Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-898/2022 27.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, İddiaçı, cavabdeh (məhkum) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 15.000 (on beş min) manat məbləğində pul dəyərində maddi ziyan və 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun cəmi 15.135 (on beş min yüz otuz beş) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək, Cavabdeh ona 15.000 manat miqdarında maddi ziyan vurduğunu bildirmişdir. Belə ki, Cavabdeh 31 Mart 2022-ci il tarixdə saat 02 radələrində Neftçala rayon Xoltəzəkənd kəndi ərazisində yerləşən və ona məxsus olan saxlanc yeri hesab edilən ərzaq malları mağazasının tavanındakı şiferi və taxta diki sındırıb qanunsuz olaraq içəri daxil olaraq 1.303,80 manat dəyərində maddi ziyan və vətəndaşlar tərəfindən ödənilməli olan 15.000 manatlıq borc dəftərini oğurlamışdır. Neftçala Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli 1(053)- 80/2022 nömrəli hökmünə əsasən qeyd etdikləri, 1.303,80 manat dəyərində maddi ziyanın ödənilməsi hökmdə öz təsdiqini tapmışdır. Hazırda, hökmdə göstərilsə də, 15.000 manatlıq borc dəftərini oğurlamasına görə dəymiş ziyanın ödənilməsi nəzərdə tutulmadığı üçün iddia qaldırmışdır. Cavabdeh onun dükanından borc dəftərini götürüb yandırdığı üçün, o, da şirkətlərdən borca aldığı malların pulunu ödəmək üçün bankdan 8.000 manat kredit götürmüşdür. Üç il ərzində 11.000 manat qaytarmalıdır. Aylıq 302 manat məbləğində kredit ödəməlidir. Məhkəmənin hökmü ilə müəyyən olunmuş 1.300 manat məbləğində pulu da cavabdeh qaytarmamışdır. Borc dəftərində 15.000 manat borcun olduğu qeyd edilmişdi. Cavabdeh borc dəftərini yandırdığını özü də etiraf etmişdir. Oğurluq hadisəsi olandan camaatda olan borcunu yığa bilməmişdir. Hesab edir ki, iddia tələbi ilə bağlı 135 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulmalı və ona ödənilməlidir. İddiasının tam təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının ondan 15.000 manat maddi ziyan tələb etməsinin heç bir əsası olmadığını, törətdiyi cinayət əməlinə görə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, Neftçala Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə mülki İddiaçı ona qarşı 1.303,80 manat məbləğində pul tələbinə dair mülki iddiasının təmin edildiyini, hazırkı iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. İş materiallarına Neftçala Rayon Məhkəməsinin 1(053)-80/2022 nömrəli iş üzrə 27 iyul 2022-ci il tarixli hökmünün surəti əlavə olunub. Həmin hökm üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallar aşağıdakı kimidir: “Cavabdeh 31 mart 2022-ci il tarixdə saat 02 radələrində Neftçala rayonu Xoltəzəkənd kəndinin ərazisində İddiaçı məxsus olan saxlanc yeri hesab edilən ərzaq malları mağazasının tavanındakı şiferi və taxta diki sındırıb qanunsuz olaraq içəri daxil olaraq oradan 250 manat pul, 700 manat dəyərində “Arqo”, “Bakı”, “Vinston”, “LD”, “Kent 4”, “Vinçester” (kompakt) və “Vinçester” (nazik) markalı siqaretləri, 60 manat dəyərində “Azercell”, “Bakcell” və “Azerfon mobil telefon operatorlarına aid danışıq kartlarını, 1 ədəd 25 manat dəyərində kişi ayaqqabısını, 48 ədəd hər birinin dəyəri 2 manat olan qaloşları, 2 ədəd hər birinin dəyəri 8 manat olan kolbasanı, 4 blok hər birinin dəyəri 14 manat 50 qəpik olan saqqızları, 2 şüşə hər birinin dəyəri 10 manat olan “orginal” markalı araqları, 3 büküm hər birinin dəyəri 4 manat olan sosisləri, 24 ədəd 0,33 ml çəkidə hər biri 70 qəpik olan enerji içkisi olan bizonları, 24 ədəd 0,5 ml çəkidə hər biri 1 manat olan enerji içkisi olan bizonları, 7 ədəd hər birinin dəyəri 3 manat olan kişi ətirlərini, hər birinin dəyəri 1 manat olan 5 ədəd borc dəftərini, ümumilikdə 1.303 manat 80 qəpik məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir”. Neftçala Rayon Məhkəməsinin yuxarıda göstərilən hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq olunmaqla 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmçinin cinayət işi üzrə mülki İddiaçı mülki Cavabdeh qarşı pul tələbinə dair mülki iddiası tam təmin edilərək, mülki Cavabdeh mülki İddiaçı xeyrinə 1.303,80 manat məbləğində pul tutulması qərara alınmışdır. Hökmdən göründüyü kimi, məhkəmə iddiaçının bildirdiyi borc dəftərlərinin dəyərini hər biri bir manat olmaqla müəyyən edib. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmiş və hökm qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Hazırkı işin materiallarına həmçinin iddiaçı tərəfindən təqdim olunmuş tibbi sənəd surətləri əlavə edilir. İddiaçının bildirdiklərindən görünür ki, o, cavabdehdən yuxarıda göstərilən dəftərlərin özü-özlüyündə dəyərini, yəni cinayət təqibi üzrə işə baxmış məhkəmənin həmin dəftərlərin ayrı-ayrılıqda dəyərləri kimi müəyyən etdiyi 1 manatları (hər birinin dəyəri 1 manat olmaqla 5 ədəd borc dəftəri) deyil, bu dəftərlərdə ayrı-ayrı şəxslərin borcları kimi göstərilmiş məbləğləri tələb edir. Belə olan halda cinayət işi və hazırkı mülki iş üzrə tərəflər eyni olduğuna baxmayaraq, hazırkı mülki iş üzrə iddianın predmeti və əsasları, cinayət işi üzrə mülki iddianın predmetindən və əsaslarından fərqlidir. Bunu nəzərə alaraq məhkəmə hazırkı mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxarılmasını mümkün saymışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçının özü tərəfindən sübuta yetirilməlidirlər. Məhkəmə tərəfləri dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddiaçı cavabdehə qarşı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməyib. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, borc dəftərlərindəki yazıların və orada qeyd olunan rəqəmlərin (iddiaçı bildirir ki, borc dəftərlərində ayrı-ayrı şəxslərin ona olan borclarını, habelə öz borclarını qeyd etmişdir) özü-özlüyündə heç bir maddi dəyəri yoxdur. Şübhəsiz ki, dəftərlərin cavabdeh tərəfindən yandırılması iddiaçının bir sıra problemlərlə üzləşməsinə səbəb olmuş, o cümlədən pul borclarının dəqiq uçotunun aparılmasına müəyyən əngəllər törətmişdir. Lakin iddiaçının bildirdiyi dəftərlərdə məhz 15.000 manatlıq borcların qeyd edildiyi heç bir sübutla müəyyən olunmamaqla yanaşı, cavabdehin borc dəftərlərini oğurlayıb yandırması nəticəsində iddiaçıya vurulmuş zərərin konkret miqdarını, o cümlədən zərərin məhz 15.000 manat təşkil etdiyini təsdiq edə biləcək hər hansı sübut da məhkəməyə təqdim olunmamışdır. Göstərilənləri və işin s. faktik hallarının nəzərə alaraq məhkəmə iddianın təmin olunmasını mümkün saymır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən “Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir”. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını və iddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəməyə iddia ilə müraciət olunması üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın”. Azərbaycan Respublikası MPM-nin 14.2 və 217.4-cü maddələrinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”, “Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 238, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyan tələbinə dair” iddiası rədd edilsin. İddia ilə məhkəməyə müraciət olunması üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği onun özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-898/2022
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-898/2022
27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver