Məhkəmə qərarları › İş №2(054)-17/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-17/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-17/2022 07.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə nisyə olaraq satdığı tikinti materiallarının dəyəri olaraq 1157 manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 33 manat - cəmi 1290 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, özünə məxsus olan mağazası vardır. Cavabdehi də yaşadığı Oğuz rayonu Kərimli kəndinin sakini kimi tanıyır. Cavabdeh ona məxsus mağazadan dəfələrlə tikinti materiallarını nisyə alaraq sonradan pulunu ödəmşdir. Cavabdehin 17.09.2020-ci il tarixə ona məxsus mağazaya 1157 manat borcu qalmışdır. Həmin tarixdə tərtib edilmiş üzləşmə aktında cavabdeh ona 1157 manat borcunun olduğunu təsdiq etmiş və həmin aktı imzalayaraq 17.10.2020-ci il tarixədək borcunu ödəyəcəyini bildirmişdir. Lakin aktın tərtib edilməsindən bir ildən də artıq müddət keçməsinə baxmayaraq cavabdeh ona olan borcundan hər hansı məbləğ ödəməmişdir. O, 18.08.2021-ci il tarixdə cavabdehə bir daha şəxsən müraciət edərək mağazaya olan borcunu ödəməsini tələb etmiş, həmin vaxt cavabdeh 10 gün müddətində, yəni 28.08.2021-ci il tarixədək ona olan borcunu ödəyəcəyinə dair yazılı qəbz yazıb vermişdir. Ancaq cavabdeh indiyədək də ona olan borcunu ödəmədiyinə görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi yardım üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 33 manat vəsait sərf etmişdir. Hazırda o, 1157 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 33 manat - cəmi 1290 manat pulu cavabdehdən tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o, özünə məxsus mağazada müxtəlif növ tikinti materiallarının topdan və pərakəndə satışı ilə məşğul olur. Tanıdığı alıcılara bəzən onların xahişi ilə dəyərini sonradan qısa müddətə ödəmək şərti ilə nisyə mal verir. Cavabdehlə həmkəndli olduqlarına və o, əvvəllər də mağazadan nisyə mal alıb dəyərini sonradan ödədiyinə görə cavabdehin aldığı malların pulunu qısa müddətdə verəcəyini düşünərək onun xahişinə etiraz etməmişdir. Cavabdeh ona məxsus mağazadan tikinti materiallarını nisyə olaraq almış, ancaq borcun tam şəkildə ödənilməli olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq ona borclu olduğu 1157 manat pulu indiyədək də verməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 17.09.2020-ci il tarixli üzləşmə aktı, 18.08.2021-ci il tarixli qəbz, 13.10.2021-ci il tarixli və 27.10.2021-ci il tarixli ödəniş qəbzləri ilə müəyyən edildi ki, tərəflər arasında olan şifahi razılığa əsasən cavabdeh iddiaçıya məxsus tikinti materialları mağazasından nisyə mal almışdır. Cavabdeh aldığı malların dəyərinə görə iddiaçıya borclu qaldığı 1157 manat pulu qısa müddət ərzində ödəyəcəyini vəd etsə də, həmin məbləği indiyədək ödəməmişdir. Cavabdeh nisyə olaraq aldığı malların dəyərini tam şəkildə ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi yardım üçün vəkilə 100 manat, dövlət rüsumunu ödəməyə isə 33 manat vəsait sərf etmişdir. Hazırda iddiaçı cavabdehin ona məxsus mağazadan nisyə olaraq aldığı malların dəyərinə görə 1157 manat borcu qaldığını bildirərək həmin məbləği, məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi yardım üçün vəkilə ödədiyi 100 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 33 manat - cəmi 1290 manat məbləği cavabdehdən tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi tərəflər arasında olan şifahi razılaşmaya, 17.09.2020-ci il tarixli üzləşmə aktına və 18.08.2021-ci il tarixli qəbzə istinad edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə onun iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı əldə etdiyi bütün mümkün sübutlarını məhkəməyə təqdim etdiyindən, cavabdeh isə iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə hər hansı sübut təqdim etmədiyindən və onun dəlilləri işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə cavabdehin iddiaçıdan dəyərini sonradan ödəmək şərti ilə nisyə olaraq aldığı mallara görə iddiaçıya 1157 manat borcu qalmış olması faktını sübuta yetirilmiş hesab edir. Həmin fakt iddia tələbində qeyd edilən xüsusatlarla, iddiaçının izahatı və iş materialları ilə də təsdiq edilir. Qeyd olunan əsaslara görə və məhkəmənin müəyyən etdiyi hallara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin nisyə satılmış əşyaların dəyəri olaraq cavabdehdən 1157 manat pul tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilən 100 manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh nisyə satılmış əşyaların dəyəri olaraq 1157 manat, hüquqi yardım üçün vəkilə ödənilən 100 manat və dövlət rüsumu kimi ödənilmiş 33 manat - cəmi 1290 (bir min iki yüz doxsan) manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. . Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar