonunadək uzadılmalı idi. Heyvanların təbii artım yolu ilə çoxalması, eyni zamanda ondan asılı olmayan hallarla əlaqədar baş verən itkilər barədə cavabdeh müvafiq fotoşəkillər çəkib göndərməklə onu məlumatlandırmalı, bu barədə qeydlər aparmalı idi. Qeyd edir ki,həmin razılaşmanın ziddinə olaraq cavabdeh tərəfindən üzərinə götürülən öhdəliklər lazımınca icra edilməmişdir. Belə ki, heyvanlar yaylaqda olduqları müddət ərzində 13 (on üç) heyvanın təbii törəməsi yolu ilə ümumi 18 (on səkkiz) baş heyvan həcmində artmış, lakin razılaşdırılan şəkildə o, bundan məlumatlandırılmamışdır. Tərəfindən yaylağa göndərilmək üçün ona təqdim edilmiş və daha sonra sürüyə qoşulan ümumi 32 (otuz iki) baş heyvandan ona sadəcə 3 (üç) baş heyvan geri qaytarılmış, qalan 29 (iyirmi doqquz) baş heyvan, eyni zamanda yaylaqda artan 18 (on səkkiz) baş heyvan, ümumilikdə 47 (qırx yeddi) baş heyvan razılaşdırılan tarixdə ona qaytarılmalı olduğu halda qaytarılmamışdır. Yalnız ötən ilin oktyabr ayından hazırkı günə qədər cavabdeh ona 20 (iyirmi) baş heyvanını geri qaytarmışdır. Beləliklə, cari tarix üçün cavabdehin qanunsuz sahibliyində ona məxsus 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvan olan qoyun mövcuddur. Cavabdehlə aralarında votsap sosial şəbəkəsi vasitəsilə aparılmış danışıqlar zamanı o, qeyd edilən xüsusatları etiraf etmiş, ona qaytarmalı olduğu halda qaytarmadığı heyvanları qaytaracağını vəd etmişdir. Göstərilənlərlə bağlı cavabdeh tərəfindən icra edilməyən öhdəliyin icra edilməsinə və edilmədiyi təqdirdə məsuliyyət məsələsinin izahına dair tərəfindən göndərilmiş xəbərdarlıq məktubuna qarşı qarşı tərəfdən reaksiya verilməmiş, beləcə mübahisənin məhkəməyədək həll yolları effektsiz qalmışdır. Belə olduğu halda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəsində qeyd etdiyi əsaslarla hesab edir ki, ona məxsus 27 (iyirmi yeddi) baş xırdabuynuzlu heyvan (qoyun) cavabdehin qanunsuz sahibliyindən geri alınmalı, bu, mümkün olmadıqda həmin heyvanların bazar dəyəri olan 6.000 (altı min) manat pul vəsaiti ondan tutularaq xeyrinə ödənilməlidir. İddiaçı işin 30 avqust 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı iddia tələbinin həcminin artırılması haqqında ərizə təqdim edərək işin faktiki hallarını nəzərdən keçirərək iddia tələbinin xahiş edirəm hissəsinin aşağıdakı redaksiyada qəbul edilməsini “Mənə məxsus 27 (iyirmi yeddi) baş, cavabdehin qanunsuz sahibliyində olduğu müddət ərzində əldən çıxmış fayda ilə birlikdə 101 (yüz bir) baş xırdabuynuzlu heyvanın (qoyun) Cavabdeh qanunsuz sahibliyindən geri alınması, bu mümkün olmadıqda isə həmin heyvanların bazar dəyəri olan 6000 (altı min) manat pul vəsaitinin, eyni zamanda məhkəmədə iddianın qaldırılması üçün tərəfimdən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan tutularaq xeyrimə ödənilməsi haqqında qətnamə qəbul edəsiniz” xahiş etmişdir. İddiaçı işin 07 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək işin faktiki hallarını nəzərdən keçirərək iddia tələbinin xahiş edirəm hissəsinin aşağıdakı redaksiyada qəbul edilməsini “Mənə məxsus 27 (iyirmi yeddi) baş, cavabdehin qanunsuz sahibliyində olduğu müddət ərzində əldən çıxmış fayda ilə birlikdə 101 (yüz bir) baş xırdabuynuzlu heyvanın (qoyun) Cavabdeh qanunsuz sahibliyindən geri alınması, bu mümkün olmadıqda isə həmin heyvanların bazar dəyəri olan 30300 (otuz min üç yüz) manat pul vəsaitinin, eyni zamanda məhkəmədə iddianın qaldırılması üçün tərəfimdən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan tutularaq xeyrimə ödənilməsi haqqında qətnamə qəbul edəsiniz” xahiş etmişdir. Cavabdeh işin 25 oktyabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı ərizə təqdim edərək bildirir ki, İddiaçı 12 aprel 2023-cü il tarixdə onun heyvanlarını saxlamaq məqsədilə Neftçala rayonu, Mürsəqulu 1 ərazisində yerləşən Sübh adasına 26 baş xırdabuynuzlu 4 ədəd erkək, 18 qoyun, 4 quzu təhvil alaraq aparmışdır. 2023-cü ilin may ayının əvvəli İddiaçı 550 manat 2 qoyun üçün pul almışdır. Ümumilikdə iddiaçının onda 28 baş xırdabuynuzlu heyvanları olmuşdur. 19 oktyabr 2023-cü ildə həmin heyvanlardan 3 ədəd erkək qoç və 20 ədəd qoyun tərəfindən şəxsən İddiaçı təhvil verilmişdir. Heyvanlardan 4 ədəd qoyun, 1 ədəd erkək qoç cəmi 5 ədəd heyvan tələf olmuşdur.Qoyunların təxmini çəkisi 15-17 kq arası, yaşı isə 0.8-1.2 yaş arası, 1 ədəd erkək qoç isə 1 illik olmaqla təxmini çəkisi 22 kq olmuşdur. Əlavə olaraq qeyd etmişdir ki, yeni doğulmuş 2 baş quzu iyun ayının 7-də tələf olmuşdur. İddiaçı işin məhkəmə baxışı zamanı iddia ərizəsinə dəqiqləşdirmə haqqında ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə aparılmasının zəruri olduğunu, hazırda iddia tələbinin həcmini azaldaraq Cavabdeh 8 baş quzunu, 1 baş erkək qoçu, 2 baş qoyunu tələb edir. Həmçinin qeyd edir ki, 8 baş quzunun 3-5 aylıq olması barədə cavabdehlə razılığa gəlmişdir. Qeyd etdiklərinin nəzərə alınmaqla iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı etiraf edərək, iddiaçının məhkəməyə bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, hazırda iddiaçının tələb etdiyi 8 baş quzunu, 1 baş erkək qoçu və 2 baş ana qoyunu ona qaytarmağa söz verir. Əlavə olaraq qeyd edir ki, 8 baş quzunun 3-5 aylıq olması ilə bağlı aralarında razılaşma vardır. Buna heç bir etirazı yoxdur. Ona görə də iddia tələbini etiraf etməklə iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Cavabdeh məhkəməyə izahatına uyğun məzmunlu ərizə təqdim edərək iddianı etiraf etdiyini bildirmiş, etirafının qəbul edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinin mənasına görə cavabdeh qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə bilər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən “İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddianı etiraf etmənin hüquqi nəticələrini tərəflərə izah etmişdir. Cavabdeh bildirmişdir ki, iddianın etirafı ilə bağlı fikri qətidir. İddiaçı isə iddianın etirafının qəbul edilərək məhkəmə tərəfindən təsdiq olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə cavabdeh tərəfindən iddianın etiraf olunmasını təsdiq etməyi mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən «Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır». Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən «…Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər». İş materiallarına əlavə edilmiş qəbzlərlə müəyyən olunur ki, İddiaçı məhkəməyə müraciət etmək üçün ilk olaraq 81 manat, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə təqdim etdikdə isə 100 manat olmaqla, ümumilikdə 181 manat dövlət rüsumu ödəyib. İddiaçı ərizəyə sonuncu dəqiqləşmə verərkən iddia tələbinin həcminin azaldılmasını istəsə də, dövlət rüsumu kimi ödənilmiş 181 manat vəsaitin tutulmasına münsibət bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Hazırkı qətnamə ilə iddianın əsas etibarilə təmin olunduğunu və yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ödənilmiş məhkəmə xərci (181 manat) cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1 baş erkək qoç (qoyun) 2 yaş həddində, 2 baş ana qoyun və 8 baş 3-5 aylıq quzu naturada alınaraq İddiaçı verilsin. Cavabdeh 181 (yüz səksən bir) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar