Məhkəmə qərarları › İş №2(054)-20/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-20/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-20/2023 20.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 6128,66 manat pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 8863,43 manat pulun və 108,64 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia həcminin azaldılması barədə ərizə təqdim etdi və verdiyi izahatla bildirdi ki, ünvan 1 hərbi şəhərçik ev 215, 25 saylı ünvanda yaşayır. Cavabdeh Oğuz rayon Bucaq kənd sakini Cavabdeh ilə iş yoldaşı olmuşdur. Cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 140GTUM152580014 saylı kredit müqaviləsinə əsasən ona gündəlik tələbat məqsədilə 36 ay müddətə, illik 29 faizlə 10102 manat məbləğində kredit verilmiş, kreditin ödənilməsi üçün zamin olaraq həmin tarixdə Z- 140GTUM152580014 saylı zaminlik müqaviləsini imzalamış, kredit öhdəliklərinin yerinə yetirilməsi üçün birgə məsuliyyəti qəbul etmişdir. xx.xx.2017-ci il tarixdə bankla cavabdeh arasında 168RGTK171390001 saylı müqavilə imzalanmış, həmin müqavilə ilə 7870,80 manat kredit məbləğinin illik 20 faiz dərəcəsi olmaqla 48 ay müddətində ödənilməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulmuş, buna müvafiq olaraq o da həmin tarixdə Z- 168RGTK171390001 saylı zaminlik müqaviləsini imzalamışdır. Əsas borclu öhdəliklərini yerinə yetirmədiyindən 2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək zamin olaraq onun təqaüdündən tutulmalar olmuşdur.Təqaüdündən tutulmalar "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bank tərəfindən ona təqdim olunmuş kart hesabına dair əməliyyatlara əsasən zaminlik müqaviləsinə görə təqaüdündən tutulmaların məbləği 8863,43 manat olmuşdur. Həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Məhkəmənin qərarına əsasən "xxxx" ASC-nin Göygöl filialı tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 18 saylı arayışa əsasən onun təqaüd kartından qeyd etdiyi zaminlik müqavilələrinə əsasən 6128,66 manat vəsait tutulmuşdur. Qeyd edilən müqavilələr üzrə borc məbləği tam şəkildə ödənilmişdir. Sözügedən arayışa əsasən iddia həcmini azaldılmasını, cavabdehdən 6128,66 manat vəsaitin və 81,28 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, iddiaçının əmək haqqından tutulan məbləğləri e-manat terminalı vasitəsilə onun kart hesabına göndərmişdir. Həmin vaxtdan xeyli müddət keçdiyindən hazırda ödəniş qəbzlərini təqdim edə bilmir. İddiaçının öz adına olan kart hesabına köçən pul vəsaitləri barədə kart hesabından çıxarışların təqdim edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 23.119.1969-cu il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işdə olan şəxsiyyət vəsiqəsi məlumatlarının elektron çıxarışından görünür ki, Cavabdeh xx.xx.1988-ci il tarixdə Oğuz rayon Bucaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bucaq kəndidir. İşdə olan xx.xx.2015-ci il tarixli, 140GTUM152580014 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 gündəlik tələbat məqsədilə 36 ay müddətinə illik 28,2 (faktiki 29 %) faiz dərəcəsi ilə 10102 manat kredit verilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli, Z-140GTUM152580014 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı və Cavabdeh arasında həmin müqavilə bağlanmaqla zaminin kreditor qarşısında borclunun bu müqavilənin 1.1-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün borcalanla birgə məsuliyyəti müəyyən edilmişdir. İşdə olan ödəniş qrafikinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, 140GTUM152580014 saylı kredit müqaviləsi üzrə 10102 manat əsas, 4989,61 manat faiz, cəmi 15091,61 manat kredit borcunun ödənişinin xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay 419,22 manat, sonuncu ay 418,91 manat olmaqla xx.xx.2018-ci il tarixdə başa çatdırılması nəzərdə tutulmuş, ödəniş qrafiki borcalan tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, Z-168RGTK171390001 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı və Cavabdeh arasında həmin müqavilə bağlanmaqla zaminin kreditor qarşısında borclunun xx.xx.2017-ci il tarixli, 168RGTK171390001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün borcalanla birgə məsuliyyəti müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən sözügedən müqavilə ilə borclu Cavabdeh 48 ay müddətində, illik 20 faiz dərəcəsi ilə 7870,80 manat kredit borcunun ödənilməsi öhdəliyi yaranmışdır. "xxxx" ASC-nin işdə olan, məhkəməyə xx.xx.2023-cü il tarixli, 2023/20300/1170 saylı cavab məktubundan görünür ki, İddiaçı və X1 aid 140GTUM ********* və 168RGTK171390001 nömrəli müqavilələr üzrə kredit tam ödənilmişdir. "xxxx" ASC-nin Göygöl rayon filialının işdə olan xx.xx.2023-cü il tarixli, 18 saylı arayışından görünür ki, bankın Beyləqan filialında xx.xx.2015-ci il tarixli, 140GTUM152580014 (yenilənmiş müqavilə üzrə 140GTK**********) saylı və Oğuz filialında xx.xx.2017-ci il tarixli, 168RGTK171390001 saylı restrukturizasiya müqaviləsinə əsasən İddiaçı Cavabdeh zaminliyi olmuşdur. Qeyd edilən müqavilələr üzrə İddiaçı **********2805844106 saylı təqaüd kartından zaminlik müqavilələrinə əsasən 6128,66 manat vəsait tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən...öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Habelə həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə görə zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə borclu, Oğuz rayon Bucaq kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 140GTUM152580014 saylı kredit müqaviləsinə əsasən ona illik 28,2 % ödəmək şərtilə 48 ay müddətinə 10102 manat məbləğində kredit verilib. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ilə zaminlik müqaviləsi imzalanmışdır. Habelə xx.xx.2017-ci il tarixli, Z-168RGTK171390001 saylı zaminlik müqaviləsinə əsasən "xxxx" ASC ilə İddiaçı və Cavabdeh arasında həmin müqavilə bağlanmaqla zaminin kreditor qarşısında borclunun xx.xx.2017-ci il tarixli, 168RGTK171390001 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün borcalanla birgə məsuliyyəti müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən sözügedən müqavilə (restrukturizasiya) ilə borclu Cavabdeh 48 ay müddətində, illik 20 faiz dərəcəsi ilə 7870,80 manat kredit borcunun ödənilməsi öhdəliyi yaranmışdır. Qeyd edilən müqavilələr üzrə yaranmış borc məbləğindən 6128,66 manat vəsait İddiaçı təqaüdündən tutulmuş, müqavilələr üzrə kredit tam ödənilmişdir. Məhkəmə qeyd edir ki, qanunda və zaminlik müqavilələrində göstərildiyi kimi öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Habelə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir. Beləliklə, iddiaçı zamin olaraq borcalanın kreditor qarşısında öhdəliklərini icra etdikdə borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququna malikdir. Qeyd olunanlara əsasən qanunun və müqavilənin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, indiki halda kredit müqavilələri üzrə borc məbləği tam ödənildiyindən və iddiaçı tərəfindən zamin olaraq borcalanın kreditor qarşısında öhdəlikləri icra edildiyindən borcalana qarşı reqres qaydada tələb irəli sürmək hüququ yaranmışdır, buna görə mülki qanunvericilik normaları və işin faktiki halları nəzərə alınmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən təmin edilmiş məbləğə uyğun olaraq 81,28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 6128,66 manat pul və 81,28 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar