Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-205/2024 19.04.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 19 aprel 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehdən 11000 manat əsas borc, hüquqi yardım üçün 300 manat xidmət haqqı və 124,60 manat dövlət rüsumunun alınıb verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil bildirdi ki, iddiaçı Cavabdeh istəyinə uyğun olaraq onunla xx.xx.2016-cı il tarixdə Şəki rayon 2 saylı notariat kontorunda borc müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdehə 11000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə cavabdeh borcunu xx.xx.2021-ci il tarixədək faizsiz olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh öhdəliyə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Cavabdehdən tələb edilməsinə baxmayaraq onun tərəfindən borcun ödənilməsi ilə bağlı hər hansı tədbir görülməmişdir. Vəkil qeyd edilənlərə əsasən 11000 manat borcun, hüquqi yardım üçün 300 manat xidmət haqqının və ödənilmiş 124,60 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir. İddiaçının anası Lətafətlə onun yaxın münasibətləri olub. Onun evində və mağazasında işləyib. Lətafətdən borc pul istəyən tanıdığı şəxslərlə bağlı Lətafət onun fikrini soruşub, onun zəmanətindən sonra borc verib. Borcalan şəxslər öz borcunu qaytarmadıqda məsuliyyət onun üzərinə düşürdü. O özü cəmi 1000 manat borc alıb, onun da əvəzində torpağını iddiaçının xahişi ilə ona ildə 200 manat olmaqla 5 illik icarəyə verib. İddiaçı girovsuz bütün borcları onun üzərinə yıxıb. Müqavilədə göstərilən puldan ona heç nə çatmayıb. Həmin pul digər şəxslərin iddiaçıya olan borcudur. Müqavilə imzalamaq üçün ona təyziq edilməyib. Ona pul lazım idi, ona görə imzalayıb. Müqavilənin müddəti də bitib. Pul alan şəxslərin adlarını bilir. Notariat kontorunda Arif ona demişdi ki, “müqavilə bağlayaq, qalanını sən və anam bilər”. Lətafət sağlığında özü borcla bağlı onu axtarmayıb. Arif anası ölən kimi iddia qaldırıb.Təqdim edəcək başqa sübutu yoxdur. 300 manat əmək haqqı alır, maddi imkanı yoxdur. İstəyir ki, iş yoluna qoyulsun. Cəmi 1000 manat alıb, onu da qaytarıb. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin vəkilini və cavabdehi dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Şəki rayon 2 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-16 nömrə ilə qeyd edilmiş və işə əlavə olunmuş xx.xx.2016-cı il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borcalan Cavabdeh 5 il müddətinə, yəni müqavilə imzalandığı gündən xx.xx.2021-ci il tarixədək faizsiz 11000 manat məbləğində borc vermiş, borc alan pulu müqavilədə müəyyən edilmiş müddətdə və qaydada birdəfəlik qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs(borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Yenə həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (739-740-cı maddələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixədək olan redaksiyada verilib.) İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatı və təqdim olunmuş sənədlərlə müəyyən edildiyi kimi iddiaçı və cavabdeh arasında 11000 manat borcla bağlı faizsiz borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc alan pulu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş, borc müqaviləsində qeyd edilmiş 11000 manat puldan ona heç nə verilmədiyini, maddi imkanının olmadığını, pulun kimlərə verildiyi barədə məlumatının olduğunu bildirərək ona kömək edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə qarşı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2016-cı il tarixdə notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehə verilmiş 11000 manat borc pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat pulun cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə aşağıdakıları bildirir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 25242 saylı ödəniş qəbzindən görünür ki, Oğuz şəhərində “Kapital Bank” vasitəsilə İddiaçı tərəfindən Vəkil hesabına 300 manat pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun qeyd edilən tələbindən yanaşmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə vəkilə ödənilmiş ağlabatan məbləğ 100 manat müəyyən edilməklə cavabdehdən tutulub iddiaçıya verilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Yenə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən təmin edilmiş məbləğə uyğun 123,30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 11000 (on bir min) manat pul, hüquqi yardım üçün 100 (bir yüz) manat xidmət haqqı və 123,30 (bir yüz iyirmi üç manat otuz qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-205/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-205/2024
19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver