Məhkəmə qərarları › İş №2(053)-950/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-950/2023

28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-950/2023 28.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh qızının iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qızına qarşı iddia ilə məhkəməyə müraciət edərək, onlarla cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsi əsasında cavabdehə satılmış geyim əşyalarının ödənilməmiş dəyərini təşkil edən 1.926 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 39,26 manatın Cavabdeh qızından tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək Neftçala şəhərinin Şəhriyar küçəsində yerləşən və icarə müqaviləsi əsasında İddiaçı2 ilə birlikdə şərikli qaydada işlətdiyi obyektdə kiçik ticarətlə məşğul olduğunu bildirmişdir. Qeyd edir ki, Cavabdeh qızı ilə aralarında bu ilin fevral ayının təxminən ikinci ongünlüyü ərzində şifahi formada nisyə alğı-satqı müqaviləsi bağlanmış və sonuncuya ümumi dəyəri 1.926 manat təşkil edən müxtəlif geyim əşyaları satmışdır. Mallar cavabdehə bir neçə gün ərzində, hissə-hissə verilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Razılaşmalarına görə cavabdeh aldığı malların pulunu 1 ay ərzində ödəməli olsa da, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehdən pulunu tələb etdikdə, sonuncu hazırda pulu ödəmək imkanının olmadığını bildirərək demişdir ki, qardaşı Azad onu “yaşıllaşdırmaya” işə düzəldə bilər. İşə düzəldikdən sonra isə işə getməyəcək, lakin əməkhaqqı alacaqdır. Sonuncunun bu təklifi ilə razılaşmışdır. Lakin uzun müddət keçdiyinə baxmayaraq, nə, satdığı malların pulu ödənilmiş, nə də ki, işə düzəldilmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxladığına baxmayaraq, nəticə əldə olunmadığını görüb, nəhayət Azadla əlaqə saxlamış, sonuncu isə ona bildirmişdir ki, cavabdeh onu işə düzəltmək üçün heç bir pul məbləği verməyib və cavabdehlə belə bir söhbəti olmayıb. Ona görə də cavabdehlə yenidən dəfələrlə əlaqə saxlayıb ondan borclu olduğu məbləği ödəməsini tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh bu yolla başqa şəxslərdən də müxtəlif malları nisyə almış, pulunu isə ödəməmişdir. Cavabdehin əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna ərizə yazmışdır. Ərizəsi aidiyyəti üzrə araşdırılması üçün Neftçala Rayon Prokurorluğuna, oradan isə Neftçala Rayon Polis Şöbəsinə göndərilmişdir. Neftçala RPŞ-nin təhqiqat qrupunda aparılmış araşdırma nəticəsində Cavabdeh əməlində cinayət tərkibinin olmaması müəyyən edilərək cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı ilə şikayəti təmin edilərək Neftçala RPŞ-nin təhqiqat qrupunun HK-1/657 nömrəli material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 avqust 2023-cü il tarixli qərarı qanunsuz hesab olunmaqla ləğv edilmişdir. Lakin sonradan aparılmış təkrar araşdırma nəticəsində də Cavabdeh cinayət məsuliyyətinə cəlb olunmamışdır. Cavabdeh borclu olduğunu dolayı şəkildə olsa da etiraf edir, lakin ondan tələb olunan məbləğdə borcu ödəməyəcəyini aşkar şəkildə bəyan edir. Qeyd edir ki, cavabdehlə aralarında telefon danışıqları olmuş və bu danışıqlar qeydə alınmışdır. Həmin danışıqların mətnində cavabdehin ondan tələb olunan məbləğdə borcunun olması barədə təsdiqedici ifadələri yer almışdır. Mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Hesab edir ki, cavabdehdən 1.926 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 39,26 manatın alınaraq onlara ödənilməsi barədə iddiaları tam əsaslıdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı2 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək, İddiaçı1 bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Eyni zamanda bildirir ki, cavabdehə satılmış malların bir qismi ona, digər qismi isə İddiaçı1 məxsus olub. İddianın təmin olunmasının məhkəmədən xahiş edir. Bütün məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh qızı məhkəmənin yalnız bir hazırlıq iclasına gəlmiş, digər iclaslara isə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. O, məhkəmənin hazırlıq iclasında iştirak edərkən iddiaçılara cəmi 500 manat məbləğində borcunun olduğunu etiraf etmiş, bu borcu isə iddiaçıların onun Vətən Müharibəsi qazisi olan qardaşının barəsində, yəni sonuncunun narkoman olması barədə həqiqətə uyğun olmayan şər və böhtan ifadələr işlətdikləri üçün qaytarmayacağını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini, iddiaçıların isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiklərini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda xırda ticarətlə məşğul olur. İddiaçı1 onun xalasının nəvəsidir. Qeyd edir ki, İddiaçı2 da tanıyır. Aysel Sədəflə birlikdə Neftçala şəhər mərkəzi bazarında onunla qonşuluqdakı dükanda şərikli alver edirlər. Cavabdeh qızını isə keçmiş müştərisi olduğu üçün tanıyır. Belə ki, Cavabdeh bir neçə il bundan əvvəl ondan 165 manat dəyərində müxtəlif çeşidli malları nisyə alıb, lakin pulunu bu vaxtadək ödəməyib. Təsadüfən Cavabdeh Sədəfgilin işlətdiyi dükandan əlində çantalarla çıxdığını gördükdən sonra Sədəfə yaxınlaşaraq ondan Nigar barədə soruşmuşdur. Sədəf Nigara satması üçün xeyli malı nisyə verdiyini bildirmişdir. Bu zaman Sədəfə Nigarın çoxlarına borclu olduğunu demiş və onun bu üsulla çoxlarından, o cümlədən də ondan nisyə mal aldığını, lakin pulunu hələ də ödəmədiyini bildirmişdir. Şahid həmçinin qeyd edir ki, Nigarın Sədəfin dükanından cəmi bir dəfə mal aldığını görmüş, həmin malların qiymətinin ümumilikdə 1.926 manat olduğunu Sədəf ona demişdir. İddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Neftçala şəhərinin Şəhriyar küçəsində yerləşən mərkəzi bazarda geyim əşyalarının satışı ilə məşğuldur. İddiaçı1 və İddiaçı2 da həmin bazarda onunla qonşuluqda geyim mağazasını işlədirlər. Cavabdeh qızını isə üzdən tanıyır. Onların heç biri ilə qohumluğu və ya ədavəti yoxdur. Bu ilin fevral ayının təxminən 10-dan 18-dək olan müddətdə Cavabdeh Sədəfdən təxminən 2.000 manat dəyərində müxtəlif geyim əşyalarını nisyə alıb aparmasını görmüşdür. Sonradan Sədəfin və Ayselin ona demələrindən bilir ki, Nigar həmin əşyaların pulunu iddiaçılara ödəməyib. İddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, təxminən 30 ildir ki, Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda özünə məxsus mağazada müxtəlif geyim əşyalarının ticarəti ilə məşğuldur. İddiaçı1 və İddiaçı2 da həmin bazarda, onunla qonşuluqda yerləşən mağazada qadın və uşaq paltarlarının satışı ilə məşğul olduqları üçün tanıyır. Cavabdeh qızını Neftçala rayonu, Bankə qəsəbə sakini kimi tanıyır. Onların hər bir ilə normal münasibətləri vardır, lakin heç biri ilə qohumluğu və ya ədavəti yoxdur. X5 işlətdiyi mağazadan müxtəlif qadın geyimləri və digər geyim əşyalarını nisyə aldığını görmüşdür. Bu hadisə 2023-cü ilin təxminən fevral ayına təsadüf edir. Eşitdiyinə görə Nigarın Sədəfgildən nisyə aldığı malların ümumi qiyməti təxminən 2.000 manat civarındadır. Nigarın həmin malların pulunu ödəmədiyini Sədəflə Ayseldən eşidib. Məhkəmə işin faktik hallarını araşdırıb, işin məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin olunmalıdır. «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 03 avqust 2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Neftçala şəhəri, 6-cı məhəllə ünvanında yaşayan İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış HK-1/657 saylı material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş və ünvan 2 ünvanında yaşayan Cavabdeh qızının Neftçala şəhəri, Şəhriyar küçəsində xırda ticarətlə məşğul olan İddiaçı1 aralarında olmuş şifahi razılaşmaya əsasən 10-18 fevral 2023-cü il tarixlərinə olan müddət ərzində 1.926 manat dəyərində nisyə geyim əşyaları alması və pulunu ödəməməsi ilə bağlı yaranan mübahisə mülki xarakterli olduğundan İddiaçı1 bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Neftçala Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 6(053)-3/2023 saylı qərarının surətindən görünür ki, Neftçala Rayon Polis X3 təhqiqatçısı X1 «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 avqust 2023-cü il tarixli qərarından İddiaçı1 tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayət təmin edilərək Neftçala Rayon Polis X3 təhqiqatçısı X1 HK-1/657 nömrəli material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 03 avqust 2023-cü il tarixli qərarı qanunsuz hesab olunmaqla ləğv edilmişdir. Neftçala RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı X2 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 19 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin qərarla Neftçala şəhəri, 6-cı məhəllə ünvanında yaşayan İddiaçı1 şikayət ərizəsi əsasında toplanmış HK-1/657 saylı material üzrə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması yenidən rədd edilmiş və ünvan 2 ünvanında yaşayan Cavabdeh qızının Neftçala şəhəri, Şəhriyar küçəsində xırda ticarətlə məşğul olan İddiaçı1 aralarında olmuş şifahi razılaşmaya əsasən 10-18 fevral 2023-cü il tarixlərinə olan müddət ərzində 1.926 manat dəyərində nisyə geyim əşyaları alması və pulunu ödəməməsi ilə bağlı yaranan mübahisə mülki xarakterli olduğundan İddiaçı1 bu barədə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi kompakt diskdəki səs yazılarından (İddiaçı1 ilə Cavabdeh qızı arasında müxtəlif vaxtlarda aparılmış danışıqlar) cavabdehin iddiaçılardan müxtəlif növ geyim əşyalarını nisyə alması və bunun müqabilində borcunun olmasını etiraf etməsi görünür. Danışıqların məzmunundan həmçinin görünür ki, İddiaçı1 Cavabdeh: «Nigar sənin işin cinayətdədir, hər şey araşdırılır, kimə borclusan hamı qol çəkəcək sən tutulacaqsan» sözlərini demiş, cavabdeh isə bunu «hə apar ver polisə, apar ver, mən heç kimə borclu deyiləm, sənə borcluyam, almışam da, ödəyəcəm, veriləcək, almışam xərcləmişəm» sözləri ilə cavablandırmışdır. Səs yazısından həmçinin görünür ki, iddiaçı cavabdehin ona 2.000 manat borclu olduğunu açıq-aşkar bildirdiyinə baxmayaraq, cavabdeh bu rəqəmi mübahisələndirmir. Bununla yanaşı, kompakt diskdə iddiaçının cavabdehin qardaşı Azadla danışıqları var. Danışıqların məzmunundan görünür ki, iddiaçı cavabdehin qardaşına cavabdehin ona 2.000 manat miqdarında pul borclu olduğunu bildirir, Azad isə bu məbləği mübahisələndirməyərək, iddiaçının həmin pulu cavabdehin özündən tələb etməli olduğunu bildirir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan hallar iddiaçılar tərəfindən, iddiaya qarşı etirazın əsası kimi istinad olunan hallar isə cavabdeh tərəfindən sübuta yetirilməlidir. İddiaçılar cavabdehin onlardan 1.926 manat dəyərində nisyə mal aldığını, dəyərini hissə-hissə ödəyəcəyini vəd etdiyini, lakin bu günədək ödəmədiyini və ödəməkdən ümumiyyətlə imtina etdiyini bildirirlər. Cavabdeh isə müvafiq şikayət üzrə tədqiqat zamanı, habelə məhkəmənin hazırlıq iclasında iddiaçılardan ümumilikdə 500 manat dəyərində mal aldığını, həmin məbləği ödəmədiyini və gələcəkdə də ödəməyəcəyini bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh yalnız bir dəfə məhkəməyə gəlmiş, sonrakı məhkəmə iclaslarının vaxtı və yeri barədə istər şifahi, istərsə də yazılı qaydada məlumatlandırıldığına baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri ilə bağlı məlumat verməmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçılar tərəfindən təqdim olunmuş kompakt diskdəki səs yazılarından görünür ki, iddiaçı istər cavabdehin özü ilə, istərsə də sonuncunun qardaşı Azadla danışıqlar zamanı cavabdehin ona 2.000 manat civarında pul borclu olduğunu bildirmişdir. Həmin səs yazılarından istər cavabdehin, istərsə də onun qardaşı Azadın bu məbləği mübahisələndirdiyi görünmür. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan müddəalarının tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmaqla onlardan istifadə etməlidir. İddiaçı sübut növü kimi qeyd edilən səs yazılarını təqdim etmiş, həmin səs yazılarında 2.000 manat məbləğini dəfələrlə bildirdiyinə baxmayaraq, istər cavabdehin, istərsə də sonuncunun qardaşının bu məbləği mübahisələndirmədiyini qeyd etmişdir (məsələn, cavabdeh danışıq zamanı 2.000 manat məbləğinə etiraz edərək, iddiaçılara borcunun ümumiyyətlə olmadığını və ya 500 manat olduğunu deyə bilərdi. O isə, əksinə, iddiaçıya konkret rəqəm bildirmir və borclu olduğu məbləği qaytaracağını bildirir). Qeyd olunduğu kimi, cavabdeh tərəf cəmi bir məhkəmə iclasında iştirak etmiş, digər məhkəmə iclaslarına gəlməmişdir. Bu səbəbdən onun yuxarıda qeyd olunan səs yazılarına münasibətini öyrənmək də mümkün olmayıb. Başqa sözlə desək cavabdeh səs yazılarındakı müvafiq hallara qarşı dəlil və sübut gətirməyib. Göstərilənləri, o cümlədən səs yazılarında bildirilən 2.000 manat məbləğinin tələb olunan 1.926 manat məbləğinə yaxın olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsası kimi istinad olunan halların təsdiqi kimi iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş səs yazılarının həmin halları təsdiq etməsini şübhə altına almaq üçün mövcud vəziyyətdə heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə iddiaçıların cavabdehə nisyə olaraq 1.926 manat dəyərində mal satması, cavabdehin isə bu məbləği iddiaçılara ödəməməsi hallarını sübuta yetirilmiş sayır. Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinə əsasən “Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür”. İşin faktik hallarından görünür ki, iddiaçılar mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəasından irəli gələn vəzifəni icra etmiş, yəni 1.926 manat dəyərində malı cavabdehin mülkiyyətinə vermişlər. Azərbaycan Respublikası MM-nin 598.1-ci maddəsinə əsasən “Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir”. Həmin Məcəllənin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə pulu tələb etmək hüququna malikdirlər. İddiaçılar məhkəməyə müraciət edərkən 39,26 manat məbləğində dövlət rüsumu ödəyiblər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən «Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir». Qanunvericiliyin yuxarıda göstərilən normalarını və iddianın tam təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 222, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qızından 1.926 (min doqquz yüz iyirmi altı) manat, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 39 (otuz doqquz) manat 26 (iyirmi altı) qəpik alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar