Məhkəmə qərarları › İş №2(053)-866/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-866/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-866/2023 01.09.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbiətə dəymiş ziyana görə 800 manat məbləğində pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi iddia tələbini onunla əsaslandırmışdır ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Kür çayının Neftçala rayonunun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində Cavabdeh tərəfindən 10 ədəd yulğun kolunun kökündən kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Faktla əlaqədar 25 oktyabr 2021-ci il tarixli, 70801 saylı Akt və MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxış zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Neftçala rayonu, Yenikənd kənd sakini Nağıyev Yasǝr İmamnəzər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 05 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə qərarı ilə 5000 (beş min) manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarına əsasən 800 (səkkiz yüz) manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli məktubla rəsmi müraciət olunsa da onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyan” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prosessual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşdə olan iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən tərtib edilmiş 25 oktyabr 2021-ci il tarixli, 70801 saylı aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 22-25 oktyabr 2021-ci il tarixlərində Neftçala rayonu, Xıllı qəsəbəsinin ərazisindən keçən, Kür çayının mühafizə zolağında olan yaşıllıqların götürülməsi və qazıntı işlərinin aparılması ilə əlaqəadar olaraq əraziyə baxış zamanı çayın mühafizə zolağında “CASE” markalı, sepli ekskavator vasitəsilə 40 mert uzunluğunda, 40 metr enində, dərinliyi 3 metr olan sahədə uzun illər bundan öncə batıb qalmış pantonun (yerin altında qalmış dəmir parçası) çıxarılmasından ötrü dərə qazılmışdır. Qazıntı işləri zamanı ərazidən 14 ədəd yulğun kolu (bundan 10 ədədi bioloji inkişafda olmaqla yaş halda, 4 ədədi isə qurudulmuş halda çıxarılaraq məhv edilmiş və 4 ədəd yulğun kolu zədələnmişdir. “CASE” markalı ekskavatorun sürücüsü X1 ilə aparılan söhbət zamanı bildirmişdir ki, o, Cavabdeh sifarişi ilə günəmuzd əmək haqqı ödənilməklə onun işlərini yerinə yetirir. İşdə olan 25 oktyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh 25 oktyabr 2021-ci il tarixdə Kür çayının Neftçala rayonu, Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində çayın mühafizə zolağında müvafiq icazə olmadan qazıntı işləri apararkən 10 (on) ədəd yaş halda və 4 (dörd) ədəd quru halda yulğun kolunun çıxarılmasına görə Azərbaycan Respublikasının İXM-nin 253.3.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İşdə olan 05 noyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 25 oktyabr 2021-ci il tarixdə Kür çayının Neftçala rayonuş, Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində çayın mühafizə zolağında müvafiq icazə olmadan qazıntı işləri apararkən 10 (on) ədəd yaş halda və 4 (dörd) ədəd quru halda yulğun kolunun çıxarılmasına görə Azərbaycan Respublikasının İXM-nin 253.3.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 5000 (beş min) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 25 oktyabr 2021-ci il tarixdə yazılmış 66171 saylı akta və MN ******* saylı protokola əlavə cədvəldən görünür ki, Cavabdeh apardığı qazıntı işləri nəticəsində çıxarılaraq məhv edilmiş hər yulğun kolu üçün 80 manat olmaqla, 10 ədəd yulgun kolunun məhv edilməsi nəticəsində təbiətə 800 manat ziyan dəymişdir. İşdə olan iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xəbərdarlıq məktubunun (pretenziyanın) məzmunundan görünür ki, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh təbiətə 800 manat məbləğində dəymiş ziyanın ödənilməsi üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin İİİ bəndinə əsasən “Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz”. Azərbaycan Respublikası “Yaşıllıqların Mühafizəsi haqqında” Qanununun 19- cu maddəsinə əsasən, “yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir”. Azərbaycan Respublikası “Ətraf mühitinin mühafizəsi haqqında” Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən “ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbiətə dəymiş ziyana görə 800 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 800 (səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar