Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-160/2024 14.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X3 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 14 mart 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-25 noyabr 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 120 manat alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak etməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, alimentin məbləğinin qaldırılmamasını xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh xx.xx.2006-cı ildə faktiki nikahla ailə qurmuşlar. Birgə nikahdan onların 25.11. 2007-ci il tarixdə Turqut adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabdehin Turqutun atası olması faktı müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün hər ay cavabdehdən 50 manat alimentin tutulması qərara alınmışdır. Daha sonra alimentin miqdarı Oğuz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə artırılaraq 75 manat, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə 100 manat müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı sonuncu dəfə artırılmaqla 120 manat məbləğində müəyyən edilmişdir. Həmin vaxtdan 4 ilə yaxın müddət keçmişdir. Hazırda Turqut 17 yaşın içində olmaqla onun ehtiyacları artmışdır. İddiaçı isə bu ehtiyacları təkbaşına ödəmək iqtidarında deyil. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdehin aylıq əmək haqqı 1679,1 manat təşkil edir. Qanunvericiliyə əsasən 3 və daha çox uşağın saxlanması üçün valideynin qazancının ½ hissəsi miqdarında aliment tutulur. Həmin mövqedən yanaşmaqla cavabdehin əmək haqqının yarısı olan 800 manatın onun himayəsində 3 övladının olması və dörd uşaq arasında ədalətli bölgüsü nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi mümkündür. İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə etirazla ailəli olmaqla 3 övladının olduğunu, çətinliklə dolandığını, alimenti çətinliklə ödədiyini, xəstə anasının olduğunu bildirərək bunun nəzərə alınmasını xahiş etmişdir. Etiraz ərizəsinə 2008, 2010 və 2015-ci il təvəllüdlü uşaqların şəxsiyyət vəsiqələrinin surəti əlavə edilmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİ 485091 saylı şəhadətnamənin surətindən görünür ki, X2 25 noyabr 2007-ci il tarixdə Qəbələ şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Kərimli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında 26 avqust 2008-ci il tarixdə 27 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası İddiaçıdır. İşə əlavə edilmiş atalığın müəyyən edilməsi haqqında AZ-İ 148023 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2007-ci il tarixdə İddiaçı doğulmuş X1 atası hesab edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-163/2020 saylı, 22 may 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay tutulan 100 manat alimentin miqdarı artırılmaqla 120 manat müəyyən edilmiş, Cavabdeh alimentin azaldılması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İddiaçının “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış və işə əlavə edilmiş gəlir məlumatlarından görünür ki, İddiaçı fotoqraf işləməklə aylıq əmək haqqı 350 manatdır. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış və işə əlavə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də tikinti üzrə mühəndis işləməklə aylıq əmək haqqı 1679,1 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin faktiki nikahından 2007-ci il təvəllüdlü Turqut adlı oğlu vardır. Uşağın doğumu atalığın müəyyən edilməsi ilə qeydə alınmışdır. 2010-cu ildə uşağın saxlanması üçün 50 manat alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul edilmişdir. İddiaçının 2011, 2014 və 2020-ci illərdə aliment artırılma tələbinə əsasən alimentin miqdarı müvafiq olaraq 75, 100 və 120 manat müəyyən edilmişdir. İddiaçı hazırda alimentin artırılaraq 220 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsi və teleqramla ailəli olmaqla himayəsində 2008, 2010 və 2015-ci il təvəllüdlü uşaqlarının, xəstə anasının olduğunu, çətinliklə dolandığını nəzərə almaqla alimentin məbləğinin qaldırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin gəlir məlumatları araşdırlarkən müəyyən edilmişdir ki, iddiaçının aylıq gəliri 350 manat, cavabdehin aylıq gəliri 1679,10 manatdır. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə hesab edir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan, hər bir uşağın valideyndən bərabər şəkildə maddi təminat almaq hüququ nəzərə alınmaqla cavabdehin aylıq gəlirlərinin yarısının, yəni təqribən 800 manat məbləğin 4 uşaq arasında bərabər bölgüsü aparılmaqla iddia tələbinin qismən təmin edilməsi ədalətli və mümkündür. Məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları, habelə cavabdehin himayəsində olan uşaqların mənafeyi nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2007-ci il təvəllüdlü Turqutun yetkinlik yaşına (18) çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 200 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 200 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 25 noyabr 2007-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-160/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-160/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver