Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-875/2023 01.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 4000 manat pulun tutularaq onların xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində İ qrup əlil kimi yaşamaqla ağır sosial şərait içindədir. Həyat yoldaşı ona baxdığı üçün heç bir yerdə işləmir. Vaxtı ilə atasının çoxlu heyvan qarası olmuşdur. Atası vəfat etdikdən sonra heyvanları digər İ qrup əlil olan qardaşı ilə satıb pulunu aralarlında bölmüşlər. Hazırda cavabdeh qismində tanıdığı, yəni pul verdiyi şəxs Cavabdeh atası onun onun sinif yoldaşı və dostu olmuşdur. Cavabdeh ondan pulu bacısı üçün toy etməkdən ötrü almışdır. Bu iki il əvvəl baş verib. Lakin cavabdeh həmin pulu hələ də qaytarmayıb. Cavabdeh Socarın işçisi olmaqla, neftçidir. Ondan hissə-hissə olmaqla 4000 manat məbləğində pul almışdır. Bu barədə iltizam da yazıb imza etmişdir. Cavabdehdən pulunu ala bilmədiyi üçün məhkəmə müraciət edir. Yataq xəstəsi İ qrup əlil olmasını və ailə vəziyyətini nəzərə alıb Cavabdeh iki il əvvəl verdiyi 4000 manat pulun alınıb ona verilməsini xahiş edir. İddiaçı1 iddia ərizəsinə dəqiqləşmə ərizəsi göndərərək cavabdehin hazırki maddi durumunu nəzərə alıb ondan 2500 manat pulun xeyrlərinə tutulmasını xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, ağır xəstəliyi ilə əlaqədar növbəti məhkəmə iclasında iştirak edə bilməyəcək, xahiş edir işə onun iştirakı olmadan baxılsın. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, iş üzrə cavabdehlə həmkəndli, həm də qohumdurlar. Ona hissə-hissə 4000 manat pul vermişlər. Cavabdeh bu məbləğləri hər dəfə bir bəhanə ilə onlardan istəmiş, lakin qaytarmamışdır. Dəfələrlə evinə gedib borcu tələb etmişlər. İltizam yazılanda razılaşmışlar ki, hər ay 150 manat ödəniş etsin. Lakin o, bu razılaşmaya da əməl etməmişdir. Hazırda cavabdehin maddi durumunu nəzərə alıb iddia ərizələrinə dəqiqləşmə verərək cavabdehdən cəmi 2500 manat məbləğində pul tələb edirlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Cavabdehə işin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərildiyinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İddiaçılar işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini yazılı formada bildirmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə əsasən məhkəmə hazırkı mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçını dinləyib, toplanmış materialları tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan yazılı iltizamdan görünür ki, Neftçala rayonu İİ Qaralı kənd sakini Cavabdeh həmin kənd sakinləri İddiaçı2 və İddiaçı1 25 may 2020-ci ildə bacısına toy etmək adıyla 4000 manat borc pulu bir il müddətinə almış, bir ildən sonra qaytarmağı öhdəsinə götürmüş, qaytara bilmədiyi halda 1000 manat əlavə konpensasiya verəcəyini və buna görə məsuliyyət daşıdığını qeyd edərək 25 may 2020-ci il tarixli iltizamı imzalamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, «Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsinə əsasən «Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır», «Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır». Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 441.1, 441.2 və 441.3-cü maddələrinə əsasən, “Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır”, “Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər”, “Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər”. Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən iddia ərizəsində və “iddia ərizəsinə olan dəqiqləşmə” də göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdir. İddiaçı məhkəməyə müraciət edərkən 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». İddianın əsas etibarilə təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 238, 241 – 244, 252, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 60 (altmış) manat tutularaq iddiaçılar İddiaçı1 İddiaçı2 verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Neftçala Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdirlər. Qətnamədən rəsmi qaydada verildiyi bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №2(053)-875/2023
Neftçala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(053)-875/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver