Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-140/2022 18.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 28.07.2013-cü il tarixdə anadan olmuş X3 və 28.04.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 03.10.2012-ci il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə birgə nikahından 28.07.2013-cü il tarixdə X3 və 28.04.2016-cı il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlar nəticəsində onlar faktiki olaraq ayrılmışlar. Oğuz Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli 2 (054) - 102 / 2020 nömrəli qətnaməsinə əsasən onlar arasında bağlanmış nikah pozulmuş, uşaqların boşanmadan sonra onun yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda da uşaqlar onun himayəsindədirlər. O, uşaqları ilə birlikdə Oğuz şəhərində öz valideynlərinin evində yaşayır və uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Ona görə də cavabdehdən tutulаn alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh uşaqların ehtiyacları və qayğıları ilə maraqlanmır. Uşaqların yaşının artması, ərzaq, geyim və digər xərclərin artması əlaqədar maddi ehtiyacları da artmışdır. Həmçinin, uşaqlardan biri autizm xəstəsi olmaqla, daimi həkim müayinəsinə və müalicələrə ehtyacı vardır. Cavabdehin ona ödəməli olduğu cəmi 240 (iki yüz qırx) manat aliment uşaqların zəruri xərclərini ödəməyə kifayət etmir və cavabdeh həmin məbləği də vaxtlı-vaxtında ödəmir. Cavabdeh fərdi əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər gəlir əldə edir və ona hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat aliment ödəməyə hər cür maddi imkanı vardır. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmiş, bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, daimi olaraq heç bir yerdə işləmir və işsiz kimi məşğulluq orqanında qeydiyyata alınmışdır. Eyni zamanda, iddiaçı onun uşaqlarla ünsiyyətinə maneə törədir. Hazırki vəziyyətdə iddiaçıya hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment ödəməyə onun maddi vəziyyəti imkan vermir. Qeyd etdiklərinə əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş 14.08.2013-cü il tarixli AZ-İİİ 072269 nömrəli və 12.01.2018-ci il tarixli AZ-İV 048671 nömrəli doğum haqqında şəhadətnamələrin surətləri, Oğuz Rayon Məhkəməsinin 13.05.2020-ci il tarixli 2 (054) - 102 / 2020 nömrəli qətnaməsi, 06.08.2020-ci il tarixli AZ-İ 346190 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surəti, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 21.02.2022-ci il tarixli arayış və tərəflərin izahatları ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 03.10.2012-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahından 28.07.2013-cü il tarixdə X3 və 28.04.2016-cı il tarixdə X4 adlı iki uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 13.05.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, uşaqların boşanmadan sonra iddiaçının yanında qalmaları müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaqlar hazırda da iddiaçının yanında yaşayırlar. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı mediasiya prosesində də iştirak etmədiyinə görə mediasiya prosesinə xitam verilmişdir. İddiaçı uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin hazırki şəraitdə uşaqların saxlanmaları üçün kifayət etmədiyini bildirməklə alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 200 (iki yüz) manat - cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq uşaqların yaşının artması və qiymətlərin bahalaşması ilə əlaqədar xərclərinin xeyli artdığını bildirir. Cavabdeh iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, yalnız daimi olaraq heç bir yerdə işləmədiyini bildirmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının, onun nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Uşaqların saxlanmaları üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra sonra keçən 2 ilə yaxın müddət ərzində tərəflərdən hər hansı birinin maddi və ya ailə vəziyyətində dəyişiklik olması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir. Ancaq həmin vaxtdan sonra keçən müddət ərzində tərəflərin birgə nikahından anadan olmuş uşaqların yaşının artması ilə bağlı maddi ehtiyacları da artdığından, həmçinin, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu hər il artdığına görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödəməli olduğu aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az olduğundan yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin uşaqların saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. İş materiallarından görünür ki, hazırki vəziyyətdə cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat əldə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdehin maddi vəziyyətinin səviyyəsi onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını, habelə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alır. İşin digər faktiki hallarına isə məhkəmənin 13.05.2020-ci il tarixli 2 (054) - 102 / 2020 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilməklə həmin dövrdə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 170 (bir yüz yetmiş) manat olduğu halda, hər uşaq üçün 120 (bir yüz) manat aliment təyin edildiyi diqqətə alınaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşaqların saxlanmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin onun özünə aid edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından 28.07.2013-cü il tarixdə anadan olmuş X3 və 28.04.2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat - cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilsin. X3 və X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat - cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğ onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-140/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-140/2022
18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver