Məhkəmə qərarları › İş №2(054)-197/2022

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-197/2022

06.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-197/2022 06.04.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlu, İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi üçüncü şəxs qismində işə cəlb edilməklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsini və əlavə edilmiş sənədləri Oğuz Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, müəyyən e t d i m: İddiaçı İsgəndər oğlu məhkəməyə müraciət edərək onun, həqiqətən, X1 iştirakı haqqında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materallarını nəzərdən keçirib hesab edirəm ki, ərizə və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi imzalanmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, hazırki tələb üzrə məhkəməyə xüsusi icraat qaydasında (ərizə ilə) müraciət edilməli olduğu halda, iddia icraatı qaydasında (iddia ərizəsi ilə) müraciət edilmiş, bununla da iddia ərizəsinin (ərizənin) qanunvericilikdə nəzərdə tutulmuş formasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki iddia ərizəsində işdə iştirak edən şəxslərin (o cümlədən, iddiaçının özünün) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fərdi identifikasiya nömrəsi), həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, olduğu halda - iş yerinin ünvanı, işdə iştirak edən şəxslərin telefon nömrələri, o cümlədən, mobil telefon nömrələri, habelə, elektron poçt ünvanları qeyd edilməmişdir. Eyni zamanda, hazırki iddia ərizəsində sübutların siyahısı göstərilməmiş, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ərizədə əksini tapmamış, habelə, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin əsli və ya qanunamüvafiq qaydada təsdiq edilmiş surəti deyil, kserosurətləri iddia ərizəsinə əlavə edilmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki vəziyyətdə iddiaçının döyüşlərdə iştirak etməsi faktının hər hansı orqan tərəfindən mübahisə edilməsi halları müəyyən edilmədiyindən həmin faktın hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi zərurti də yoxdur. Ona görə də iddiaçının hazırki tələbinə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, iddiaçıya hazırki tələbi ilə əlaqədar aidiyyəti üzrə səlahiyyətli inzibati orqana, həmin orqanın qərarından narazı qaldığı təqdirdə, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı İsgəndər oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon Bölməsi üçüncü şəxs qismində işə cəlb edilməklə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar