Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № 2(053)-97/2023 23.01.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ‒ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh Məmmədov Ədalət Aqil oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdeh Məmmədov Ədalət Aqil oğluna qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19 aprel 2021-ci il tarixli, PRL-151-0236-214 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 487,92 manat əsas kredit borcu, 84,98 manat cərimə borcu, cəmi 572,90 manat, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə cavabdeh aralarında bağlanmış 19 aprel 2021-ci il tarixli, PRL-151-0236-21 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 19 ay müddətinə 2184 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya 14 noyabr 2022-ci il tarixinə 487,92 manat əsas kredit borcu, 84,98 manat cərimə borcu, cəmi 572,90 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdeh Məmmədov Ədalət Aqil oğluna “kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də Mülki-Prossesual Qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 aprel 2021-ci il tarixli PRL-151-0236-21 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti – “Bank” və Məmmədov Ədalət Aqil oğlu – “Kredit alan” olmaqla, Məmmədov Ədalət Aqil oğluna 19 ay müddətinə 2184 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, cavabdeh Məmmədov Ədalət Aqil oğlunun Banka olan borcunun müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Məmmədov Ədalət Aqil oğlu imzalamışdır. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 19 noyabr 2022-ci il müəyyən olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalan Məmmədov Ədalət Aqil oğlunun kredit müqaviləsi üzrə borcverən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti 487,92 AZN əsas borc, 84,98 AZN cərimə borcu olmaqla, cəmi 572,90 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, “borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, “borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır”. Beləliklə də, təsvir olunanlardan görünür ki, kredit alan Məmmədov Ədalət Aqil oğlu 19 aprel 2021-ci il tarixli, PRL-151-0236-21 nömrəli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, “öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır”. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, “əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər”. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, cərimə borcu 10 manat məbləğinə qədər azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdeh Məmmədov Ədalət Aqil oğlu ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 19 aprel 2021-ci il tarixli, PRL-151- 0236-21 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdeh Məmmədov Ədalət Aqil oğlundan 487,92 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə üzrə borc olmaqla, ümumilikdə 497,92 manat məbləğində borc "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbinin təmin edilmiş məbləğinə müvafiq olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Məmmədov Ədalət Aqil oğlu ilə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 19 aprel 2021-ci il tarixli, PRL-151-0236-21 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Məmmədov Ədalət Aqil oğlundan 487,92 (dörd yüz səksən yeddi manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 10 (on) manat cərimə üzrə borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 527,92 (beş yüz iyirmi yeddi manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şivan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №2(053)-97/2023
Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №2(053)-97/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver