Məhkəmə qərarları › İş №2(054)-159/2023

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-159/2023

14.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-159/2023 14.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiacı İddiaçı, onun vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbinə dair işə məhkəmənin binasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayonu Kərimli kəndində xüsusi mülkiyyətində 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsini kənd sakinlərinin torpaqlarını satın alma yolu ilə əldə etmiş, buna dair çıxarışı xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Həmin torpaq sahəsində Cavabdehnə aid qaz xətti çəkilmiş, qaz xəttinə aidiyyəti üzrə təbii qaz ötürülür. Mülkiyyətində olan torpaq sahəsindən qaz xəttinin keçməsi mülkiyyətçi kimi onun hüquqlarının tam həyata keçirilməsinə, torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsinə əngəl yaradır. Belə olan halda onun xüsusi mülkiyyəti üzərində hüquqları kobud şəkildə pozulur və bu hal uzun müddətdir ki, davam edir. Belə ki, torpaq sahəsinin qaz xətti keçən hissəsində əkin işləri faktiki olaraq aparılmır, çünki həmin yerdə texnikanın çalışması mümkün deyil. Beləliklə torpaq sahəsinin müəyyən hissəsindən istifadə edə bilməməsi onun gəlirlərinin azalmasına səbəb olur. Qeyd edilən məsələ ilə əlaqədar Cavabdehnə rəsmi şəkildə ərizə ilə müraciət etmiş, ərizəyə cavab olaraq İdarə rəisinin imzası ilə ona verilən xx.xx.2022-ci il tarixli cavab məktubunda qaz xətti istismara verildikdən sonra mövcud qaz xəttinin yeri dəyişdirilərsə, bu işin vətəndaşın öz vəsaiti hesabına Zaqatala RQİİ tərəfindən tərtib edilmiş sxem əsasında lisenziyası olan podratçı tikinti təşkilatı tərəfindən yerinə yetiriləcəyi bildirilmiş, beləliklə qaz xəttinin cavabdehin vəsaiti hesabına torpaq sahəsindən çıxarılmasından imtina edilmişdir. Cavabdehin bu şərtilə razılaşmadığından məhkəməyə müraciət etmişdir. Eyni tələblə bağlı 2022-ci ildə Oğuz Rayon Məhkəməsinə müraciət etmiş, öz ərizəsinə əsasən iş baxılmamış saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2204/2022 saylı qərardadı ilə iddiası mümkün sayılmamış, mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi-rayon məhkəməsində baxılmalı olması bildirilmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddiaçının izahatını təsdiq edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ərizəsində çıxarılması tələb edilən mübahisəli qaz xətti Oğuz rayon Kərimli kəndi ərazisindən keçməklə rayonun Padar kəndinin qazlaşdırılması üçün çəkilmiş d-159 mm-lik yerüstü orta təyziqli qaz kəməridir. Belə ki, Padar kəndinin qazlaşdırılması 2006-cı il tarixdə 3-95-05 saylı sifariş əsasında Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu (AZETLQİ) tərəfindən layihələndirilmişdir. Daha sonra sözügedən layihə əsasında xüsusi lisenziyası olan podratçı təşkilatlar "Global Services” MMC və “Qaradağ-2008" MMC tərəfindən 2013-cü ildən qaz kəmərlərinin tikinti işlərinə başlanılmış və 2014-cü ildə layihənin icrası başa çatdırılmışdır. Layihə dəyəri 1 272 150.36 manat olan, rayonun Padar kəndinin qazlaşdırılması ilə bağlı başa çatdırılmış tikinti obyekti 2014-cü il dekabr ayında aidiyyatı qurumların iştirakı ilə, o cümlədən "Azəriqaz” İB-nin aidiyyatı struktur bölmələri ilə bərabər “Global Services"xxxx"Qaradağ-2008 MMC,” Azarbaycan Respublikası FHN Sənayedə işlərin təhlükəsiz görülməsi və X1 X2 İşlərin Təhlükəsiz görülməsi və Dağ- Mədən Nəzarəti, Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin iştirakı və imzaları ilə qəbul edilmişdir. Qaz kəmərlərinin layihələndirilməsi, çəkilişi zamanı və sonrakı dövrdə İddiaçı tərəfindən hazırkı mübahisə ilə hər hansı müraciət daxil olmamışdır. İddiaçı yalnız xx.xx.2021-ci il tarixdə mübahisəli qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı "Azəriqaz" İB-ya müraciət etmişdir. Sözügedən müraciət əsasında ilk öncə işlərin daxili imkanlar hesabına görülməsi üçün yerində araşdırma aparılmış, mövcud qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı sxematik plan hazırlanmış və yerinin dəyişdirilməsi tələb edilən xəttin uzunluğunun 103 p/m olduğu müəyyən edilmişdir. İddiaçı yerinin dəyişdirilməsini tələb etdiyi d-159 mm-lik yerüstü orta təyziqli qaz kəmərinin miqyası çox olduğundan ona öz vəsaiti hesabına qaz kəmərinin yerinin dəyişdirilməsi üçün xüsusi lisenziyası olan podratçı təşkilata müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00509 saylı məktub təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 2013-2014-cü illərdə çəkilmiş d-159 mm-lik yerüstü orta təyziqli qaz kəmərinin keçdiyi torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əvvəl isə 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0.6366 h torpaq sahəsi Oğuz rayon Kərimli sakinlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə Dövlət Aktları əsasında verilmiş pay torpaq sahələrinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd edilən torpaq sahələrinə plan ölçü sənədləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-29/2016 saylı qərarı əsasında tərtib edilmişdir. İddiaçı adına qeyd olunan çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilən zaman həmin qaz xətti mövcud olmuşdur. Göründüyü kimi d-159 mm-lik yerüstü orta təyziqli qaz kəməri İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı, eləcə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(84)-29/2016 saylı qərarından əvvəl mövcud olmuşdur. Belə bir vəziyyətdə İddiaçı iddia tələbi əsassızdır.İddianın rədd edilməsini xahiş etmişdir. İşə əlavə edilmiş elektron çıxarışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən ********** VÖEN-lə Azərbaycan Respublikası Vegilər Nazirliyində qeydiyyatdan keçməklə hazırda aktiv fəaliyyətdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Həmin Məcəllənin 32.6-cı maddəsi). Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. (Həmin Məcəllənin 32.7-ci maddəsi). Hazırki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı vergi ödəyicisi, cavabdeh isə hüquqi şəxs olmaqla onların arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub iddiaya baxılması MPM-in hazırda qüvvədə olan 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar