Məhkəmə qərarları › İş №2(054)-21/2021

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-21/2021

15.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-21/2021 15.02.2021 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı 25.000 manat pul və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə uşaqları olmadığından uzun müddət müalicə olunmuşdur. Müalicələrin nəticəsi olmadığından süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək qərarına gəlmişlər. Ona görə də onlar “X13” Sonsuzluq Mərkəzinə müraciət etmiş, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair hər ikisi ayrı-ayrılıqda razılıq ərizələri yazmışlar. Göstərilən xidmətlər üçün xx.xx.2020-ci il tarixdə 3200 manat pul ödəməyə razılıq vermiş və həmin məbləği o özü ödəmişdir. Bundan sonra onlar hər ikisi Sonsuzluq Mərkəzinə getməli olduğu halda, cavabdeh həmin mərkəzə getməmiş, beləliklə, süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) dair əməliyyat da aparılmamışdır. Çünki, bundan ötrü cavabdehin də getməsi zəruri olmuşdur. Ancaq “X13” Sonsuzluq Mərkəzi onun ödədiyi 3200 manat pulu qaytarmamış və səbəb olaraq bildirilmişdir ki, onlar Sonsuzluq Mərkəzi ilə razılığa gələrək pulu ödəmişlər və bu barədə razılıq ərizələri vardır. Süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) qərar verənədək, yəni 2017-ci ildən 2020-ci ilin yanvar ayınadək o, özünün və cavabdehin müayinə və müalicələrinə, cavabdehin əməliyyat olunmasına hissə-hissə olmaqla, cəmi 25.000 manat pul xərcləmiş, o cümlədən, süni mayalanma üçün “X13” Sonsuzluq Mərkəzinə 3200 manat pul ödəmişdir. Bütün xərcləri o özü və anası borc alaraq ödəmiş, bunun üçün bankdan kredit götürmüşlər. Cavabdeh həmin xərclərdən heç bir məbləğ ödəməmişdir. O özü isə bütün xərcləri ona görə çəkmişdir ki, övlad sahibi olsun və ailəsi dağılmasın. Müalicənin son nəticə verməməsinə səbəb isə cavabdehin onun süni mayalanma yolu ilə uşaq dünyaya gətirməsinə razı olmaması olmuşdur. Halbuki, cavabdeh buna razı olmadığını əvvəlcədən bildirsəydi, o, həm maddi, həm də fiziki cəhətdən əziyyət çəkib dəfələrlə müayinə və müalicələrə getməyə vaxt və vəsait sərf etməzdi. Eləcə də, qəbul etdiyi dərmanların bəziləri onun səhhətinə pis təsir etmişdir. Ona görə də o, cavabdehi təqsirkar bilir və hesab edir ki, cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, həm də nəticəsiz müayinə və müalicələrə getməsinə səbəb olmuşdur, bununla da ona, hətta mənəvi zərər də vurmuşdur. Ona görə də o, cəmi 25.000 manat miqdarında maddi ziyan məbləğini cavabdehdən tələb edir və bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdehlə təbii yolla uşaq sahibi ola bilməmələrinə hər ikisində olan problemlər səbəb olmuşdur. Aparılan müayinə və müalicələr səmərə vermədiyinə görə onunla cavabdeh süni mayalanma ilə uşaq sahibi olmaq qərarına gəlmişlər. 2020-ci ilin yanvar ayında hər ikisi Sonsuzluq Mərkəzinə müraciət edərək bütün prosedurlardan keçmişlər. 2020-ci ilin mart ayında transfer əməliyyatı həyata keçirilməli olmuş, müsbət nəticə əldə ediləcəyinə də hər hansı şübhə qalmamışdır. Ancaq onlar 2020-ci ilin fevral ayında faktiki olaraq ayrılmışlar və bir müddət sonra cavabdeh ona qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Müayinə və müalicələr dövründə onun qəbul etdiyi dərman preparatlarının əksəriyyəti yüksək maddi dəyərli olmaqla, bu xərcləri o özü, anası və bacısı ödəmiş, bunun üçün ayrıayrı şəxslərdən borc pullar almışlar. Borc aldıqları şəxslərin bu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri də məhkəməyə təqdim edilmişdir. Doğrudur, müayinə və müalicələr dövründə cavabdehin də 400 manat, 500 manat, 700 manat məbləğlərdə aylıq gəlirləri olmuş və həmin pullarla xərclərin bir hissəsini ödəyərək hər ikisi müalicə olunmuşlar. “X13” Sonsuzluq Mərkəzinə ödənilmiş 3200 manat pulun da 1000 manatdan ibarət hissəsini cavabdeh ödəsə də, müayinə və müalicə xərclərinin çox hissəsini o özü və ailə üzvləri ödəmişlər. “X13” Sonsuzluq Mərkəzi ilə onlar arasında olan razılaşmanın şərtləri cavabdeh tərəfindən pozulmuş, nəticədə müayinə və müalicələr faydasız qalmaqla ona 25.000 manat miqdarında maddi ziyan dəymişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləği cavabdehdən tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X8 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə ailə qurduqları vaxtdan sonra birgə yaşadıqları müddətdə uşaqları olmadığından iddiaçı uzun müddət müalicə olunmuş, lakin müalicələrin müsbət nəticəsi olmamışdır. O özü də müayinə və müalicələr almış, həmçinin, əməliyyat olunmuşdur. Müayinə və müalicələrin xərclərini o və iddiaçı hər ikisi birlikdə ödəmişlər. Həmin xərclər ailənin ümumi büdcəsindən ödənilmişdir. İddiaçının anası və ya digər ailə üzvləri xərclərin ödənilməsində müəyyən qədər köməklik etmiş ola bilərlər, ancaq o özü müayinə və müalicə xərclərinin ödənilməsində iddiaçı ilə birgə iştirak etməklə yanaşı, yaşadıqları evin kirayə haqqını, kommunal xərclərini və ailənin digər maddi ehtiyaclarını da tam şəkildə ödəmişdir. O və iddiaçı süni mayalanma yolu ilə uşaq dünyaya gətirmək qərarına gələrək bu barədə razılıq ərizələri versələr də, sonradan ailə münasibətləri pozulduğundan o, fikrindən daşınmışdır. Süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün xx.xx.2020-ci il tarixdə “X13” Sonsuzluq Mərkəzinə ödənilmiş 3200 manat vəsait onunla iddiaçı tərəfindən ümumi birgə vəsait hesabına ödənilmişdir. X7 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı həmin mərkəzdə onlara yazılı şəkildə izah edilmişdir. İddiaçı ilə ailə münasibətləri pozulduğuna görə onlar 2020-ci ilin fevral ayında faktiki olaraq ayrılmışlar və bir müddət sonra o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Onun tərəfindən iddiaçıya hər hansı miqdarda maddi zərər vurulmamışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mülki işin araşdırılması ilə əlaqədar iddiaçı və cavabdehin 2017-ci ildən indiyədək olan müddət ərzində “X13” Sonsuzluq Mərkəzinə müraciət etmələrinə əsasən həmin şəxslərin müayinə və müalicələri, çəkilən xərclər barədə toplanmış sənədlərin surətlərinin məhkəməyə göndərilməsi, eyni zamanda, “X13” Sonsuzluq Mərkəzində aparılan müayinə və müalicələrin həmin şəxslərdən hansının səhhətində olan problemlərlə əlaqədar olması, müalicənin başa çatmaması və müsbət nəticə verməməsinin hansı tərəfin hərəkət və ya hərəkətsizliyi səbəbindən baş verməsi ilə bağlı “X13” Sonsuzluq Mərkəzinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı və X8 adlı şəxslər xx.xx.2020-ci il tarixdə “X13” Sonsuzluq Mərkəzinə müraciət etmişlər. Müvafiq müayinələrdən sonra cütlüyə “İ sonsuzluq, kişi faktoru” diaqnozu qoyulmuşdur. Pasiyentə dondurulmuş embrion transferi planlaşdırılmış, X8 tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün embrion transferi edilməmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı, xx.xx.2020-ci il tarixdə isə X1 Mərkəzinə müraciət edərək öz imzaları ilə transfer olunmamasını təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli razılıq ərizələrinin surətlərindən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün “X13” Sonsuzluq Mərkəzinə müraciət etmiş, xidmətlərin göstərilməsi üçün 3200 manat vəsait ödəmişlər. Həmin ərizələrdə göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) maddi və mənəvi məsuliyyətini tərəflərin öz üzərinə götürdükləri, göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı yazılı şəkildə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinin arasında bağlanmış nikah həmin məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı tərəfindən 28 ədəd fərqli qovluqda (cəmi 9212,17 manat) məhkəməyə təqdim edilmiş, müxtəlif tibb müəssisələri tərəfindən verilmiş laborator analizlərin nəticələrinə dair müayinə aktlarında və digər sənədlərdə 2018-2020-ci illərə aid müayinə və müalicələrin təyinatı, diaqnozlar, həkim tərəfindən təyin edilən dərman preparatları, reseptlər və onlara sərf edilən vəsaitin miqdarı barədə qeydlər edilmişdir. Həmin sənədlərin qovluqlarda qruplaşdırılmasından görünür ki, qovluqların 22 ədədində olan sənədlər (cəmi 6952,19 manat) iddiaçının müayinə və müalicələrinə, 6 ədədində olan sənədlər isə (cəmi 2259,98 manat) cavabdehin müayinə və müalicələrinə aid sənədlərdir. Cavabdehin müayinə və müalicələrinə aid sənədlərdə qeyd edilən cəmi 2259,98 manat məbləğin yalnız 170,00 manatdan ibarət hissəsi rəsmi ödəniş qəbzi ilə təsdiq edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədə X4 adlı şəxsin iddiaçıya xx.xx.2017-ci il tarixdə onların toyundan qalmış borcu ödəmək məqsədi ilə 2000 manat, xx.xx.2018-ci il tarixdə isə cavabdehin səhhətində yaranmış problem ilə əlaqədar əməliyyat olunması üçün 3000 manat məbləğində borc pul verdiyi qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, xx.xx.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizədə X9 adlı şəxsin iddiaçıya xx.xx.2019-cu il tarixdə süni mayalanma əməliyyatı üçün 4000 manat məbləğində borc pul verdiyi qeyd edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə aid ödəniş cədvəli və digər sənədlərin surətlərindən iddiaçının həmin tarixdə adı çəkilən bankdan 4940 manat kredit aldığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahından uşaqları olmamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2020-ci il tarixdə süni mayalanma və embrionun implantasiyası (köçürülməsi) üçün “X13” Sonsuzluq Mərkəzinə müraciət etmiş və xidmətlərin göstərilməsi üçün 3200 manat vəsait ödənilmişdir. X2 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş 3200 manat məbləğin geri qaytarılmayacağı həmin mərkəzdə onlara yazılı şəkildə izah edilmişdir. İddiaçıya dondurulmuş embrion transferi planlaşdırılmış, cavabdeh tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün embrion transferi edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı, xx.xx.2020-ci il tarixdə isə cavabdeh Sonsuzluq Mərkəzinə müraciət edərək öz imzaları ilə transfer olunmamasını təsdiq etmişlər. Hazırda iddiaçı cavabdeh tərəfindən transfer proseduru qəbul edilmədiyi üçün süni mayalanmanın baş tutmadığını, müayinə və müalicələrin səmərəsiz qaldığını, cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini bildirərək cavabdehdən müayinə və müalicələrə sərf edilmiş vəsait kimi 25.000 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31 manat - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat məbləğ tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi müayinə və müalicələrə müxtəlif tibb müəssisələri tərəfindən verilmiş laborator analizlərin nəticələrinə dair müayinə aktlarına, reseptlərə, dərman preparatları və onlara sərf edilən vəsaitin miqdarı barədə digər sənədlərə istinad edir. Cavabdeh isə iddia tələbini qəbul etmir, müayinə və müalicələrin xərclərini o və iddiaçı hər ikisi birlikdə, ailənin ümumi büdcəsindən ödədiklərini, iddiaçı ilə ailə münasibətləri pozulduğuna görə faktiki olaraq ayrıldıqlarını və aralarında bağlanmış nikahın pozulduğunu bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdehin müayinə və müalicələri üçün sərf edilmiş vəsait onların birgə nikahı dövründə ödənilmişdir. Həmin vəsaitin miqdarından asılı olmayaraq, ödənişlərin edilməsində iddiaçı ilə yanaşı cavabdehin də iştirak etdiyini hazırda iddiaçı da inkar etmir. X2 ərizə ilə müraciət edərkən göstərilən xidmətlərin ödənişli olduğu və həkim səhvi istisna olmaqla, nəticələrindən asılı olmayaraq, ödənilmiş məbləğin sonradan geri qaytarılmayacağı da tərəflər yazılı şəkildə izah edilmiş və onlar həmin şərtləri qəbul edərək razılıq ərizələri yazmışlar. Tərəflər arasında bağlanmış nikah pozulduqdan sonra əvvəlcə iddiaçı, sonra isə cavabdeh Sonsuzluq Mərkəzinə müraciət edərək transfer olunmasından imtina etmişlər. Məhkəmə iddiaçının dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin transfer olunmasından imtina etməsi onun tərəfindən iddiaçıya maddi ziyan vurulduğunu deməyə əsas vermir. İddiaçı müayinə və müalicə xərclərinin bilavasitə onun özü və ailə üzvləri tərəfindən ödənildiyini, məhz cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini bildirsə də, bu faktı təsdiq etmək üçün iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə aid sənədlərin olması hələ özü-özlüyündə kredit məbləği kimi ayrılmış vəsaitin cavabdehin müalicəsinə xərclənmiş olmasını deməyə əsas vermir. Eyni zamanda, həmin vəsait kredit təşkilatından tərəflərin artıq faktiki olaraq ayrıldıqları vaxtdan sonra alınmışdır. Həmin əsaslarla məhkəmə, həm də, X4 və X9 adlı şəxslər tərəfindən notariat qaydasında təsdiq edilməklə məhkəməyə göndərilmiş ərizələrin məzmununa da tənqidi yanaşır və qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslər tərəfindən iddiaçıya borc olaraq verildiyi qeyd edilən məbləğlərin cavabdehin müalicəsinə xərclənmiş olması faktı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq iddiaçının dəlillərini əsassız, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması faktını isə sübuta yetirilməmiş hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulması faktı sübuta yetirilmədiyindən iddia tələbinin maddi zərərə görə cavabdehdən 25.000 (iyirmi beş min) manat pul tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə hesab edir ki, iddia tələblərinin təmin edilməməsi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdeh X5 qarşı 25.000 manat pul və 31 manat dövlət rüsumu - cəmi 25.031 (iyirmi beş min otuz bir) manat pul tələbi barədə iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar