Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-188/2024 18.03.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X8 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Oğuz şəhərində 18 mart 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək övladı-16 aprel 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş 120 manat alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin rəsmi qeydiyyata alındığı ünvana göndərilmiş məhkəmə bildirişi zərfin üzərinə əlavə edilmiş “F-20”də “bu ünvanda yaşamır” qrafası işarələnməklə məhkəməyə geri qaytarılmış, ünvana uyğun olaraq Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinə göndərilmiş məhkəmə bildirişinə cavab olaraq nümayəndəlik xx.xx.2024-cü il tarixli, 5-68-12/2-014/2024 saylı məktubla cavabdehin qeydiyyatda olmasına baxmayaraq Oğuz şəhəri ərazisində yaşamadığını, dəqiq ünvanının məlum olmadığını bildirmişdir. Cavabdehin faktiki yaşadığı- Abşeron rayonu, Masazır qəsəbəsinə göndərilmiş məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə ona çatdırılsa da cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı və cavabdeh xx.xx.2016-cı il tarixdə qeyd olunmuş rəsmi nikahla ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2017-ci il tarixdə Fateh adlı övladı doğulmuşdur. Oğuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 120 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvədədir. Həmin vaxt yaşayış minimumu 154 manat olmuş, keçən illərdə artırılaraq 235 manata çatmışdır. Keçən 6 il ərzində iddiaçı alimentin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Hazırda uşağın maddi ehtiyacları artmışdır. İddiaçı isə bu ehtiyacları təkbaşına ödəmək iqtidarında deyil. İddiaçı xəstədir, atası yoxdur, özü isə xalasının yanında yaşayır, yəni ona kömək edəcək bir yaxını yoxdur. Cavabdeh musiqiçidir. Bakıda işləyir. Onun maddi imkanı tələb edilən alimenti ödəməyə çatır. Bakı şəhəri və ətraf ərazilərdə məhkəmələrdə alimentin məbləği 235 manat həddində müəyyən edilir. İddia tələbinin təmin edilməsi, alimentin məbləğinin artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İİİ 892561 saylı şəhadətnamənin surətindən görünür ki, X3 16 aprel 2017-ci il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 28 aprel 2017-ci il tarixdə 61 nömrə ilə qeyd edilmiş, atası Cavabdeh, anası X2r. Oğuz Rayon Məhkəməsinin işə əlavə edilmiş 2(054)-591/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 ilə Cavabdeh arasında 25 iyul 2016-cı il tarixdə Oğuz rayonu Başdaşağıl kənd icra nümayəndəliyində 03 sayla qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan 16 aprel 2017-ci il tarixdə doğulmuş X5 ananın himayəsində saxlanmaqla onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 120 manat alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İşə əlavə edilmiş nikahın pozulması haqqında AZ-İ 313979 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah ləğv edilmiş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 04 mart 2019-cu il tarixdə 11 nömrə ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Həmzəyeva soyadı verilmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarılmış və işə əlavə edilmiş gəlir məlumatlarından görünür ki, Cavabdeh "xxxx" MMC-də alıcı təchizatçı işləməklə aylıq əmək haqqı 385,3 manatdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə -qazancın və valideynlərin başqa gəlirlərinin dörddə bir, iki uşağa görə üçdə bir, üç və daha çox uşağa görə ikidə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehin rəsmi nikahından 2017-ci il təvəllüdlü Fateh adlı oğlu vardır. Tərəflərin nikahı 2018-ci ildə məhkəmə qaydasında pozulmuş, həmin qətnamə ilə uşağın saxlanması üçün 120 manat alimentin Cavabdeh tutulması qət edilmişdir. Keçən illər ərzində yaşayış minimumunun məbləği gözəçarpacaq dərəcədə artsa da iddiaçı alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etməmişdir. İddiaçı hazırda alimentin artırılaraq 235 manat məbləğində müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında tərəflərin gəlir məlumatları araşdırlarkən müəyyən edilmişdir ki, cavabdehin aylıq gəliri 385,3 manatdır. İddiaçının aylıq gəlirləri ilə bağlı rəsmi məlumatın olduğu müəyyən edilməmişdir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları çərçivəsində hazırki işə qiymət verməklə bildirir ki, alimentin məbləği təyin edilərkən uşaqların mənafeyi üstün tutulmalı olduğundan valideynin işləyib-işləməməsi, onun qazancının məbləği uşağın yaşayış minimumundan aşağı təminatı üçün əsas hesab edilə bilməz.Bundan əlavə sonuncu alimentin təyin olunduğu vaxtdan 6 ilədək müddətin keçdiyi, keçən müddətdə yaşayış minimumunun həddində ciddi artımların olduğu nəzərə alınmalıdır. Buna baxmayaraq məhkəmə həmçinin hesab edir ki, alimentin məbləği təyin edilərkən ədalətlilik prinsipi nəzərdən qaçırılmamalıdır. Beləliklə məhkəmə qeyd edilənlərə qiymət verərək hesab edir ki, valideynlərin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olduğuna dair qanunvericiliyin tələbi, tərəflərin maddi vəziyyəti, iddiaçının himayəsində olan uşağın yaşı və minimal maddi ehtiyacları, uşağa sonuncu alimentin təyin edilməsindən sonrakı müddət, qüvvədə olan yaşayış minimumunun məbləği nəzərə alınmaqla iddia tələbi qismən təmin edilməli, 2017-ci il təvəllüdlü Fatehin yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin (vəsaitin) miqdarı artırılmaqla, hər ay 190 manat həddində, sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 30 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 190 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq 16 aprel 2017-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Artırılmış alimentin bu qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat alınaraq respublika büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-188/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-188/2024
18.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver