Məhkəmə qərarları › İş №2(054)-175/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-175/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-175/2023 27.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Cavabdeh, onun vəkili İsmayılov İsmayıl Mayıl oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehdən 1650 manat borc pulun və 36,5 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (mətndə iddiaçı) Cavabdeh (mətndə cavabdeh) qarşı cavabdehdən borclu olduğu 1650 manat məbləğində pulun və ödənilmiş 36,5 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramla yolun uzaq olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini əsaslandıraraq bildirmişdir ki, xx.xx.2020-ci ildə qohumu Cavabdeh ehtiyacı olduğu üçün ondan 1650 manat pul istəmiş, həmin pulu "xxxx"ın Ordubad filialı vasitəsilə göndərmişdir. Pulu 2 ay müddətində qaytarmağa söz versə də cavabdeh bunu etməmiş, dəfələrlə istəsə də pulu geri qaytarmamışdır. Bu barədə kifayət qədər sübutları, qəbzlərin əsli vardır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçı ilə qohumluq əlaqələri vardır. Belə ki, iddiaçının bacısı qızı X6 onun bibisi nəvəsi olub, onunla 2019-cu ildə nişanlanmışlar. Pandemiyadan əvvəl qız onlara gəlmiş, yollar bağlandığından Naxçıvana qayıda bilməmişdir. Toya hazırlaşarkən qız evlərinə demişdir ki, mebel almaq üçün pul göndərsinlər. Valideynləri də qızın dayısından pul göndərməyi xahiş etmiş, sonra qaytaracaqlarını demişlər. Beləliklə 2020-ci ilin mart ayında iddiaçı onun adına 1650 manat pul göndərmiş, pulu gedib götürmüşdür. Həmin pula qızın özünün bəyəndiyi mebeli alıb evə yığmışlar. Hətta qıza qızıl-zinət əşyaları da alınıb özünə verilmişdir. Arada yollar açılanda qız evlərinə qayıtmış, qızılları da özü ilə aparmışdır. Qızın ailəsi pulu iddiaçıya verməyib, ona görə pulu ondan istəyir. Qızılları ona qaytarmağı, əvəzində iddiaçıya pul göndərməyi, yaxud qızılları iddiaçıya verməyi təklif etmiş, lakin qızın valideynləri bunu etməmişlər. Asim deyir ki, onlardan heç nə istəyə bilmir. İddiaçıya heç bir pul borcu yoxdur. Əgər istəyirsə gəlib mebeli apara bilər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili X3 bildirdi ki, iddiaçı cavabdehə verdiyi borcun qaytarılmasını tələb edir, halbuki onların arasında borcla bağlı heç bir danışıq olmayıb, üstəlik iddiaçının göndərdiyi 1650 manat pulun təyinatı maddi yardım olaraq göstərilib. Pulun verilmə məqsədi cehiz mebelin alınması olub. Pulun əvəzində valideynləri qızın apardığı qızılları iddiaçıya verə bilərlər, yaxud gəlib mebeli apara bilərlər. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş şahid X7 izahat verərək bildirdi ki, cavabdeh bacısı oğludur. O öz bibisinin nəvəsi ilə nişanlanmışdı, ancaq ailə kasıb olduğundan toy edə bilmədilər. Qızı Oğuza göndərdilər ki, toy burda olsun. Koronavirus pandemiyası dövrü olduğundan toy etmək mümkün olmadı. Qız babasına zəng elədi ki, yataq dəsti görüb, bəyənib, alınması üçün pul göndərsinlər. Pul qızın dayısı tərəfindən göndərildi, mebel də alındı, ancaq toya icazə verilmədi. Sonra qız dedi ki, toya icazə verilmir, evə qayıdacaq, icazə veriləndə gələcək. Qıza Şəki şəhərində 2000 manatlıq qızıl əşyaların alınmasında şəxsən iştirak etmişdir. Qıza 500 manatlıq mobil telefon da alınıb. Gedəndə hamısını aparıb, sonra geri qaytarmayıb. X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh qaynıdır, yəni cavabdehin bacısı ilə ailə qurub. Aqil və Turanə qohumdurlar, 2019-cu ildə isə nişanlanmışdılar. Toy üçün qız Oğuza gəlib, lakin koronavirus səbəbli toy olmadı. Qızın dayısı mebel almaq üçün pul göndərib, yəni Aqil borc istəməyib, pulu qıza cehiz olaraq yataq mebeli almaq üçün göndəriblər. Sonra sözləri düz gəlmədi, ayrıldılar.Cehiz mebel, yəni yataq dəsti cavabdehin evindədir, indiyədək istifadə olunmayıb. Qaynanasıgilə gedəndə görüb. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh baldızı oğludur. O, qohumu olan Turanə ilə nişanlı olub. Turanə nikah üçün Oğuza gəlib. Sonra qız babasından cehiz mebel almaq üçün pul istəyib. Yol uzaq olduğu üçün pul göndərilib, cehiz olaraq yataq mebeli alınıb. Başqa heç nə göndərməyiblər, halbuki oğlan evi qıza pal-paltar, qızıl və telefon almışdı. Pandemiya zamanına düşdü. Qız könüllü olaraq qayıdıb evlərinə getdi, ona alınan əşyaları da apardı. bildiyinə görə oğlanla sözləri düz gəlmədi. Məhkəmə cavabdehi, onun vəkilini dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Naxçıvan Muxtar Respublikası Ordubad rayon İHB Parağa kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 24 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1994-cü ildə Azərbaycan Respublikasında anadan olmuş, Parağa kəndində yaşayır. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Ermənistan Respublikasında anadan olmuşdur. "xxxx" ASC Ordubad filialının işdə olan xx.xx.2020-ci il tarixli, TT **********1901664 saylı qəbzindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh maddi yardım təyinatlı 1650 manat pul göndərilmiş, 14 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qohumluq əlaqələri olmaqla iddiaçının bacısı qızı ilə cavabdeh arasında 2019-cu ildə nişan olmuş, daha sonra qız toy üçün Oğuza gəlmişdir. 2020-ci ilin əvvəlində qız babasına zəng edərək cehiz mebel alınması üçün pul göndərilməsini istəmiş, qızın dayısı olan iddiaçı xx.xx.2020-ci il tarixdə "xxxx" ASC Ordubad filialı vasitəsilə cavabdehin adına maddi yardım təyinatlı 1650 manat pul göndərmişdir. Həmin pula cehiz yataq dəsti alınmış, mebel indiyədək cavabdehin evində istifadə olunmadan saxlanmaqdadır. Məhkəmə iclasında izahat verən şahidlər tərəfindən bu xüsusat öz təsdiqini tapmışdır. Beləliklə, göründüyü kimi bank vasitəsilə göndərilmiş 1650 manat məbləğində pul cavabdeh tərəfindən borc olaraq alınmamış, iddiaçı tərəfindən isə bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə tərəflər arasında yaranmış münasibəti borc münasibəti kimi qəbul etmir və mülki qanunvericiliyin müddəaları əsas tutulmaqla hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 1650 manat borc pulun və 36,5 manat ödənilmiş dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar