Məhkəmə qərarları › İş №2(054)-213/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-213/2022

28.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-213/2022 28.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən 850 manat borc məbləği və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, Oğuz rayonu Calud kəndində yaşayır və şəxsi təsərrüfatında saxladığı iribuynuzlu heyvanları sataraq qazanc əldə edir. 2021-ci ilin sentyabr ayında tanışı - hazırki iş üzrə cavabdeh toy məclisində kəsib istifadə etmək üçün ondan bir baş iribuynuzlu heyvan almış, aldığı heyvanın pulunu toy məclisindən sonra verəcəyini demişdir. O, təsərrüfatında saxladığı bir baş iribuynuzlu heyvanı kəsərək cavabdehə vermiş, bununla bağlı cavabdehin ona 1650 manat borcu yaranmışdır. Sonradan cavadeh ona 600 manat və 200 manat olmaqla - cəmi 800 manat pul vermiş, qalan 850 manat pulu ödəməkdən isə müxtəlif bəhanələrlə yayınmışdır. O, həmin məsələ ilə bağlı Oğuz rayon Polis Şöbəsinə də rəsmi müraciət etmiş, cavabdeh Polis Şöbəsində verdiyi izahatında ona 850 manat borcu qaldığını etiraf etmişdir. Cavabdeh həmin məbləği indiyədək də ödəməmişdir. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək edərək bildirmişdir ki, hazırda cavabdehlə aralarında olan razılaşmaya əsasən ondan cəmi 550 manat borc məbləği və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat məbləğin ödənilməsini tələb edir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək 550 manat borc məbləği və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat - cəmi 680 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh hazırki iddia tələbinə etirazı olmadığını bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçıdan aldığı bir baş iribuynuzlu heyvana görə ona ödəməli olduğu məbləği maddi imkansızlıq üzündən indiyədək tam şəkildə ödəyə bilməmişdir. Hazırda iddiaçı ilə aralarında olan razılaşmaya əsasən ona 550 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. O, iddiaçının hüquqi yardıma görə vəkilə ödədiyi 130 manat məbləği də ödəməyə etiraz etmir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, iddiaçının müraciəti əsasında toplanmış HK-1/527 material üzrəOğuz rayon X2 Qrupunun təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı, həmin materialın araşdırması zamanı cavabdehin verdiyi izahatın surəti, xx.xx.2022-ci il tarixli ödəniş qəbzi, iddiaçıya məxsus məcburi köçkün vəsiqəsinin surəti ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, 2021-ci ildə tərəflər arasında cavabdehin iddiaçıdan bir baş iribuynuzlu heyvanı dəyərini sonradan ödəmək şərti ilə alması barədə şifahi razılaşma olmuş və iddiaçı həmin heyvanı kəsərək cavabdehə vermişdir. İddiaçıdan aldığı heyvana görə cavabdehin ona 1650 manat borcu yaranmışdır. Cavabdeh həmin məbləğdən indiyədək iddiaçıya 800 manat ödəmişdir. Cavabdeh qalan məbləği ödəmədiyinə görə iddiaçı Polis Şöbəsinə müraciət etmişdir. İddiaçının Polis Şöbəsinə müraciətinin mülki xarakterli olması əsası ilə həmin müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda, ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı pulun qalan hissəsini tələb etmək məqsədi ilə məhkəməyə müraciət etmiş, bununla əlaqədar hüquqi yardıma görə vəkilə 130 manat pul ödəmişdir. Hazırda iddiaçı cavabdehdən 550 manat borc məbləği və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat məbləğin ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi cavabdehlə aralarında olan şifahi danışıq və razılaşmalara, həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara və həmin materialın araşdırması zamanı cavabdehin verdiyi izahatın məzmununa istinad edir. Cavabdeh hazırki iddia tələbinə etiraz etmir, 550 manat borc məbləği və hüquqi yardıma görə vəkilə ödənilmiş 130 manat məbləği iddiaçıya ödəyəcəyini bildirir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında əmlak alınıb-verilməsi və onun dəyərinin ödənilməsi ilə bağlı hr hansı yazılı müqavilə mövcud olmasa da, şifahi danışıq və razılaşma olmuş və bu razılaşma əsasında tərəflərin hər biri üzərinə müəyyən öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqısı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Cavabdehin iddiaçıdan bir baş iribuynuzlu heyvan alması və onun dəyəri kimi iddiaçıya ödənilməli olan məbləğdən 550 manat pulu indiyədək ödəməməsi faktı işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə sübuta yetirilmiş və cavabdeh özü də həmin faktı etiraf etmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 550 manat borc məbləğinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin təmin olunması və iddiaçının məcburi köçkün kimi məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunduğu nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçının xeyrinə qətnamə çıxarıldığı və hazırki iddia tələbi üzrə hüquqi yardıma görə ödənilən xidmət haqqı məbləğinin ağlabatan olduğu nəzərə alınmaqla iddia tələbinin hüquqi yardıma görə vəkilə ödənilmiş 130 (bir yüz otuz) manat məbləğin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı hazırki iddia tələbi təmin edilsin. Cavabdeh borc məbləği olaraq 550 manat və hüquqi yardıma görə ödənilmiş 130 manat - cəmi 680 (altı yüz səksən) manat tutularaq İddiaçı ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar