Məhkəmə qərarları › İş №2(054)-12/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-12/2024

06.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-12/2024 06.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X2 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı 7666,12 manat məbləğində maddi ziyanın və 107 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair işə 06 iyun 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı 7666,12 manat məbləğində maddi ziyanın və 107 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2023cü il tarixdə saat təxminən 21:05 radələrində özünə məxsus “Yamaha R6” markalı, 08-A-007 dövlət qeydiyyat nişanlı motosiklet qardaşı Mübariz tərəfindən Oğuz rayon Xalxal kənd yolunda idarə olunarkən Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, motosiklet yararsız vəziyyətə düşmüşdür. Belə ki, avtomobil motosikletin yoluna qəfil çıxmışdır. Polis tərəfindən aparılmış araşdırma ilə yol-nəqliyyat hadisəsinin cavabdehin təqsirindən baş verməsi müəyyən olunmuş, cavabdeh barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Beləliklə, cavabdeh öz hərəkətləri ilə qəzaya şərait yaradıb. Motosikletə dəymiş ziyanın cəmi məbləği 12766,12 manat müəyyən edilib. Bununla bağlı Bakı şəhərində fəaliyyət göstərən "xxxx"MMC tərəfindən xx.xx.2023-cü il tarixli qüsur aktı verilmişdir. Sığorta tərəfindən ona 5000 manat ödənilmişdir. Qalan ziyan məbləği 7666,12 manatdır. Cavabdehlə aralarında razılığın əldə edilməsi ilə bağlı ona 2666,12 manat güzəşt edəcəyini bildirərək 5000 manatın cavabdeh tərəfindən ödənilməsini təklif etsə də cavabdeh dəymiş ziyanın ödənilməsindən qəti olaraq imtina etmişdir. Halbuki qəza nəticəsində ziyan dəymiş motosikletin ehtiyat hissələri Azərbaycanda yoxdur, baha qiymətə sifarişlə Yaponiya və ya Amerikadan gətirilir. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, hadisə vaxtı onun maşını yolun qırağında olub. Motosiklet sürücüsü onu təxminən 300 metr məsafədən görmüşdür. Sürət 150-160 metr olub, yolda 30-40 metrədək əyləc izi vardı. Onun avtomobili yola təxminən 1 metr məsafədə çıxmış, motosikletin gəldiyini gördükdə maşını saxlamışdır. Motosiklet onun maşınına 20 km/saat sürətlə dəydiyindən ziyan o qədər yüksək ola bilməzdi.Qüsur aktında məbləğ şişirdilib. Qəzadan sonra motosikleti işə salıb söndürmək mümkün idi, yalnız qanad (krılo) və üst qapaq qırılmışdı.Sığorta isə onu təqsirli hesab edib. Bunu qəbul etmir.İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə texniki ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etdiyindən xx.xx.2023-cü il tarixli qərardada əsasən mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Mülki iş (yeni nömrə 2(054)-12/2024) məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2024-cü il tarixli məlumat əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Məlumatın məzmununa görə qərardadda qoyulmuş “Təqdim edilmiş fotoşəkillər əsasında “Yamaha R6” markalı, 08-A-007 dövlət qeydiyyat nişanlı motosikletə dəymiş ziyanın dəyəri nə qədərdir?” sualı üzrə, yəni təqdim edilmiş fotoşəkillər əsasında motoskletə dəymiş ziyanın dəyərinin müəyyən edilməsi ekspertizanın predmetinə aid olmadığından “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizalarının aparılmasının təşkili haqqında Təlimat”ın 3.2.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materialların icrasız geri qaytarıldığı bildirilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh imtinanın səbəbi ilə tanış olmuş və işin yenidən ekspertizanın aparılması üçün Mərkəzə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehi dinləyib iş materiallarını araşdıraraq işin hallarını nəzərə almaqla və mübahisəli məsələnin həlli baxımından yaranmış sualların ekspert tərəfindən cavablandırılmasının baxılan iş üçün əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsini məqsədə müvafiq hesab etmiş və xx.xx.2024-cü il tarixli, 2(054)-12/2024 saylı qərardada əsasən işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Sözügedən iş xx.xx.2024-cü il tarixli, 9/2216 saylı ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iddiaçı bildirmişdir ki, rəylə razı olmasa da, qəbul edir, çünki iş adamıdır, hər dəfə məhkəmə iclaslarında vaxt itirir. Halbuki 9500 manata motosiklet yoxdur, ən ucuzu 11000 manatdan başlayır, ehtiyat hissələri isə xaricdən baha qiymətə gətirilir. Əvvəl də Samirlə danışıb, onun imkansızlığını nəzərə alıb 5000 manata razılaşacağını bildirib. O zaman Samir kobudluq etdi. Hazırda təxminən 3000 manat məbləğ ona verilsə etiraz etməz. İşlərinin çoxluğunu nəzərə alaraq növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmin məhkəmə iclasında cavabdeh ekspert rəyini qəbul etsə də, işləmədiyini, anasının və yoldaşının xəstə olduğunu, hər hansı məbləğdə pulu verməyə gücünün çatmadığını, tələbi qəbul etmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh işsiz olmaqla mövsüm vaxtında sahələrdə fəhləlik etdiyini, qış vaxtı işinin olmadığını, ona möhlət verilsə az-az gücü çatan məbləğdə pulu ödəyəcəyini bildirdi və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 21:26 radələrində “VAZ 21074 minik” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətdiyindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Bakı "xxxx" MMC-nin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus 08 A 007 nömrəli, şassi JYARJ12E07A21661 olan “Yamaha YZF-R6” markalı motosikletə baxış keçirilmiş, ehtiyat hissələri və xidmət xərci hesablanmaqla avtomobilə 12666,12 manat zərər dəydiyi müəyyən edilmişdir. İşə əlavə edilmiş, yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ödəniş aktının təsdiq edilmiş surətindən və "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, zərərvuran Cavabdeh sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkən (A-Qroup Sığorta Şirkəti ASC) İddiaçı dəymiş 12666,12 manat zərərin 5000 manatı hesaba köçürmə yolu ilə ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 9/2216 saylı ekspert rəyindən görünür ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəl orta bazar qiyməti təxminən 9500 manat olmuş 2007-ci il buraxılışlı, “Yamaha R6” markalı, 08A007 dövlət qeydiyyat nişanlı motosikletin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 8075 (9500-15%) manat müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci və 5.3-cü maddələrinin tələbinə görə iddiaçı yalnız özünün qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları ilə bağlı məhkəmə müdafiəsindən istifadə edə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 21:25 radələrində idarə etmiş olduğu “VAZ 21074 minik” markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun idarə etdyi avtomobillə İddiaçı məxsus “Yamaha R6” markalı, 08A007 dövlət qeydiyyat nişanlı motosikletə ehtiyatsızlıqdan maddi ziyan vurulmişdur. Məhkəmə hesab edir ki, iddiaçının qəza nəticəsində avtomobilə dəymiş zərəri qanunla müəyyən edilmiş şəkildə tələb etmək hüququ yarandığından iddiaçı dəymiş ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı tərəfindən əldə edilmiş qüsur aktına əsasən motosikletə dəymiş ziyanın ümumi məbləği 12666,12 manat müəyyən edilmiş, həmin məbləğdən 5000 manat hissəsi sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı qalan 7666,12 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Dəymiş ziyanın məbləğinin yenidən müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ekspert rəyi ilə təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəl orta bazar qiyməti təxminən 9500 manat olmuş 2007-ci il buraxılışlı, “Yamaha R6” markalı, 08A007 dövlət qeydiyyat nişanlı motosikletin zədələnməsindən dəymiş ziyanın məbləğinin salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 8075 (9500-15%) manat müəyyən edildiyi bildirilmişdir. Məhkəmə ekspertizanın gəldiyi nəticə ilə razılaşır və sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmiş 5000 manat nəzərə alınmaqla hesab edir ki, iddia tələbi qismən təmin eilməli, dəymiş zərərin məbləği 3075 (8075-5000) manat həddində qəbul edilməli, həmin məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(054)- 12/2024 saylı qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/2216 saylı ekspertiza rəyi məhkəməyə daxil olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun hesablanmış 50,75 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməli, 50 manat ekspertiza xərcinin 30 manat hissəsi işin hallarına uyğun olaraq iddiaçıdan və 20 manat hissəsi cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 3075 (üç min yetmiş beş) manat maddi zərər və 50,75 (əlli manat yetmiş beş qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat ekspertiza xərcinin 30 manat hissəsi İddiaçı və 20 manat hissəsi Cavabdeh bərabər qaydada tutulub dövlət büdcəsinə (SAP (XİİS) hesabı X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, AZ34CTRE******************** ödənilsin. İddia tələbi 4591,12 manat maddi ziyan və 56,25 manat dövlət rüsumu hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar