Məhkəmə qərarları › İş №2(053)-952/2023

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-952/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-952/2023 19.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək Neftçala Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 22 sentyabr 2015-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh hər ay 250 manat olmaqla, sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan doğulmuş 22 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı uşağı var. Rəsmi nikahı məhkəmə qaydasında pozulub. Nikahı pozularkən cavabdehlə birgə nikahından doğulmuş uşağın onun yanında qalması həmçinin uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Uşağın böyüməsi, bu baxımdan onun maddi tələbatlarının da artması və sair səbəblərə görə müəyyən edilmiş alimentin miqdarı onun normal saxlanmasına kifayət etmir. Hazırda uşağın bir ay saxlanması üçün 100 manat yetərli deyil. Cavabdeh isə uşağın saxlanmasında könüllü olaraq əlavə hər hansı bir köməklik göstərmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş edir. İşin məhkəmə baxışı zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, Salyan qida məhsulları istehsalat kommersiya şirkətində mühafizəçi vəzifəsində işləyir və aylıq olaraq cəmi 350 manat əməkhaqqı alır. Başqa hər hansı bir gəliri yoxdur. Digər tərəfdən ahıl yaşlarında olan valideynlərinə də özü baxır. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi məbləğdə artırılması onun maddi imkanına tamamilə ziddir. Bu onun üçün icrası mümkün olmayan səviyyədə problem yaradacaq. Hazırda hər ay ödədiyi 100 manat miqdarında alimentin özü belə ona kifayət qədər çətinlik yaradır. Maddi imkansızlıq səbəbindən özünə yeni ailə də qura bilməmişdir. Buna baxmayaraq iddiaçıya uşağının saxlanması üçün hər ay 130 manat miqdarında aliment ödəyə bilər. Bundan artıq miqdarda aliment ödəməsi mümkünsüzdür. Gələcəkdə əgər gəlirləri artarsa daha artıq aliment ödəyəcəyinə söz verir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. «Doğum haqqında» şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə ailə münasibətlərindən 22 sentyabr 2015-ci ildə X6 adlı uşaq doğulub. Neftçala Rayon Məhkəməsinin 2(053)-359/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı X7 ilə Cavabdeh arasında Neftçala rayonu, Aşağı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 20 oktyabr 2014-cü ildə 39 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 22 sentyabr 2015-ci ildə doğulmuş X1 iddiaçı – anası X2 yanında saxlanması, habelə uşağın yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 21 sentyabr 2023-cü il tarixli 37 nömrəli arayışdan görünür ki, X3 02 mart 2020-ci il tarixdən hal-hazıra kimi Salyan qida məhsulları istehsalat kommersiya şirkətində mühafizəçi vəzifəsində işləyir və aylıq əməkhaqqı 350 (üs yüz əlli) manatdır. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən «Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər». Məhkəmə uşağın 2019-cu ildən etibarən böyüdüyünü, bu və digər səbəblərdən qayğılarının da artdığını, həmçinin 2019-cu illə müqayisədə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun da artdığını nəzərə alır və hesab edir ki, bunlar uşağın və onun anasının maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Neftçala Rayon Məhkəməsinin 2(053)- 359/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının artırılmasını mümkün sayır. Alimentin sabit pul məbləğində tutulması ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, tərəflərin məhkəməyə bildirdiklərini, habelə uşağın maraqlarını nəzərə alaraq, 22 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-359/2019 nömrəli iş üzrə 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən 22 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, 22 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (yüz altmış) manat olmaqla sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd olunsun. Alimentin yeni məbləğinin hesablanması və ödənilməsi hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən etibarən həyata keçirilsin. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar