Məhkəmə qərarları › İş №2(054)-208/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-208/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-208/2022 01.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının atırılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından 10.01.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 22.08.2014-cü il tarixdə cavabdehlə rəsmi nikah münasibətlərinə daxil olmuşdur. Birgə nikahda olduqları müddətdə 10.01.2015-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqdan sonra o, cavabdehdən faktiki olaraq ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin 18.06.2016-cı il tarixli 2 (054) - 1301 / 2016 nömrəli qətnaməsinə əsasən pozulmuş, boşanmadan sonra X1 onun yanında qalması müəyyən edilmiş və cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli 2 (054) - 416 / 2019 nömrəli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində, 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli qətnaməsinə əsasən isə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda da o, cavabdehlə birgə nikahından anadan olmuş uşağı ilə birlikdə Oğuz rayonu Muxas kəndində öz valideynlərinin evində yaşayır və heç yerdə işləmir. Uşağın yaşının artması, ərzaq, geyim vəistirahəti ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. Cavabdehin uşağın saxlanması üçün ona verdiyi 175 (bir yüz yetmiş beş) manat aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh isə alimentdən başqa ona heç bir maddi yardım etmir. Ona görə də o, uşağın saxlanması üçün cavabdehdən tutulаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən alınraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh uşağın qayğıları və ehtiyacları ilə maraqlanmır, uşağın saxlanması üçün ona alimentdən başqa maddi yardım etmir. Uşağın müalicəsi, normal həyat şəraiti, həmçinin, ərzaq və geyim əşyalarının qiymətlərinin bahalaşması ilə əlaqədar zəruri olan xərclərlə bağlı maddi ehtiyacları da artmışdır. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasında xadimə işləyir, lakin aldığı cüzi əmək haqqı uşağın layiqli həyat səviyyəsinin təmini üçün kifayət etmir. Cavabdeh indiyədək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimenti ona ödəmişdir. Lakin cavabdehin uşağın saxlanması üçün ona verdiyi aliment pulu hazırki şəraitdə uşağın maddi ehtiyaclarını ödəmir və o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdeh alimentin miqdarının artırılması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında da iştirak etməmişdir, bundan sonra o, məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş 04.02.2015-ci il tarixli AZ-İİİ 461139 nömrəli doğum haqqında şəhadətnamənin, Oğuz Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli qətnaməsinin surətləri və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 18.03.2022-ci il tarixli arayış ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 22.08.2014-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahından 10.01.2015-ci il tarixdə X2 adlı bir uşaqları anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah 18.06.2016-cı il tarixli 2 (054) - 1301 / 2016 nömrəli məhkəmə qətnaməsi əsasında pozulmuş və uşağın boşanmadan sonra iddiaçının yanında qalması müəyyən edilmişdir. Eyni zamanda, həmin məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin 04.09.2019-cu il tarixli 2 (054) - 416 / 2019 nömrəli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində, 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli qətnaməsinə əsasən isə hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Tərəflərin birgə nikahından anadan olmuş uşaq hazırda da iddiaçının yanında yaşayır. Cavabdeh alimentin artırılmasına dair mübahisə ilə bağlı mediasiya prosesində iştirak etməmişdir. İddiaçı hazırda uşağı ilə birlikdə valideynlərinin evində yaşadığını və heç yerdə işləmədiyini, cavabdehin uşağın saxlanması üçün hazırki vəziyyətdə ona verdiyi 175 (bir yüz yetmiş beş) manat aliment pulunun uşağın maddi ehtiyaclarını ödəmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən tutularaq ona ödənilməli olаn alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsini və məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəməyə gəlmədiyinə görə iddia tələbinə münasibətini aydınlaşdırmaq mümkün olmamışdır. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi məlum deyildir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına şatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. Oğuz Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Buna baxmayaraq həmin vaxtdan sonra keçən müddət ərzində uşağın yaşının artması ilə əlaqədar maddi ehtiyacları da artmış, eyni zamanda, uşaqlar üçün Respublikada müəyyən edilmiş yaşayış minimumu da dəyişmişdir. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maddi vəziyyətində dəyişiklik olmuşdur. Oğuz Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli qətnaməsinin məzmunundan görünür ki, məhkəmə uşağın saxlanması üçün alimentin miqdarını işə baxılan vaxtda, yəni 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yuxarı həddində təyin etmişdir. Cavabdeh də indiyədək iddiaçıya hər ay 175 (bir yüz yetmiş beş) manat miqdarında alimenti ödəmişdir. Hazırda isə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat miqdarında müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, uşağın saxlanması üçün cavabdehin iddiaçıya ödədiyi 175 (bir yüz yetmiş beş) manat aliment hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə azdır. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etməkdən ötrü cavabdehin həmin uşağın saxlanması üçün iddiaçıya ödədiyi alimentin miqdarı da artırılmalıdır. Tərəflərin birgə nikahından anadan olmuş uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. İş materiallarından görünür ki, hazırda cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə işdə iştirak edən şəxslər tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından anadan olmuş azyaşlı uşağın mənafeyini, onun saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarının müəyyən olunduğu vaxtdan 1 ildən artıq müddət keçdiyini, 2021-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat təşkil etdiyi halda, uşağın saxlanması üçün məhkəmə tərəfindən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment müəyyən edildiyini, 2022-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 193 (bir yüz doxsan üç) manat miqdarında olduğunu, işin digər faktiki hallarına isə 07.05.2021-ci il tarixli 2 (054) - 166 / 2021 nömrəli məhkəmə qətnaməsi ilə qiymət verildiyini nəzərə almaqla azyaşlı uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün alimentin hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin artırılmış miqdarı üzrə bir il ərzində ödəmənin məcmusu nəzərə alınmaqla cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanuni, əsaslı və ədalətli hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahından 10.01.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində tutularaq İddiaçı ödənilən alimentin miqdarı artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin. Tərəflərin birgə nikahından 10.01.2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində ödədiyi 50 (əlli) manat məbləğ Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar