Məhkəmə qərarları › İş №2(054)-10/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-10/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-10/2025 19.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 10364 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin fevral ayında Rusiya Federasiyasının Mahaçkala şəhərinə işləmək üçün gedib və tikiti firmalarının birində müqavilə əsasında iş icraçısı kimi işə düzəlib və tikinti işləri ilə məğul olur. Oğuz rayonu Xaçmaz kənd sakini Cavabdeh da onun briqadasında usta kimi işə düzəlib. İşlədikləri müddət ərzində başqa kommersiya işləri görmək üçün İddiaçı müxtəlif vaxtlarda cəmi 558.673 rus rublu borc alıb. Uzun müddət keçdikdən sonra aldığı borc pulu qaytara bilmədiyindən 09 yanvar 2024-cü ildə Rusiya Federasiyasının Mahaçkala şəhərində notariat kontorunda aralarında borc müqaviləsi bağlayaraq Rəvana olan borcunu 19 yanvar 2024-cü il tarixədək qaytaracağını öhdəlik götürsə də, lakin Cavabdeh sözünə əməl etməmişdir. Azərbaycan Respublikasında rus rublunun Azərbaycan manatına olan məzənnəsi xx.xx.2024-cü il tarixə bir rubl 0,0184 Azərbaycan manatı təşkil edir ki, bu da hazırki məzənnə ilə 558.673 rus rublu 10.279 (on min iki yüz yetmiş doqquz) manat 58 qəpik təşkil edir. Bundan əlavə notariatda borc müqaviləsi üçün ödənilmiş 4676 rubl 02 qəpik rüsumun hazırki Azərbaycan manatına məzənnəsi ilə 86 manat da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2022-ci ilin fevral ayından işləmək üçün Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmişdir. Tikinti firmalarının birində müqavilə əsasında iş içraçısı kimi fəaliyyət göstərərək tikinti işləri ilə məşğul olur. Cavabdeh ilə 2023-cü ildə tanış olub, belə ki, onlara işçi lazım olduğundan tanışı Hakim adlı şəxs vasitəsilə cavabdehlə razılaşmışlar. Onun biletini alıb Mahaçqalaya gəlməsini təmin edib. Məlumat üçün bildirir ki, işləmək istəyənlərə əvvəlcədən gəlmək üçün biletin alınacağı, sonra pulun əmək haqqından çıxılacağı bildirilir. Taleh iş yerinə gəlmiş, qanuni prosedurlardan keçərək işə başlamışdır. İşçilərin maaşları karta vurulub. Elə günlər olub ki, Taleh və digər işçilər müxtəlif səbəblərdən işə çıxmayıblar, səhlənkarlıq ediblər, iş görməyib pul alıblar, lazım olanda sonra qaytarmaq şərtilə avans kimi pul alıblar. Şəxsən ailə vəziyyəti ilə əlaqədar Talehin özünə pul verilib və hətta anasının kartına pul göndərilib. Beləliklə onun 558673 rubl borcu yaranıb. Taleh özü deyib ki, pulu Azərbaycanda ona qaytaracaq, hətta borc müqaviləsi bağlamağı özü təklif edib. xx.xx.2024-cü il tarixdə Mahaçqala notariat dairəsində cavabdehlə aralarında 558673 rubl məbləğində borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Taleh pulu xx.xx.2025-ci ildə geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etdiyi kimi borc əvvəldən yaranmışdı, notariat orqanında Talehə pul verilməyib. Müqaviləni hər ikisi imzalayıblar, həmin vaxt heç bir etiraz və narazılıq olmayıb. Müqavilənin təsdiq edilməsi üçün rüsumu həmin gün ödəyib. Taleh həmçinin özü də sərbəst şəkildə borcu olduğunu etiraf etdiyi əlyazmasını ona verib. Əgər saxta iş görsəydi o zaman müqavilə yazanda video çəkərdi. Taleh dil sertifikasiyasını almaq üçün özü gedib. Talehin anası ilə telefon əlaqəsi saxlayıb, deyib ki, qayıtsın, işləsin, borcunu ödəsin. Talehə çox güzəştlər edilib. Cavabdeh, həmçinin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə borcunu etiraf etdiyini göstərən səs yazılarını da ona göndərmişdir. Eyni zamanda cavabdeh Rusiya Federasiyasında olarkən kredit almışdır. Cavabdeh rus dilini bilmədiyini söylədiyi halda kredit müqaviləsini necə oxuyub və ona imza atıb müəmmalıdır. Talehin ona cəmi 10374 manat borcu var. Sübutlarını məhkəməyə təqdim edib. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddianın təmin edilməməsinə heç bir əsas yoxdur. Belə ki, cavabdehin qeyd edilən borc məbləğini iddiaçıdan aldığını göstərən kifayət qədər sübut vardır. İddianın əsaslı olmasını göstərən faktlara borc müqaviləsi, qəbz, səs yazısı, eləcə də ekspert rəyi aiddir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməyərək bildirmişdir ki, onu X2 aparıb. Biletini də o alıb. Pul lazım olanda da Rəvanın göstərişi ilə Şaiqdən alıblar. 2023-cü ilin avqustunda Azərbaycana gəliblər. 10 gündən sonra geri qayıdıblar. Adlarına kart açılıb, müəyyən vaxtlarda pul köçürülüb. Ona 17000 rubl pul köçürülüb. 11 ay ərzində təqribən 6000 manat əmək haqqı alıb. Rus dilini bilmir. Dillə bağlı sertifikasiyaya onları gürcüstanlı oğlan aparıb. Sonra Rəvan gəlib. Onun otaqda verdiyi kağız alınmış iş alətlərinin və pulunun siyahısı olub. Həmin pulu da onlara verməyiblər. X4 danışıb. Əvvəlcədən sənədlər imzalayıb, amma hansı sənədlər olduğunu bilmir. Borc müqaviləsinin məzmunundan da xəbəri yoxdur, amma imza onundur. Borcla bağlı əlyazma və imza ona aid deyil. Hazırda Moskvanın ENKA şirkətində usta işləsə də iş yeri Türkiyə Respublikasının Antalya şəhərində yerləşir. Eyni zamanda o etibarnamə vermək üçün bütün notariuslara getmiş, lakin rus dilini bilmədiyi üçün onun etibarnamə vermə tələbindən imtina edilmişdir. Belə olan halda onun Rusiya Federasiyasında notariusda müqavilə bağlaması inandırıcı görünmür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. Müqavilə imzalanan gün cavabdehə hər hansı məbləğ verilməyib. Bunu iddiaçı özü etiraf etdi. Cavabdeh rus dilini bilmir, buna görə də borc müqaviləsinin məzmununu oxuyub başa düşə bilməzdi. Eyni zamanda səs yazılarında qeyd edilən pul hazırki iddia predmeti ilə bağlı deyil, başqa işlə əlaqədardır. Belə ki səs yazılarıdan 2800 və 200 manatdan danışılır. Bu hazırda tələb edilən məbləğlə eynilik təşkil etmədiyindən və hansı işlə əlaqədar olduğunu da dəqiqləşdirmək mümkün olmadığından hesab edir ki, nəzərə alınmamalıdır. Bundan əlavə borc müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun bağlanmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən borc verilməsi zamanı pul vəsaitinin tərəflərdən birindən digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Hazırda isə bu tələbə əməl edilməmişdir. Buna görə də qanuni hesab edilməməlidir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfdən təqdim edilmiş şahid X1 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Onların münasibəti yaxşı olub. Taleh vasitəsilə Rəvanı tanıyıb. Bir ilə yaxın orada işləyib. Şirkətdə işləməyib. Hər iki tərəfin təklifi ilə işlərin ölçülməsində iştirak edib, iş kitabına qeydlər edilib. Sonralar görülən işlərin müqabilində pulun artıq alındığı ortaya çıxıb, amma məbləğdən xəbəri yoxdur. Borc müqaviləsi barədə məlumatı var. Talehin 400-600 min rubl arası borcunun olduğunu bilirdi. Əlyazmadan da məlumatı var, amma yazanda görməyib.Taleh gətirib kağızı Rəvana verib. Həmin vaxt o da həmin otaqda olub. İş görüləndən sonra pul alınırdı. Pul alıb-verəndə görməyib, pul bəzən karta vurulub. Taleh özü də artıq pul alındığını bilirdi. İşi Talehgilin briqadası görüb. Taleh briqadir olub. Onun rus dilini bilib-bilmədiyini deyə bilməz, amma dil öyrənməyə məcbur idi. İş materiallarında olan tərəflər arasında sadə yazılı formada bağlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ** AA ***5723 nömrəli borc müqaviləsindən görünür ki, İddiaçı borc verən qismində borc alan Cavabdeh 558673 rubl borc verməyi, sonuncu isə həmin borcu xx.xx.2024-cü il tarixində qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh təfəindən yazılmış qəbzin surətindən görünür ki, cavabdeh iddiaçıdan kommersiya məqsədi ilə 558673 rubl məbləği fərqli vaxtlarda borc almış, həmin borcu xx.xx.2024-cü il tarixdə iddiaçıya qaytarmağa söz vermişdir. Qeyd edilən məbləği iddiaçıdan aldığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan, dama-dama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “Borc 558673p” “Cavabdeh” yazılarının alt hissəsində cavabdeh imza etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-16-16/2-4/164 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixli ** AA ***5723 nömrəli borc müqaviləsinin arxa hissəindəki yazılar və yazıların qarşısındakı imza, Cavabdeh adından olan borc qəbzinin kserosurətindəki yazılar və yazıların aşağı hissəsindəki imza, dama-dama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “Cavabdeh” yazılarının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. dama-dama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “görülən işlər...” yazıları ilə başlayıb “...Cavabdeh” yazıları ilə bitən yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı tərəfində təqdim edilmiş “Disk”ə yüklənmiş səs yazılarına baxış keçirilmiş, həmin səs yazılarından iddiaçının cavabdehə ərizə formasını yazma qaydasını izah etdiyi və cavabdehin notariusa gedərək qol çəkəcəyini bildirdiyi müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçıya olan 558673 rubl borcunu xx.xx.2024-cü il tarixində qaytataracağını bildirmiş və bu barədə aralarında borc müqaviləsi tərtib olunmuşdur. Bundan başqa iş materiallarında olan (iş.v 20) cavabdeh iddiaçıya olan 558673 rubl pul pul borclu olduğunu bildirmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında iş üzrə borc müqaviləsində olan imzanın ona məxsus olduğunu, lakin müqavilənin məzmunundan xəbərdar olmadığını bildirmişdir. İddiaçı öz iddia ərizəsində uzun müddət keçdikdən sonra cavabdehin aldığı borc pulu qaytara bilmədiyindən 09 yanvar 2024-cü il tarixdə müqavilə bağladığını bildirdiyindən məhkəmə hesab edir ki, həmin müqavilə əvvəl yaranmış borc münasibətlərini rəsmiləşdirmək məqsədi daşısa belə cavabdeh müqavilədə göstərilən məbləği borc aldığını özünün əlyazma qəbzi ilə etiraf etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, borcla bağlı əlyazma və imza ona aid deyil. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, borc müqaviləsində, eləcə də əlyazma qəbzdə və “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində olan imza cavabdehin özü tərəfindən icra edilmişdir. Beləliklə cavabdehin izahatında qeyd etdiyi xüsusatlar məhkəmə iclasında tərəflərin izahatları və mövcud sübutlarla təkzib edilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin rus dilini bilmədiyi halda məzmunu barədə xəbəri olmadığı sənədə imza etməsi inandırıcı görünmür. Həmçinin cavabdeh həmin imzanın özünün olduğunu da etiraf etmişdir. Cavabdeh həmin sənədin məzmununu bilməsə belə, onun tərəfindən imza edilmiş əlyazma qəbzlər Azərbaycan dilində tərtib edilmişdir. Cavabdehin imza etdiyi qəbzlərdən birinin mətni də bilavasitə onun özü tərfindən yazılmışdır. Göründüyü kimi cavabdeh notarial qaydada bağlanmış borc müqaviləsində göstərilən borcunu yazılı şəkildə də verməklə borcunu etiraf etmişdir. Göstərilən səbəblərdən məhkəmə cavabdehin izahatında qeyd etdiyi xüsatlara tənqidi yanaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda cavabdeh məhkəməyə qeyd etdiyi faktları təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın borc məbləğinin milli valyutada qaytarılmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslı deyildir. Belə ki, Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə borc məbləği milli valyuta ilə tələb edilsə də, işdə olan müqavilədən görünür ki, müqavilə məbləği manatla deyil, rublla göstərilmişdir. Bu səbəbdən hazırda cavabdehdən iddiaçının xeyrinə alınmalı olan məbləğ 10364,0 manat deyil, müqavilədə də qeyd edildiyi kimi 558673 rubl müəyyən edilməli, qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Belə ki, mülki işdən görünür ki, iddiaçı isə ərizə ilə müraciət edən zaman 132,0 manat rüsum ödəmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci madəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 113.1-ci maddəsinə əsasən, iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göründüyü kimi, mülki iş iddia icraatında keçdiyindən, iddiaçının tələb etdiyi 10364 manat üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı olan dövlət rüsumun məbləği 121,09 manat təşkil etdiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Odur ki, iddia qismən təmin olduğundan ödənilmiş 132,0 manat rüsumun 121,09 manatdan ibarət hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Eyni zamanda iş üzrə ekspertiza cavabdehin xahişi ilə təyin edildiyindən və müvafiq sənədlərdə imzanın cavabdehin özü tərəfindən icra edildiyi təsdiq edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 558673 rubl borc məbləği tutularaq İddiaçı ödənilməli, borc məbləği qətnamənin icra olunduğu günə rus rublunun Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmalı, həmçinin 121,09 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdehdən iş üzrə aparılmış eksertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 558673 rubl məbləğində pul alınaraq İddiaçı verilsin. Borc məbləği qətnamənin icra olunduğu günə rus rublunun Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablansın. Dövlət rüsumuna görə ödənilmiş 121,09 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 10,91 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar